525.Az

"The Jerusalem post" erməni antisemitizmindən yazdı


 

"İSRAİLİN AZƏRBAYCANLA SIX MÜNASİBƏTLƏRİ TƏSADÜFİ DEYİL. AZƏRBAYCANIN ANTİSEMİTİZM TARİXİ YOXDUR" - DEYƏ, MƏQALƏNİN GİRİŞİNDƏ VURĞULANIR

"The Jerusalem post" erməni antisemitizmindən yazdı<b style="color:red"></b>

İsrailin ən nüfuzlu gündəlik nəşrlərindən olan "Yerusəlim post" (“The Jerusalem post") qəzetində Cessi Boqner (Jesse Bogner) adlı müəllifin iyunun 25-də getmiş "Ermənistanın yəhudi problemi" başlıqlı yazısında olduqca diqqətəlayiq məqamlar var. Məqalənin əvvəlində 21-ci əsrdə antisemitizm təzahürlərinin baş qaldırmasından narahatlıq izhar edən müəllif qeyd edir ki, "...əlbəttə, ilk növbədə ultrasağçı, ultrasolçu və islam ekstremizmi cərəyanları tərəfindən gücləndirilən antisemitizm daha çox diqqət çəkir, amma çoxları yəhudilərə qarşı ənənəvi nifrət mənbələrindən birini - xristianların antisemitizmini nəzərdən qaçırır".

Bu xüsusda məqalədə bizə olduqca tanış olan erməni həyasızlığının nümunəsi olan bir fakta da toxunulur. Sən demə, elə bu ay, iyunda erməni gəncləri həmin Yerusəlimdə yəhudilərə qarşı nümayiş (?!) keçiriblər.

"Bir qədər əvvəl, iyunda, "Şavuot" bayramı (iudaizmin əsas tarixlərindən biri - yəhudilərə Sinay dağında Tovratın verildiyi gün ilə bağlıdır - Z.M.) ərəfəsində erməni kilsəsinin 60 seminaristinin Yerusəlimdə antisemit aksiyası keçirərməsi Ermənistanda antisemitizmin çiçəklənməsinin əyani sübutudur. Bu baxımdan, həmin insident müxtəlif alyanslar və qlobal əməkdaşlıqlar qurmaq istəyən yəhudi liderləri və İsrail hökuməti üçün xəbərdarlıq olmalıdır " - deyə qəzet yazır.

Yazıda bildirilir ki, son illərin tədqiqatlarına görə, Ermənistan cəmiyyəti  "sistemli antisemitizm" nümayiş etdirməkdədir:

"2018-ci ildə PEW Mərkəzi tərəfindən aparılan tədqiqatlar göstərib ki, ermənilərin 32 faizi yəhudiləri öz həmvətəndaşları kimi qəbul etmir. Bundan başqa, "Global 100" Antidiffamasiya Liqasının növbəti araşdırmasına görə, ermənilərin əksəriyyəti müxtəlif antisemit stereotiplərini "ehtimal ki, düzgün" hesab edir.

Məqalədə İsrail Dövlətinin Ermənistanın müstəqilliyinin ilk çağlarından onunla diplomatik əlaqələr qurmasına baxmayaraq, bu iki ölkə arasında münasibətlərin, xüsusilə Azərbaycan ilə müqayisədə, çox geridə qaldığı vurğulanır.

"İsrailin Azərbaycan ilə münasibətlərinin möhkəmliyi təsadüfi deyil. Azərbaycanda antisemitizm tarixi yoxdur. Elə hazırkı dövrdə də antisemitizm onun üçün xarakterik deyil. Bu ölkədə çiçəklənən yəhudi cəmiyyəti mövcuddur, eləcə də Azərbaycandan gəlmişlərin İsraildə kifayət qədər çoxsaylı immiqrant cəmiyyətləri var" - deyə məqalədə bildirilir.

Müəllif "Necə olub ki, müsəlman ölkəsi olan Azərbaycan dünyada yeganə yəhudi dövləti olan İsrail ilə isti münasibətlər qurub, amma Ermənistan kimi xristian dövləti antisemitizmdən əziyyət çəkərək,  İsraillə əlaqələrini nizama sala bilmir?" sualı qoyur və ona çox sərrast cavab verir:

"İlk növbədə, Azərbaycanda dini dözümlülülük şəraitinin yüksək olduğunu nəzərə almalıyıq. Bu, dinin dövlətdən tam ayrılması ilə bərqərar olub. "Gallup İnternational" və WI Network of Market Research təşkilatlarının 67 ölkədə birgə apardıqları sorğunun nəticələri göstərib ki, Azərbaycan  onların  içərisində ən dünyəvi ölkələrdən biridir. Azərbaycanlıların 97 faizi müsəlmandır, amma ölkə konstitusiyasına görə, o, dünyəvi dövlətdir. Dövlət təhsil sistemi də dünyəvidir. Bir dini konstitusiyada rəsmiləşdirməkdən imtina etmək - əksərən müsəlman ölkəsi üçün dini azadlığı dəstəkləmək yönündə böyük bir addımdır.  Bu vəziyyəti Erməni Apostol kilsəsinin böyük nüfuza malik olduğu Ermənistanla müqayisə edin... Bu gün də kilsənin dövlətə təsiri həmişəki kimi, davam edir. Vicdan və din azadlığı haqqında bu ölkədə qanunun mövcudluğuna baxmayaraq,  Erməni Apostol kilsəsi rəsmi olaraq, milli kilsə stastusuna malikdir. Beləliklə, Ermənistan heç də Azərbaycan kimi tam dünyəvi dövlət deyil".

Yazıda müəllif ermənilərdə antisemit təzahürlərin özünü büruzə verməsinin də məhz bu amillərdən qaynaqlandığı qənaətinə gəlir.

"Erməni kilsəsinin ölkədə ənənəvi mərkəzi rol oynamasını nəzərə alsaq, Ermənistanın Xolokost hadisəsini dövlət səviyyəsində yenidən yazmağa cəhd etməsini, erməni kütləvi informasiya vasitələrinin antiisrail və antisemit ovqat nümayiş etdirməsini, erməni seminaristlərin yəhudilər əleyhinə hücuma həvəslənməsini heç də təəccüblə qarşılamaq lazım gəlmir. Bu cür şəraitdə dini özünəmüştəbehlik və nifrət ölkədə get-gedə daha da sürətlənəcək"- deyə qəzet xəbərdarlıq edir.

"Bu ölkənin əksərən müsəlman, eyni zamanda, dünyəvi Azərbaycanla kontrastı göz qabağındadır.  Azərbaycan davamlı olaraq, antisemitizmə qarşı çıxır, o, İsraillə iqtisadiyyat və müdafiə sahəsində sıx əlaqələr qurur" - deyə xatırladan müəllif, yəhudi liderlərini və İsrail rəhbərliyini bir daha tarixi və müasir amilləri nəzərə almağa çağırır.

Zakir MURADOV  

 

 





03.07.2019    çap et  çap et