525.Az

Beynəlxalq müşahidəçilər prezident seçkisini yüksək qiymətləndirdi


 

Beynəlxalq müşahidəçilər prezident seçkisini yüksək qiymətləndirdi<b style="color:red"></b>

“AZƏRBAYCANDA SEÇKİLƏRİN KEÇİRİLMƏSİ İLƏ BAĞLI XEYLİ İNKİŞAF MÜŞAHİDƏ EDİLİR” 

Prezident seçkilərində müşahidə missiyasını həyata keçirən xarici təşkilatların nümayəndələri seçkinin yekunları ilə bağlı dünən mətbuat konfransları keçiriblər.

Fransa Senatının üzvü Natali Qulenin başçılıq etdiyi nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında N.Qule nümayəndə heyətində Fransa Senatının 5 üzvünın təmsil olunduğunu bildirib. O, nümayəndə heyətinin seçkiləri Quba rayonunda müşahidə edildiyini söyləyib. İki qrup halında seçkiləri müşahidə etdiklərini söyləyən N.Qule baxış keçirdiyikləri yerlərdə qeyri-adi və neqativ hallarla rastlaşmadıqlarını qeyd edib. 2003-cü ildə Azərbaycanda keçirilmiş seçkiləri müşahidə etdiyini deyən N.Qule vurğulayıb 10 il ərzində Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı inkişafı müşahidə etdiyini diqqətə çatdırıb: “Bəzi namizədlər çətinliklərlə üzləşdiklərini söyləyirlər. Amma biz müşahidələrimiz zamanı belə faktlarla rastlaşmadıq”.

Missiya üzvü, senator Mohamed-Soilihi seçkilərin qanuna və normalara uyğun keçirildiyini diqqətə çatdırıb: “Mən seçkinin gedişatında öz ölkəmdə keçirilən seçkilərlə heç bir fərq görmədim. Bir fərq istisna olunmaqla, mən öz ölkəmdə bu qədər müşahidəçi görməmişəm”.

Senat üzvü Jan-Kloud Peroni qeyd edib ki, onlar normal keçən seçkiləri müşahidə ediblər. Onun sözlərinə görə, seçki məntəqələrindəki şərait, şəffaf qutular seçki prosesinin yaxşılaşdığını deməyə əsas verir: “Biz Qubanın uzaq dağlıq kəndlərindəki seçki məntəqələrinə də baş çəkdik. Orada bütün namizədlərin müşahidəçiləri ilə rastlaşdıq. Onlar hər hansı bir neqativ halların aşkarlanmadığını bildirdilər”.

TürkPA müşahidəçi missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpək prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini qeyd edib. Seçkilərin ümumilikdə beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini deyən H.İpək TürkPA nümayəndə heyətinin Bakının bir sıra rayonlarında seçkini izlədiyini bildirib: “Seçki günü hansısa təzyiq problemləri qeydə alınmayıb. Seçki dinc və sabit şəraitdə keçib. Bəzi texniki çatışmazlıqlar istisna hallar kimi xarakterizə olunsa da, bu, ümumi seçki nəticələrinə təsir göstərəcək səviyyədə deyil. Veb-kameraların istifadəsi səsvermədə şəffaflığın təmin olunmasına öz töhfəsini verib”.

Mətbuat konfransında çıxış edən TürkPA baş katibi Jandos Asanov TürkPA müşahidəçilərinə seçkiləri izləmək üçün yaratdıqları şəraitə görə Azərbaycanın dövlət strukturlarına təşəkkür edib.

Türk Dövlətləri Əməkdaşlıq Şurasının (TÜRKKON) seçki müşahidə missiyası bu seçkinin öz texniki imkanlarına görə ən mükəmməl seçki olduğunu bəyan edib. Tədbirdə çıxış edən TÜRKKON baş katibi Xəlil Akıncı bildirib ki, onlar bir hissəsi işğal altında olan Ağdam rayonu ərazisində müşahidə aparıblar. X.Akıncı bildirib ki, missiyada Qazaxıstan, Qırğızıstan və Türkiyədən 11 nəfər təmsil edib. Onun sözlərinə görə, Qarabağ bölgəsində olan yeganə beynəlxalq müşahidə missiyası TÜRKKON missiyası olub: “Bəzi məntəqələrdə “exit-poll” keçirilməsi ilə rastlaşdıq. Amma “exit-poll” bütün məntəqələri əhatə etmirdi. Bəzi məntəqələrdə tibb xidmətlərini hazır vəziyyətdə gördük. Ümumilikdə deyə bilərəm ki, izlədiyimiz bu seçki öz texniki imkanlarına görə ən mükəmməl seçki idi. Biz seçkilərdə qalib gələn Azərbaycan prezidentini təbrik edirik”.

