525.Az

Fransa Azərbaycanla hərbi əməkdaşlığa başlamaq istəyir


 

"AZƏRBAYCAN BU ÖLKƏ İLƏ HƏM HƏRBİ TEXNİKA ALMAQDA, HƏM DƏ BİRGƏ HƏRBİ TEXNİKANIN İSTEHSALINDA MARAQLIDIR"

Fransa Azərbaycanla hərbi əməkdaşlığa başlamaq istəyir<b style="color:red"></b>

"Fransa ilə Azərbaycan arasında siyasi təmaslar üst səviyyədədir, iqtisadi əlaqələr və ticarət həcmi də artır. Rəqəmlər Azərbaycanın Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşına çevrildiyini göstərir".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Merin Azərbacana səfəri barədə danışarkən deyib.

Fransalı nazirin  Bakıda Prezident İlham Əliyev, Birinci Vitse-prezident Mehriban Əliyeva və Maliyyə naziri Samir Şərifovla görüşünü xatırladan E.Şahinoğlu B.Le Merin sözlərinə istinad edərək, Azərbaycanın Fransa üçün həmişə mühüm iqtisadi tərəfdaş olduğunu və Parisin buna daim böyük önəm verdiyini bildirib: "Le Mer qeyd edib ki, Fransa, həmçinin, energetik sferada, bərpa olunan enerji qaynaqları və müdafiə sənayesi sahələri üzrə ikitərəfli əməkdaşlıqda maraqlıdır. O, bu xüsusda Fransanın Azərbaycanla iqtisadi və maliyyə sahələri üzrə əməkdaşlığı yeni mərhələyə keçirmək istədiyini bildirib. Əlbəttə, bu deyilənlər vacibdir. Ancaq Fransanın iqtisadiyyat və maliyyə nazirinin Bakıda işlətdiyi ən önəmli cümlə budur: "Paris Bakı ilə müdafiə sənayesi sahəsində əməkdaşlıqda maraqlıdır".

Mərkəz sədrinin sözlərinə görə, Fransada güclü erməni lobbisinin olmasına baxmayaraq, rəsmi Paris Azərbaycanla hərbi əməkdaşlıq başlamaq barədə qərar verib: "Rəsmi Bakı bu qərarın verilməsini çoxdan gözləyir. Azərbaycan Fransadan həm hərbi texnika almaqda, həm də Fransa ilə birgə hərbi texnikanın istehsalında maraqlıdır. Təsadüfi deyil ki, keçən ilin sentyabrında Bakıda keçirilmiş "ADEX-2018" Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə Fransa iki şirkətlə təmsil olunmuşdu. Həmin iki şirkət Azərbaycanla müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməyə maraq göstərirdi. Bunun davamı olaraq bu ilin iyununda Parisdə keçirilən "Paris Air Show-2019" sərgisində Azərbaycan da təmsil olundu. Bu sərgi çərçivəsində də hərbi əməkdaşlıq məsələləri müzakirə edildi".

Politoloq hesab edir ki, Azərbaycan Fransa ilə hərbi sahədə əməkdaşlığa milyardlarla dollar maliyyə ayırmağa hazırdır: "Azərbaycan bu il Rusiyadan hərbi texnika almayıb. Azərbaycan yeni və modern hərbi texnikanı Fransa və digər bu kimi ölkələrdən almaq istəyir".

"Əlbəttə, Fransa Azərbaycana hərbi texnika satarsa və birgə hərbi istehsala başlayarsa, rəsmi İrəvan və Fransadakı erməni lobbisi buna etiraz edəcək, müxtəlif petisiyalar hazırlanacaq. Ancaq rəsmi Paris əgər Azərbaycanla hərbi əməkdaşlığa qərar veribsə və bunun üçün nazirini Bakıya göndəribsə, deməli, əvvəlcədən neqativ reaksiyaların olacağını və bunlara veriləcək cavabları da müəyyənləşdirib", - deyə E.Şahinoğlu qeyd edib.

C.ABASOV

 





31.07.2019    çap et  çap et