525.Az

İlham Əliyev: "Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir"


 

PREZİDENT YANINDA SOSİAL-İQTİSADİ SAHƏ İLƏ BAĞLI KEÇİRİLƏN MÜŞAVİRƏDƏ CARİ İLİN İLK 6 AYI ƏRZİNDƏ GÖRÜLƏN İŞLƏRİN NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNDU

İlham Əliyev: "Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir"<b style="color:red"></b>

Məlum olduğu kimi, iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.

İclasda çıxış edən dövlət başçısı cari ilin ilk 6 ayı ərzində Azərbaycanda həyata keçirilən sosial islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, süni qiymət artımı ilə mübarizə və digər məsələlərlə bağlı görülən işləri dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, ilin əvvəlində qarşıya qoyulan vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyəti müsbət qiymətləndirən ölkə rəhbəri vurğulayıb ki, bu, özünü rəqəmlərdə də əks etdirir: "İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, "SOCAR-Polymer" zavodu istifadəyə verilib və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır".

Kənd təsərrüfatında da rekord göstəricilərin əldə olunduğunu deyən Prezident  aqrar sahədə bu ilin altı ayında 13 faiz artımın qeydə alındığını bildirib: "Bitkiçilik 25 faiz artıb. Yəni bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək".

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bu ilin əvvəlində çox böyük sosial paketin təsdiqləndiyini xatırladan dövlət başçısı bu sosial təşəbbüslərin 4 milyondan çox insanı əhatə etdiyini qeyd edib: "Minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb... Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artıb, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapıb, digər sosial təşəbbüslər irəli sürülüb və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir".

Azərbaycanın dayanıqlı inkişaf yolu ilə getdiyini deyən Prezident vurğulayıb ki, yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcək".

2019-cu ilin ilk 6 ayı ərzində sosial-iqtisadi sahədə görülən işlər, əldə olunan nəticələrlə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. O, "Azərtac"a bildirib ki, ölkəmizin nailiyyətləri və uğurları artır, əldə olunan nəticələr insanlarımızın yaşayış səviyyəsində, rifah halında əyani təsdiqini tapır. Deputatın sözlərinə görə, 2019-cu ilin 6 ayı da bu baxımdan istisna təşkil etmir: "Bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb. Kənd təsərrüfatının isə 13 faiz artması rekord göstərici hesab olunur. Bütün bunlarla yanaşı, ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb. Eyni zamanda, büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Eləcə də inflyasiya cəmi 2,5 faiz olub, əhalinin gəlirləri isə 6,6 faiz artıb. Bunlarla yanaşı, 49 milyard dollar səviyyəsində olan valyuta ehtiyatlarımız rekord həddə çatıb. Məhz, bu ilin altı ayında valyuta ehtiyatları 4 milyard dollar artıb. Bir il ərzində xarici borcumuz da 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu ilin altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılıb, ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub, 60 min yeni iş yeri açılıb. Bu göstəricilər bir daha təsdiq edir ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar uğurlu nəticələr verir, ölkəmizin inkişafı dinamik xarakter alıb".

S.Vəliyeva qeyd edib ki, 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək: "Çünki Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib. Bu ilin əvvəlində təsdiqlənən böyük sosial paket 4 milyondan çox insanı əhatə edir. Burada birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz olmaqla minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Minimum əməkhaqqı da təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Eyni zamanda, problemli kreditlərlə bağlı olan məsələ də öz həllini tapıb. Həmçinin, 300 mindən çox əlilliyi olan şəxslərin, 500 minə qədər məcburi köçkünün, 100 mindən artıq tələbə və gənclərin, ümumilikdə 1,3 milyon insanımızın gəlirləri də çox əhəmiyyətli şəkildə artırılıb".

Deputat bildirib ki, ilk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket isə sentyabr ayından icra olunacaq və bu da 1 milyondan çox insanı əhatə edəcək: "Ümumilikdə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Əlbəttə ki, davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək".

C.ABASOV

 





02.08.2019    çap et  çap et