TÜRKKON nümayəndələri seçki zamanı problemlərin qeydə alınmadığını bildiriblər.

Bunun texniki cəhətdən ən yaxşı təşkil olunmuş seçki olduğunu dilə gətirən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) seçkiləri müşahidə edən missiyasının rəhbəri Petar Kanev prezident seçkilərinin beynəlxalq standartlara uyğun baş tutduğunu vurğulayıb: “Mən indiyədək müşahidə etdiyim ölkələrdə texniki cəhətdən bu cür ən yaxşı təşkil olunmuş seçki müşahidə etməmişəm”.

Nümayəndə heyətinin üzvü Salia Murzavayeva bildirib ki, QDİƏT PM heyəti seçkiləri Sumqayıt şəhərində müşahidə edib və seçki atmosferi müşahidəçilər tərəfindən bəyənilib. Səsvermədə əhalinin 70 faizdən çoxunun iştirak etməsi yaxşı göstərici kimi xarakterizə olunub.

Gürcüstan parlamentinin üzvü Mixail Maçavariani belə deyib: “Mən 10 seçki məntəqəsində olmuşam. Təşkilatçılıq çox yüksək səviyyədə olub. Müşahidə prosesi zamanı məntəqələrdəki rəhbərlik və müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşüb, söhbət aparıblar”.

“Ədalətli seçkilər uğrunda” Seçki Texnologiyalarının İnkişafına Yardım Beynəlxalq İctimai Təşkilatının (For Fair Election) müşahidə qrupunun rəhbəri Sergey Mirzoyev seçkilərin açıq və şəffaf şəkildə keçdiyini qeyd edib.

Qrupun üzvü Mişel Hohendahi müşahidə apardıqları məntəqələrdə heç bir qanun pozuntusu aşkarlanmadığını söyləyib. O, bütün nəticələri leqal və legitim saydıqlarını dilə gətirib.

Qrupun üzvü Anna Curdova da seçkilərin şəffaflığını təsdiqləyib: “Avropa ölkələrində seçkilərdə bu qədər yüksək faiz yoxdur. Seçicilərə minnətdarıq ki, onlar gəlib iştirak etdilər. Məntəqələrin seçicilərin evlərinə yaxın olması da çox yaxşı hal idi”.

Qrupun digər üzvü Vladimir Driml səsvermə zamanı şəhərdə aktivlik hiss olunduğunu vurğulayıb: “Mənim şəxsi fikrim budur ki, seçkilər çox demokratik, şəffaf, ədalətli şəkildə keçirildi. Azərbaycan prezidentini təbrik edirəm”.

Avropa Akademiyasının Seçkiləri Müşahidə Missiyası seçkilərdə mühüm problemlərin müşahidə olunmadığını bildirib. Qurumun bəyanatında bunlar yer alıb: “Missiyaya Avropa İttifaqının 24 ölkəsi və Kanadanı təmsil edən 135 deputat və siyasi ekspertlər daxil olub. Missiya 125 seçki dairəsindən 45-də olub. 2013-cü ilin 9 oktyabrında Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara müvafiq və 2009-cu ilin referendumunda təsdiqlənmiş yeni Seçki Məcəlləsi əsasında keçirilib. Ölkədə çox saylı məcburi köçkünün olmasına baxmayaraq, müşahidəçilər seçicilərin qeydiyyatı ilə bağlı mühüm problemlər müşahidə etməyiblər”.

Seçkiləri müşahidə edən Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun üzvü estoniyalı siyasətçi Nikolay Meinert seçkilərin demokratik şəkildə həyata keçirildiyini deyib: “Biz burada qısa müddətli missiya üçün gəlmişdik və ancaq seçki günü müşahidə etik. Müşahidələrimizə əsasən deyə bilərik ki, nəticələr seçicilərin iradəsini əks etdirir. Əlbəttə, hansısa texniki səhvlərə fikir verdik, amma hər hansı texniki problemlər nəticəyə heç bir təsir göstərməyib”.

