525.Az

14 iyuldan başlanan 50 illik şərəfli yol


 

BÜTÜN ÖMRÜNÜ DÖVLƏTÇİLİYƏ, XALQA HƏSR EDƏN ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV HƏR BİR AZƏRBAYCANLININ QƏLBİNDƏ ƏBƏDİ YAŞAYIR, DƏRİN HÖRMƏTLƏ ANILIR

14 iyuldan başlanan 50 illik şərəfli yol <b style="color:red"></b>

14 iyul Azərbaycan tarixinə əlamətdar və mühüm günlərdən biri kimi daxil olub. Düz 50 il əvvəl, həmin gün Ümummili lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəlib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi seçilib. Bununla da respublikamızın həyatında yeni bir bir mərhələnin əsası qoyulub. Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycanın inkişafı, xalqımızın maraqlarının təmin olunması, daha yaxşı yaşaması üçün misilsiz xidmətlər göstərib. 1982-ci ilə qədər Azərbaycan SSRİ-ə rəhbərlik edən böyük lider idarəçiliyin möhkəmlənməsi, milli kadrların hazırlanması, o cümlədən, hərbi sahədə kadrların yetişdirilməsi üçün çox vacib addımlar atıb. Ulu öndər öz uzaqgörən, müdrik siyasəti ilə, həyata keçirdiyi geniş fəaliyyətilə əslində, Azərbaycanın müstəqilliyinə hərtərəfli zəmin yaradıb.

Heydər Əliyev sovet respublikları arasında öz göstəriciləri ilə geridə qalmış Azərbaycanın iqtisadiyyatını inkişaf etdirib, onu  güclü sənaye respublikasına çevirə bildi. O, hər zaman xalqın arasında olub. Müntəzəm olaraq kənd yerlərinə səfərlər edir, zəhmətkeşlərlə görüşür, əkin sahələrində, tarlalarda olur, vəziyyətə özü nəzarət edirdi. Bu isə insanlara işləmək, qurub yaratmaq üçün daha böyük stimul verirdi. Ulu öndər sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmiz bütün sahələrdə böyük inkişafa nail oldu. Azərbaycan mədəniyyətinin, səhiyyəsinin, təhsilinin inkişafına da mühüm töhfələr verdi.

Bütün ömrünü dövlətimizin qüdrətlənməsinə, xalqımızın daha yaxşı yaşamasına həsr edən Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayır və daim böyük sevgi, dərin hörmətlə anılır.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bu xidmətlər nə saymaqla, nə yazmaqla bitmir.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Ulu öndər ikinci dəfə artıq müstəqil Azərbaycanda rəhbərliyə gəldi. Əslində, sözdə müstəqil olan Azərbaycan 90-cı illərin əvvəllərində ən ağır, ən çətin günlərini yaşayırdı. Hər an müstəqillik itirilə bilərdi, ölkədə faktiki olaraq hakimiyyətsizlik hökm sürürdü, silahlı qruplaşmalar, separatçılığın baş qaldırılması, dövlət içində dövlət yaratmaq cəhdləri, digər tərəfdən erməni işğalının davam etməsi çıxılmaz vəziyyət yaratmışdır.

Məhz belə çətin, ağır şəraitdə xalq özünün xilaskarına üz tutdu. 1993-cü il ildə xalqın istəyi, tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev müstəqil Azərbaycanı xilas etdi, insanlarımızın itmiş inamını özünə qaytardı.

10 il, 2003-cü il dekabr ayına kimi hakimiyyətdə olan Heydər Əliyev 100 ilə bərabər işlər gördü. İlk növbədə ölkədə sabitliyi təmin edən ulu öndər cəbhədə atəşkəsə nail oldu. Ardınca iri neft kontraktları bağlandı, bununla da ölkəmizin iqtisadi inkişafına yaşıl işıq yandı. Ümummili liderin müəyyənləşdirdiyi siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir çağırışlar nəzərə alınaraq aparılan bu siyasət Azərbaycanı regionun lider dövlətinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevirib.

 Millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı bildirib ki, böyük dövlət xadimi ulu öndər Heydər Əliyev 50 il ərzində müxtəlif siyasi, tarixi dövrlərdə Azərbaycana rəhbərlik edib. Ancaq onun rəhbərliyinin əsas qayəsini Azərbaycan xalqına, dövlətinə xidmət təşkil edib. Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev sovet və müstəqillik dövründə də Azərbaycan cəmiyyətinə yeni dəyərlər təqdim etməyi bacaran, dövlətinin inkişafını təmin edən siyasət həyata keçirməyi bacaran bir lider olub: "Ulu öndər Azərbaycanda dəyərlər yarada-yarada özü bir dəyərə çevrilib. Bu dəyəri Azərbaycan Heydər Əliyevə ümummilli lider adı verməklə qiymətləndirib. Düşünürəm ki, Azərbaycanın tarixində çox böyük dövlətçilik ənənələrinə imza atan Heydər Əliyev müstəqillik dövründə Azərbaycanın yeni siyasi sistemini qurmağı bacarıb. Çünki 1991-ci ildən sonrakı mərhələdə Azərbaycanın siyasi sistemi yox idi. Ancaq siyasi sistem qurmaq əgər məsələnin bir tərəfi idisə, digər tərəfi onun struktur elementlərinin müəyyənləşdirilməsi idi ki, Heydər Əliyev hazırda da effektiv şəkildə işləməyi bacaran, dövlət maraqlarını qorumağı bacaran funksional dövlət strukturu formalaşdırmağı bacardı. Düşünürəm ki, bu, böyük tarixi nailiyyət idi.

İkincisi, ən yeni mərhələdə Azərbaycan cəmiyyətinə yeni siyasi fəlsəfənin təqdim olunması mərhələsi idi ki, bu mərhələdə də Heydər Əliyev məhz yeni azərbaycançılıq fəlsəfəsini irəli sürərək həm onun siyasi əsaslarını - Yeni Azərbaycan Partiyasını yaratmaqla müəyyənləşdirdi, həm də onun ümumi ictimai əsaslarını azərbaycançılıq ideologiyasını yaratmaqla təmin etmiş oldu. Beləliklə də, Azərbaycanda ictimai harmoniya - ümummilli həmrəylik və ümummilli birlik formalaşdı. Beləcə Azərbaycanın hüquqi dövləti quruldu. Bundan sonrakı mərhələdə isə Azərbaycanın iqtisadi əsasları yaradıldı. Hazırda inkişaf edən, qüdrətlənən beynəlxalq münasibətlər sistemində hər gün yeri, rolu, nüfuzu artan Azərbaycan məhz böyük dövlət xadimi ulu öndər Heydər Əliyevin memarı olduğu möhtəşəm bir əsərdir. Ona görə də biz bu gün ulu öndərimizi xatirəsini minnətdarlıqla anır və onun qurduğu dövlətin əbədi yaşayacağına inanırıq".

Deputat Elman Məmmədov isə bildirib ki, Azərbaycanın 1969-cu ilin iyulun 14-nə qədər olan bütün sahələri əhatə edən göstəricilərinə baxsaq, Sovet İttifaqında birləşmiş 15 müttəfiq respublika arasında ölkəmiz ən geridə qalmış respublika idi. 50 il bundan əvvəl hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycan 15 respublika arasında ən öndə gedənlərdən olub. O bildirib ki, ümummilli liderin 1982-ci ilə qədər Azərbaycana rəhbərlik etməsi sayəsində ölkəmiz həmin dövrə məxsus ən yüksək təltiflərə layiq görülüb. Deputatın sözlərinə görə, ulu öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda bütün sahələr, iqtisadiyyat, elm, mədəniyyət incəsənət, təhsil sahəsində böyük nailiyyətlər əldə edilib: "Həmin dövrdə bütün sahələri əhatə edən qabaqcıllar müxtəlif təltiflərlə qiymətləndirilib. Bundan başqa, o dövrdə Bakının özündə gedən tikinti quruculuq işləri, mənzil tikintisi, sənaye obyektləri, kənd təsərrüfatının inkişafı, pambıqçılıq, üzümçülüklə yanaşı, digərlər sahələri əhatə edən nailiyyətlər Sovet İttifaqına daxil olan respublikalar arasında ən yüksək göstəricilər idi. Bu nailiyyətlər ulu öndərin rəhbərlik bacarığı, dövlətçilik qabiliyyətinin uğurlu nəticələri idi". E.Məmmədov qeyd edib ki, ümummilli liderin yüksək rəhbərlik bacarığı nəticəsində Azərbaycan həmin dövrdə qısa müddətdə böyük inkişaf yolu keçmişdi: "Ulu öndər ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra da bu qabiliyyəti özünü bir daha göstərdi. Müstəqil Azərbaycanın bugünkü inkişafının əsası da məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub".

PƏRVANƏ

 





12.07.2019    çap et  çap et