525.Az

"Azərbaycan İranla əməkdaşlıqdan çəkinmir"


 

"BAKI ŞİMAL-CƏNUB NƏQLİYYAT DƏHLİZİNİN QISA MÜDDƏTDƏ İŞƏ DÜŞMƏSİNİ İSTƏYİR"

"Azərbaycan İranla əməkdaşlıqdan çəkinmir"<b style="color:red"></b>

"Azərbaycan İranla əməkdaşlıqdan çəkinmir. Bu, özünü iki ölkə arasında artan ticarət mübadiləsində və birgə müəssisələrin yaranmasında göstərir. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin də qısa müddətdə işə düşməsini istəyir. Təsadüfi deyil ki, Azərbaycan, Rusiya və İran prezidentləri avqustun sonunda Soçidə görüşərək əməkdaşlığın inkişafı yollarını müzakirə edəcəklər". Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Tehranda iranlı həmkarları, parlament üzvləri ilə keçirdiyi görüşlərlə bağlı təəssüratlarını bölüşərkən qeyd edib. İran parlamentində iki deputatla görüşdüyünü deyən E.Şahinoğlu bildirib ki, onlardan biri İran-Azərbaycan dostluq qrupunun sədr müavini Bəhruz Neməti idi: "Əslən azərbaycanlı olan Bəhruz Neməti Tehrandan deputatdır. O, parlament sədrinin yanında 6 nəfərlik rəyasət heyətinin üzvüdür. Bəhruz Neməti İranla Azərbaycan arasındakı əməkdaşlıqdan məmnun qaldığını söyləyib, İranda 35 kilometr dəmiryolunun inşaatı tamamlandıqdan sonra şimal-cənub nəqliyyat dəhlizinin işə düşəcəyini bildirib. Bəhruz Neməti tez-tez Bakıya gəldiyini və Azərbaycanda xeyli dostu olduğunu deyib. Mən də öz növbəmdə İran-Azərbaycan münasibətlərinin son 5 ildə böyük məsafə qət etdiyini, iqtisadi əməkdaşlığın artdığını, ayrıca prezidentlərin və rəsmilərin də çoxsaylı qarşılıqlı səfərlərini xatırlatdım".

Politoloq Tehranda bir çox görüşlərdə ona Azərbaycanın xarici siyasəti haqqında sualların ünvanlandığını deyib: "Açıq şəkildə bildirirdim ki, Ermənistanın xaricində qonşularımızla münasibətlərdə problemimiz yoxdur. Eyni zamanda, Amerika və İsraillə əməkdaşlıq etdiyimizi gizlətmirdim. İranlılara bu əməkdaşlığın Azərbaycanın təhlükəsizliyinə xidmət etdiyini anlatmağa çalışırdım. Sözlərimə onu da əlavə edirdim ki, Azərbaycan-İran münasibətləri Amerika əleyhinə olmadığı kimi, Azərbaycan-ABŞ və ya Azərbaycan-İsrail münasibətləri də İrana qarşı deyil. Tehranda məni dinləyənlərin bəziləri bu fikrimi sükutla qarşılasalar da, digərləri etirazlarını da səsləndirməkdən çəkinmirdilər. Bunlardan biri də Bəhruz Neməti oldu və Amerika mövzusunu bu şəkildə izah etdi: "Ailədə qardaşlardan biri düşmənlə dostluq edərsə, bu, o biri qardaşın narahatlığına səbəb olar". Bu iradı cavabsız buraxmadım: "Bəs narazı qalan qardaşın özü də o biri qardaşın düşməni ilə dostluq edərsə, onda necə olsun?" İranlı deputat nəyə işarə etdiyimi anında anladı və belə bir cavab verdi: "Biz Ermənistanla dostluq etmirik, həmsərhəd dövlətdir, əlaqələr də bununla bağlıdır, bu qədər".

Mərkəz sədri bildirib ki, Ermənistan mövzusu Azərbaycanı narahat edən bir başqa mövzuya keçid üçün imkan yaradıb. E.Şahinoğlu iranlı həmsöhbətləri ilə görüşdə Azərbaycan cəmiyyətinin işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı Tehrandakı zallardan birində ermənilərin "Qarabağ Ermənistanındır" pankartı açmasına imkan verilməsindən narazı qaldığını çatdırıb: "Əlbəttə, bu, ermənilərin təxribatı idi. Ancaq ümumiyyətlə, Paşinyanı Tehrana dəvət etməmək olardımı?"

Politoloqun sözlərinə görə, parlamentdəki iclasa tələsən Bəhruz Neməti görüşü yekunlaşdıraraq ayaqüstü qeyd edib: "Netanyahu Bakıya neçə dəfə gəlib?"