Bir çox seçki məntəqəsində olduğunu deyən qrupun üzvü, Avstraliya Parlamentinin deputatı Qerhard Huber seçkilərin texniki baxımdan lazımi səviyyədə təşkil edildiyini vurğulayıb: “Mən hansısa bir zorakılıq hallarına və ya qanun pozuntusuna yol verildiyini müşahidə etmədim. Yəni seçkilərin azad və şəffaf şəkildə keçirdiyini deyə bilərik”.

Qrupun üzvü Nikolas Qriffin müşahidələri əsasında təəssüratının müsbət olduğunu qeyd edib. N.Qriffin müxalifətin bəzi nümayəndələrinin ona şikayət etdiyini də deyib: “Onların şikayətləri ziddiyyət təşkil edirdi, ancaq mən gün ərzində çalışdım ki, müxalifət üzvlərinin dediyi şikayət ilə bağlı hər hansı bir sübut tapım, ancaq tapa bilmədim. Seçkilər zamanı hansısa pozuntulara və ya təzyiqlərə rast gəlmədim. Seçkilər azad və demokratik şəkildə keçirildi. Azərbaycanda keçirilən seçkilər Böyük Britaniyada keçirilən seçkilərdən daha ədalətli və açıq olub”.

Qrupun digər üzvü, Litva Parlamentinin üzvü Linas Balsys deyib ki, seçki qanunlara riayət olunmaqla yüksək səviyyədə təşkil olunub: “Eyni zamanda yerli müşahidəçilərin də çox olması məni çox sevindirdi. Onlar çox aktiv idilər, bizimlə əməkdaşlıq edirdilər. Biz yüksək seçki fəallığını da müşahidə etdik ki, bu da ən mühüm göstəricidir”.

Asiya və Sakit Okean Hövzəsi Ölkələrinin Beynəlxalq Demokratlar Mərkəzinin (CAPDİ) seçki müşahidə missiyasının mətbuat konfransında çıxış edən missiyanın rəhbəri Jusuf Kalla bildirib ki, CAPDİ-nin gəldiyi nəticəyə görə seçki məntəqələrinin əməkdaşları peşəkardır. O, belə deyib: “Seçkilər yaxşı təşkil olunmuşdu, tam sərbəst, şəffaf şəkildə keçirilib. Hər hansı zorakılıq halları qeydə alınmayıb. Yerli müşahidəçilərin seçki prosesinə sərbəst çıxışı təmin olunmuşdu. Biz hansısa şikayətlə qarşılaşmadıq. Biz indi Azərbaycan xalqını seçkilərin yaxşı idarə olunması və prezident seçimi münasibəti ilə təbrik edə bilərik”.

CAPDİ missiyasında təmsil olunan Kanadanın keçmiş baş nazirinin müavini xanım Şeila Kopps bunları qeyd edib: “Biz düzgün təşkil olunmuş, dinc şəraitdə keçən seçkiləri müşahidə etdik. Məntəqələrdə bütün partiyaların nümayəndələri ilə keçirilən görüşdə hər hansı narazılıq eşitmədik”. CAPDİ müşahidə missiyası seçkiləri yüksək qiymətləndirdiyini bəyan edib.

İDEES – Qeyri-hökumət təşkilatlarının müşahidə missiyası və Asiya ölkələrindən olan müşahidə qrupu prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib: “Missiyaya Afrika, Asiya, Latın Amerikası və Avropanın 37 ölkəsini təmsil edən 52 parlamentar və ekspert daxil olub. Seçki günü müşahidəçilər Bakıda və 5 rayondakı 26 seçki dairəsinin ərazisində fəaliyyət göstərib. Onlar 450 seçki məntəqəsini ziyarət ediblər. Qrupun rəyinə əsasən seçki günü ölkədə vəziyyət sakit və dinc olub, yerli hakimiyyət orqanları və polis tərəfindən seçkinin gedişatına müdaxilə olunmayıb. Seçki məntəqələrinin çoxunda müxtəlif siyasi partiyalara mənsub yerli müşahidəçilər də var idi. Səslərin hesablanması açıq və şəffaf olub. Nəticə etibarilə seçkilər beynəlxalq normalara müvafiq keçirilib. Beynəlxalq müşahidəçilər ölkəni sabit və demokratik institutlarının yaradılmasını və qəbul olunmuş beynəlxalq standartlara müvafiq davranmağı davam etdirməyə səsləyir”.

