525.Az

"Pambığın nəmlik dərəcəsinin müəyyənləşdirilməsi üçün regionlarda açılacaq"


 

"Pambığın nəmlik dərəcəsinin müəyyənləşdirilməsi üçün regionlarda açılacaq"<b style="color:red"></b>

“Report” Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının sədri İbrahim Məmmədovla olan müsahibəni təqdim edir.

- İbrahim müəllim, hazırda ölkədə pambıqçılıqla bağlı vəziyyət necədir?

Azərbaycanda pambıq yığımına sentyabr ayının ortalarında başlanılacaq. Əl yığımı sentyabrın əvvəllərindən başlayacaq. Belə ki, kombayn yığımı mümkün olmayan ərazilər olacaq ki, 1-2 ha. arası, orada əl yığımından istifadə ediləcək. Amma 5 ha.dan yuxarı olan sahələrdə sentyabrın 15-20-dən başlayaraq kombaynlar yığımlara başlayacaq.

- Bu il pambıqçılıqla bağlı hansı çatışmazlıqlar oldu?

Bu il xırda problemlər oldu, bu da bəzi yerlərdə - “Azərpambıq ASK” MMC-də texnika çatışmazlığı müşahidə olundu deyə baş verdi. Başqa şirkətlərdə hər hansı problem olmadı. Və yaxud da fermerlər özləri texniklardan istifadə edərək yerləri şumladılar, əkinə hazırlıq olundu və səpin oldu. Aprelin 10-dan başlayaraq yaxşı toxumlardan səpin oldu. Əvvəllər ili keçmiş toxumlar olurdu. İli keçmiş toxumlar 60% bitki verirdi, amma builki toxumlar demək olar ki, 99% bitki verdi.

- Bəs necə düşünürsünüz, məhsuldarlıq bu il necə olacaq?

- Bu il ötən illə müqayisədə məhsuldarlıq yüksək, ortalama 25 sentner olacaq. Ola bilsin, ölkə üzrə 27 sentner olsun. Bəzi pambıqçılar var ki, sahələrindən 35-40 sentner pambıq gözləyirlər. Belə fermerlərin də sayı çoxdur. Bərdə, Ağcəbədi, Biləsuvar, Neftçala kimi rayonlarda məhsuldarlıq yüksəkdir. Sabirabad, İmişli, Saatlı rayonlarında isə su problemi var. Bu rayonlarda pambığın bitməsi yaxşıdır, bitkiyə qulluq yaxşıdır, dərman və gübrələmə vaxtı-vaxtında olub. Lakin su problemi yaşanıb. Pambıq elə bir bitkidir ki, suvarma vaxtında olmalıdır. Bu gün suvarmalı bitkini suvarmasan bitkidə geriləmə olacaq. O rayonlarda su problemi həllini taparsa pambıqçılıqla bağlı problem olmaz.

- Bəs bu problemin aradan qaldırılması üçün hansı addımlar atılır?

İyul ayında kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Pambıqçılıqda 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsində də bu problemlər bildirildi və Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyev müəyyən tapşırıqlar verdi. Bildirildi ki, su arxları təmizlənməli, kollektorlar, su nasosları sazlanmalıdır. Bundan başqa, bu il Kür çayının səviyyəsi də 40-50 ilin ən aşağı səviyyəsinə enib. Pambıq sahələri də artdıqca suya tələbat artır ki, bu da iyul və avqust ayına təsadüf edir. Gələcəkdə damlama, çiləmə üsülü ilə pambıq əkilərsə 50/50-yə suya tələbat azalacaq. Selləmə üsulu ilə həm də çox sudan istifadə olunur. Tutaq ki, 1000 kub su ilə 500 ha sahəni damlama ilə suvarmaq mümkündürsə, lakin selləmə ilə bu qədər su 50 ha əraziyə belə bəs etmir. Ümumiyyətlə bazarda yeni şirkətlər yaradılsa rəqabət artacaq. Rəqabət artsa qulluq səviyyəsi artacaq, pambığın alış qiymətində artım müşahidə ediləcək.

- Pambığın alış qiymətində bu il dəyişiklik olacaqmı? Proqnozunuz necədir?

- Bu il pambığın alış qiymətində fərq olmayacaq. Bildiyiniz kimi, son iki ildə pambığın alış qiyməti iki dəfə qaldırılıb. Təkcə ötən il pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər ton üçün 50 manat artırılıb. Başqa sözlə, 2018-ci ildə 1-ci növ pambığın qiyməti 600 manatdan 650 manata, 2-ci növ pambığın qiyməti 580 manatdan 630 manata, 3-cü növ pambığın qiyməti 540 manatdan 590 manata, 4-cü növ pambığın qiyməti isə 500 manatdan 550 manata qaldırılıb. Eyni zamanda, pambığın alış qiymətinin artırılması da pambıqçılığın kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olmasını təmin edib. Nəticədə fermerlər 2018-ci ildə pambığın alış qiymətinin artırılmasından 13 milyon manatadək əlavə gəlir əldə ediblər. Hazırki qiymət (1 kq-ı 0,65 manat) fermerləri müəyyən mənada qane edir. Təbii ki, fermerlər istəyər ki, alış qiyməti hazırki qiymətdən yüksək olsun. Pambıq istehsalçılarının sözlərinə görə, dərmanların qiymətləri, briqadirlərin xidmət haqqı, texniki dəstəyin, icarəyə götürülən ərazilərin qiyməti artıb. Biz fermerlərlə tez-tez görüşürük və onların bir istəyi var ki, pambığın alış qiyməti minimum 0,90-1 manat səviyyəsində olsun. Bu da rəqabət nəticəsində mümkündür. Hazırda bazarda 5-6 şirkət var, onlara da bu tələb qoyulsa, şirkətlər bizim qarşımıza xeyli fakt qoyacaq ki, qiymətin qaldırılması büdcələrinə zərər vuracaq, texnikalar alıblar və s. Lakin yeni şirkətlər yarandıqca, rəqabət olduqca bazarda pambığa təklif artıqca qiymətlər artmağa başlayacaq.

- Əlavə etmək istədiyiniz məqamlar varmı?

- Pambıq istehsalçılarının pambığı təhvilvermə ərəfəsində faiz məsələləri var ki, bununla bağlı nazir İnam Kərimovun göstərişi ilə komissiyalar yaradılıb. Bu komissiyanın tərkibində həm şirkətlərdən, həm də müstəqil fermerlər olacaq. Əgər fermer pambığı şirkətə təhvil verirsə orada nəmlik yüksək hesablanırsa bu məsələ həllini tapacaq. Məsələn, bəzi şirkətlər pambığa 18-20% nəmlik dərəcəsi çıxarırdılar. Bu da fermerlərin ziyanına olur və narazılıqlar yaranır. Bununla bağlı gələn il regionlarda laboratoriyalar açılacaq. Fermer əgər şirkətin laboratoriysında pambığını nəmliyinin faiz dərəcəsinin düzgün hesablanmamasından şübhələnərsə, həmin pambığı yeni açılan laboratoriyalarda yoxlada biləcək.

 





06.08.2019    çap et  çap et