"Yəni deputat bunu demək istəyib ki, siz də bizim düşmənimizi Bakıya dəvət edirsiniz", - deyə E.Şahinoğlu bildirib. İranda İsraili düşmən dövlət kimi qəbul edənlərin fikirləri ilə tanış olduğunu deyən politoloq qeyd edib ki, əsas da Fələstinə görə belə hesab edirlər: "Ancaq mən yenə də hər yerdə eyni fikri təkrarladım: "Azərbaycanın Amerika və İsraillə əlaqələri İrana qarşı yönəlməyib". İranlı bir diplomata onu da xatırlatdım ki, dəstək verdiyiniz Fələstinin lideri Mahmud Abbas belə zaman-zaman İsraillə dialoq aparır".

Bundan başqa, Tehranda İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayinlə görüşdüyün deyən E.Şahinoğlu hazırda onun ekspert kimi çalışdığını bildirib. Onun sözlərinə görə, M.Pakayin İranla Azərbaycan arasında münasibətlərin indiki səviyyəsini yüksək qiymətləndirsə də, fərqli xarici siyasətlərin olduğunu da inkar etməyib: "Həmişəki kimi ABŞ və İsrailin adı çəkildi. Bu suala verdiyim hər zamankı qarşılıqlı sual da eyni idi: "Bəs İran Ermənistanla niyə əməkdaşlıq edir?" Möhsün Pakayinin cavabı belə oldu: "Ermənistan İrana qonşu ölkədir. Biz Ermənistanla əməkdaşlıq etmək məcburiyyətindəyik. Keçmiş illərin birində Misirdə səfərdə olanda bu ölkənin nədən İsraillə diplomatik əlaqələrinin olduğunu soruşdum. Cavabları bu oldu ki, İsrailin Misirlə sərhəddi var, deməli, münasibətlər olmalıdır. Eyni ilə biz də Ermənistanla qonşu olmağımız səbəbindən bu ölkə ilə əlaqə saxlayırıq. Biz Ermənistanla sərhəddi bağlasaq, bu ölkə Amerikanın müttəfiqinə çevriləcək. Biz bunu istəmirik".

"Möhsün Pakayinə Ermənistanla sərhəddini qapadan Türkiyə örnəyini xatırlatdıqda, o, sərhəddin qapalı olmasına baxmayaraq, Türkiyə ilə Ermənistan arasında ticarət mübadiləsinin İranla Ermənistan arasındakı ticarət mübadiləsini dəfələrlə üstələdiyini iddia etdi", - deyə politoloq qeyd edib.

Ümumiyyətlə, Tehrandakı görüşlərdə və fikir mübadilələrində Türkiyə mövzusunun bir neçə dəfə dilə gətirildiyini deyən mərkəz sədri iranlı həmsöhbətlərinə Azərbaycan torpaqlarının işğalına görə Türkiyənin qətiyyətli mövqeyini xatırlatdıqda onların Türkiyənin Ermənistanla qeyri-rəsmi əlaqələrinin mövcud olduğunu iddia etdiklərini bildirib: "Tehranda Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə dair sualların çoxluğu ilə üzləşdim. Mən bu müttəfiqliyin vacibliyini nə qədər arqumentləşdirməyə çalışsam da, hər dəfəsində tərəf müqabillərimin arqumentlərimi qəbul etmədiklərini müşahidə edirdim. Bu baxışlarda anlaşmazlıq ondan yaranır ki, bir tərəf üçün təhlükəsizlik siyasətində dini və məzhəb amili ön plandadırsa, digər tərəf öz siyasətində dini və məzhəb amilinə deyil, milli və təhlükəsilzik amilinə üstünlük verir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi qaçılmaz reallıqdır, bunu inkar etməyin, şübhə altına almağın faydası yoxdur. Əslində, Türkiyə-Azərbaycan-İran üçtərəfli əməkdaşlıq formatı və bu format çərçivəsində liderlərin görüşləri, birgə layihələr haqqında danışmaq daha faydalıdır".

"M.Pakayin Tehranın Azərbaycanı Ermənistandan üstün tutduğunu rəqəmlərə izah edərək deyib ki, İran prezidenti il ərzində Azərbaycan prezidenti ilə daha çox görüşür: "Bizim üçün Azərbaycan dəyərlidir. İran Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkəyir, bütün sənədlərdə Azərbaycanın xeyrinə səs vermişik", - deyə politoloq diqqətə çatdırıb.

C.ABASOV

 

 





03.07.2019    çap et  çap et