Latın Amerikası və Karib dənizi ölkələri siyasi partiyaları Təşkilatının (COPPPAL) seçki müşahidə missiyası seçkilərin gedişindən razı qaldığını bəyan edib. COPPPAL müşahidə missiyasının rəhbəri Qustavo Karvajal belə deyib: “Seçkilər Avropa standartlarına uyğun, şəffaf və sərbəst şəkildə keçdi. Düşünürük ki, insanların seçdiyi şəxs Azərbaycanı gözəl günlərə aparacaq. COPPPAL-ın müşahidə missiyasında 6 ölkənin nümayəndələri təmsil olunur. Missiya üzvləri 2 qrup halında seçkiləri müşahidə edib. Səsverməyə gələn vətəndaşların aktivliyi müşahidə edilib. Seçki prosesində mütəşəkkillik var. Yadda qalan başqa bir məqam isə odur ki, seçki masalarında işləyənlər arasında qadınlar çoxluq təşkil edib. Gün ərzində müşahidələr zamanı vətəndaşların aktivliyi qeydə alınıb”.

ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzinin müşahidə qrupunun rəyinə görə, seçkilər şəffaf keçirilib. Qrupun üzvü, ABŞ-dan olan hüquqşünas Tia Mkittrik deyib ki, qrupun üzvləri Bakıda və Bakıdan kənarda bir çox seçki məntəqələrində müşahidə aparıb.

Qrupun rəyini açıqlayan Müstəqil Siyasi Monitorinq Mərkəzinin rəhbəri Lida Lavsin isə qeyd edib ki, seçki məntəqələrində texniki işlər və səsvermənin təşkili beynəlxalq standartlara cavab verib: “Mütəxəssislərimiz heç bir seçki məntəqəsində Seçki Məcəlləsinə zidd hallarla rastlaşmayıb. Seçki zamanı həm yerli, həm də beynəlxalq müşahidəçilər seçkiləri sərbəst şəkildə izləyə bilirdilər. Seçki prosesinin bütün iştirakçıları prosesin tam yüksək səviyyədə təşkil olduğunu bildirib. Məntəqə seçki komissiyalarının üzvləri seçki qanunvericiliyi ilə tam tanış idilər və istənilən sualı izah edə bilirdilər. Mütəxəssislərimiz hər hansı qanun pozuntusu ilə rastlaşmayıblar”.

Qrupun digər üzvü, Polşa Seyminin deputatı Andrej Romanek isə bildirib ki, səsvermə tamamilə qanunauyğun şəkildə keçirildi və insanların seçim hüquqları tam təmin olundu: “Biz hansısa qanun pozuntusuna rast gəlmədik. Seçki prosesi yüksək səviyyədə təşkil olunmuşdu və səsvermə prosesi şəffaf keçirilirdi. Müşahidə missiyamızın yekun rəyi ondan ibarətdir ki, seçkilər şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirildi. Seçkilər Azərbaycan vətəndaşlarının iradəsini ifadə etdi və seçicilər öz seçimlərini etdilər”.

