525.Az

Keyfiyyətli suvarma məhsul bolluğu yaradır


 

Keyfiyyətli suvarma məhsul bolluğu yaradır<b style="color:red"></b>

Ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişafı üçün geniş imkanlar yaradıb. 

Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində taxılçılıq, pambıqçılıq və baramaçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələri müasir tələblər səviyəsində bərpa olunaraq yenidən canlandırılıb. Təqdirəlayiq haldır ki, həmin təsərrüfat sahələrinin məhsuldarlığı və gəlirliliyi  artırılıb.  Bu gün artıq təsərrüfatlarda rekord nəticələrdən  söhbət gedir.

Respublikada taxıl və pambıq istehsalı sahəsində  nailiyyətlər daha yüksəkdir. Həmin təsərrüfat sahələrində qazanılan uğurlar, ilk növbədə, əkin sahələrinin  meliorasiyası və suvarma suyu ilə fasiləsiz təmin olunması ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq sərəncam və göstərişlərinə uyğun  olaraq, bölgələrdə  bu istiqamətdə ciddi addımlar atılır. Bunu respublikanın iri təsərrüfat  rayonlarından sayılan Ağcabədinin timsalında daha aydın görmək olar.

Adıçəkilən rayon suvarma sistemləri idarəsinin rəisi Malik Mirzəyevin dediklərinə görə, bölgə ərazisindəki əkin sahələrində geniş meliorasiya və  suvarma işləri həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində torpaqların şoranlaşmasının qarşısı alınıb, münbitliyi xeyli yüksəlib.

Hazırda rayon suvarma sistemləri idarəsi tərəfindən 36 min 290 hektardan çox əkin sahəsinə xidmət göstərilir. Kollektiv bölgə ərazisində mövcud olan əkinlərin suvarma suyu ilə müntəzəm və səmərəli təmin edilməsi üçün bütün imkanları səfərbərliyə alıb. İlboyu suvarma məqsədi ilə Xan qızı və Qarabağ kanallarının imkanlarından yararlanıldığını vurğulayan idarə rəisi, rayonun "Kanalüstü" adlandırılan ərazisində subatezian quyularından və digər alternativ su mənbələrindən istifadə olunduğunu dilə gətirib.

Qeyd edilib ki, təkcə ötən il 16 min 937 hektar taxıl, 10 min hektar pambıq sahəsində suvarma işləri aparılıb. Cari ildə 16 min 249 hektar taxıl sahəsi 3 dəfə,  10 min 452 hektardan çox pambıq sahəsi isə 2 dəfə suvarma suyu ilə təmin olunub. Hazırda pambıq sahələrinin suvarılması davam etdirilir. Bunlardan əlavə, idarə tərəfindən digər bitki əkinlərinin, pay torpaqlarının, meyvə-tərəvəz sahələrinin, həyətyanı torpaqların suvarılması da lazımınca təşkil edilir. Bu il bölgədə yeni pambıq sahələrinin dövriyyəyə daxil edilməsi, havaların quraq keçməsi səbəbindən kollektiv üzvlərinin üzərinə ikiqat məsuliyyət düşüb. İsti yay günlərində  suvarmada fasilələr yaranmasına imkan verilmir, qarşıya çıxan çətinliklər, problemlər vaxtında həll olunur. Necə deyərlər, bütün istehsalçıların suvarma ilə əlaqədar tələbləri ödənilir. Heç kim narazı qalmır.

Söhbət zamanı bildirilib ki, əkin sahələrinin bol su ilə təmin olunması, suvarma tədbirlərinin optimal müddətdə başa çatdırılması üçün rayon ərazisindəki kanal və diren-kollektorların lildən təmizlənməsi daim diqqət mərkəzində saxlanılır. Ərazilərdəki nasaz su nasosları, digər hidrotexniki qurğular təmir edilərək işlək vəziyyətə gətirilir, köhnə avadanlıqlar yeniləri ilə əvəz olunur. İdarəyə məxsus bütün maşın və texnika suvarma tədbirlərinə cəlb edilir.

Qeyd edildiyi kimi, rayonun illərlə suvarma sarıdan korluq çəkən bir çox kəndlərində Dünya Bankının vəsaiti ilə həyata keçirilən kompleks meliorasiya və irriqasiya tədbirləri önəmli əhəmiyyət kəsb edib. Həmin  inzibati ərazi vahidlərində suvarma şəbəkələri genişləndirilib, əlavə xətlər çəkilib, kollektorlar lildən təmizlənib, yeni elektrik su nasos stansiyaları quraşdırılıb. "Kanalüstü" adlanan ərazidə yeni subartezian quyularının istismara verilməsi də suvarmanın təşkilində mühüm rol oynayıb.

M.Mirzəyev əlavə olaraq qeyd edib ki, bölgədə yarana biləcək sel suları təhlükəsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür. Onun qənaətinə görə,  yaradılmış bütün bu imkanlar rayonun taxıl, pambıq və digər kənd təsərrüfatı bitkisi əkini sahələrində bol məhsul yetişdirilməsinə  böyük zəmin yaradıb. Təsadüfi deyildir ki, hazırda bütün pambıq sahələrində gələcək bol məhsulun möhkəm bünövrəsi qoyulub. İdarə rəisi söhbətinin sonunda bölgədə geniş suvarma tədbirlərinin həyata keçirilməsində rayon suvarma sistemləri idarəsinə göstərdikləri diqqət və qayğıya görə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Ağcabədi rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

 





24.07.2019    çap et  çap et