Beynəlxalq QHT üzvlərinin təmsil olunduğu Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi prezident seçkilərində apardıqları müşahidələrlə bağlı yekun mətbuat konfransında Mərkəzin sədri, müşahidə missiyasının rəhbəri Claude Maniquet çıxış edərək seçkiləri 9 nəfərin təmsil olunduğu nümayəndə heyəti ilə izlədiklərini və yekun bəyanat hazırladıqlarını bildirib. O, bəyanatda seçkilərdə aparılan müşahidələr və əldə olunan nəticələrin öz əksini tapdığını söyləyib: “Beynəlxalq QHT üzvləri tərəfindən gün ərzində Bakı, Sumqayıt və digər yaxın ərazilər daxil olmaqla 200 seçki məntəqəsində müşahidələr aparılıb, günün sonunda isə 11 məntəqə səs sayma prosesi izlənilib. Bundan əlavə, sağlamlıq imkanları məhdud əlil insanlar üçün səyyar qutuların, Bakıdakı cəzaçəkmə müəssisəsi, hərbi hissə, Sumqayıtdakı qaçqın və məcburi köçkünlər üçün xüsusi seçki məntəqələrinin yaradılmasının şahidi olduq. Həbsxanalarda seçkiləri təşkil etmək təhlükəsizlik nöqteyi-nəzərdən çətindir. Ona görə də bunun təşkil edilməsi təqdirə layiq hadisədir. Seçki məntəqələrində yerli müşahidələr – QHT-lər, partiya üzvləri aktiv iştirak edirdilər. Seçici fəallığı kişilər və qadınlar arasında çox yüksək idi. Bu gün Fransa və İsrail kimi ölkələrdə gənc qadın və kişilər seçkilərə gedib səs verməyə, siyasətdə iştirak etməyə fəallıq göstərmirlər. Amma Azərbaycanda bu vəziyyət fərqli idi. Seçkilərdən sonra səslərin sayılması prosesində də beynəlxalq müşahidəçilərin iştirakının və orada beynəlxalq qaydaların, standartların qorunduğunun şahidi olduq. Beynəlxalq müşahidəçilərə qarşı rəsmilərin, xüsusilə Mərkəzi Seçki Komissiyasının üzvlərinin açıq mövqe göstərməsi bizi çox qane etdi. Onların bu münasibəti xüsusilə Bakıda seçkilərin vəziyyətini müşahidə edən beynəlxalq müşahidəçilərin işlərini asanlaşdırdı”.

Müşahidə missiyasının rəhbəri qeyd edib ki, ümumilikdə dünən seçki məntəqələrində apardıqları müşahidələr və əldə etdikləri nəticələrə əsasən Azərbaycanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun və tam şəffaf şəkildə həyata keçirildiyini demək mümkündür. Onun sözlərinə görə, Azərbaycan hələ də keçid dövrünü yaşamasına baxmayaraq, prezident seçkilər şəffaf və düzgün şəkildə həyata keçirilib. Seçkilərdə medianın rolunu da yüksək qiymətləndirən Claude Maniquet bildirib ki, media bu prosesdə lazımi formada iştirak edib.

Asiya Siyasi Partiyaları Təşkilatının (İCAPP) seçki müşahidə missiyasının mətbuat konfransında çıxış edən təşkilatın həmsədri Çung Ye-Yunq bildirib ki, seçki öncəsi missiya siyasi partiyalarla görüşüb, səsvermə günü isə məntəqələrdə səsvermə prosesini müşahidə ediblər. Azərbaycandakı seçkilərin dinc yolla, heç bir zorakılıq olmadan keçdiyini deyən həmsədr neqativ halların baş vermədiyini söyləyib.

Çugn Ye-Yunq onu da vurğulayıb ki, məntəqələrdə veb-kameraların qurulması şəffaflığın təmin edilməsində mühüm rol oynayır: “Düşünürük ki, Azərbaycan xalqının ötən gün verdiyi qərar Azərbaycanın gözəl gələcəyini müəyyənləşdirəcək”.

Bolqarıstan parlamentinin nümayəndə heyətinin rəhbəri Həmid Həmid müşahidələri ilə bağlı bunları deyib: “Seçkilərdə Azərbaycan xalqı qalib gəldi. Bir çox ölkələrdə seçkiləri müşahidə etsə də, Azərbaycanda olduğu kimi sakit və mükəmməl seçki görməyib. Mən bütün 10 namizədi və Azərbaycan xalqını təbrik edirəm. Ötən gün mənə Azərbaycanda demokratiya dərsi verdilər. Ötən gün mən 3 mindən çox xarici və 50 mindən artıq yerli müşahidəçi ilə birlikdə praktik olaraq əsl demokratiyanın şahidi oldum. Azərbaycan və Bolqarıstan arasında gözəl dostluq əlaqələri var. Bu dostluq kağız üzərində deyil, əsl dostluqdur”.

Qara Dəniz Ölkələri Vətəndaş Dialoqu və Rusiya İctimai Palatasının müşahidə missiyaları seçkilərlə bağlı bəyanat qəbul edib. İctimai Palatanın sədri, politoloq Sergey Markov deyib ki, müşahidəçilərin fəaliyyəti Azərbaycan və beynəlxalq qanunlara uyğun keçirilib: “Seçki məntəqələrdə lazımi şərait yaradılıb, minə yaxın məntəqələrdə veb-kameralar quraşdırılıb, ərazi seçki komissiyaların tərəfindən səhhəti ilə bağlı seçkilərə gələ bilməyən insanlar üçün şərait yaradılıb. Müşahidələr zamanı bəzi nöqsanlar aşkar edilib, məsələn, bəzi seçki məntəqələrində seçicilərin sıxlığı vardı ki, bu da bəzi problemlər yaradıb. Bir seçki məntəqədə “exit-poll” elə məntəqənin içində keçirilib və s. Lakin bu hallar az-az müşahidə olunub və seçkilərin gedişatına, səslərin hesablanmasına təsir etməyib. Seçkilər ümumən Azərbaycanın seçki qanunlarına və demokratik normalara uyğun keçirilib”.

MDB İcraiyyə Komitəsinin katibi Sergey Lebedev bildirib ki, uzunmüddətli missiya öz işinə sentyabrın 10-dan başlayıb, MDB-nin üzvü olan 9 ölkənin nümayəndələrindən ibarət olub və iş zamanı daim MSK ilə əlaqədə olub. Onun sözlərinə görə, müşahidəçilər 1973 seçki məntəqəni ziyarət edib və müşahidə zamanı seçkilərə tam hazırlığını müşahidə edib. S.Lebedev vurğulayıb ki, missiyanın əsas vəzifəsi seçkilərin ölkə qanunlarına uyğun keçirilməsinə nəzarət etməkdən ibarət olub: “Mən 21 seçki məntəqəsini ziyarət etdim. Ciddi pozuntular aşkar olunmayıb, sadəcə, bəzi texniki nöqsanlar olub. Məsələn, bir seçki kabinəsinə iki nəfər daxil olub, ya da seçici bülleteni alıb yerindəcə səs verib onu qutuya atıb. Bəzi seçki məntəqələri təyin olunan vaxtından gec açılıb. Bununla belə, bütün seçki məntəqələrində çoxlu müşahidəçilər iştirak edib, minlərlə məntəqələrdə veb-kameralar quraşdırılıb”.

Nəticələrə gəlincə, S.Lebedev vurğulayıb ki, qeydə alınan texniki qüsurlar seçkinin nəticələrinə təsir göstərmək gücündə malik deyil və seçkilər legitim olub: “Seçkilər açıq və şəffaf şəkildə, qəbul olunmuş demokratik normalar, ölkənin Konstitusiyası və Seçki Məcəlləsinə uyğun keçirilib”.

Hindistan parlamentinin üzvü Suresh Kesvani bildirib ki, müşahidə qrupu 15 nəfərdən ibarət olub. S.Kesvani 50-yə yaxın seçki məntəqəsində müşahidələr apardıqlarını açıqlayıb: “Seçki məntəqələrində çoxsaylı müşahidəçilər səsvermə prosesini izləyirdilər. Müşahidə prosesinə heç bir maneə yox idi. Seçicilər şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etdikdən sonra onların təkrar səsvermədə iştirakının qarşısının alınması üçün barmaqları xüsusi mürəkkəblə rənglənirdi. Müşahidə qrupu seçki məntəqələrində nəzərəçarpacaq hüquq pozuntuları ilə qarşılaşmadı. Müşahidəçilər seçicilər və namizədlərin, siyasi partiyaların nümayəndələri ilə söhbət ediblər. Heç kəs şikayət bildirməyib. Onların hamısı hazırlıqlardan və səsvermə prosesinin şəffaflığından məmnun qaldıqlarını bildiriblər. Seçki məntəqələrində hazırlıqların lazımi səviyyədə olduğunu gördük. Məntəqələrin yerləşdiyi binalar yaxşı vəziyyətdə idi və müvafiq işıqlandırılmışdı. Seçicilərin növbələri qaydasında idi və seçki rəsmiləri proses barədə yaxşı məlumatlı idilər. Bütün bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri şəffaf, azad və ədalətli seçki tələblərinə cavab verir. Seçkilərin milli qanunvericiliyə uyğun keçirilib, proses demokratiya istiqamətində irəliləyiş kimi qiymətləndirilməlidir”.

AQİL

 





11.10.2013    çap et  çap et