525.Az

Azərbaycanda ilk dəfə Beynəlxalq İnformatika Olimpiadası keçirilir


 

CEYHUN BAYRAMOV: "IOI 2019"UN AZƏRBAYCANDA KEÇİRİLMƏSİ İNFORMATİKA SAHƏSİNİN İNKİŞAFINA TÖHFƏ VERƏCƏK"

Azərbaycanda ilk dəfə Beynəlxalq İnformatika Olimpiadası keçirilir<b style="color:red"></b>

Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ("IOI 2019") açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbirdə təhsil naziri, "IOI 2019"un sədri Ceyhun Bayramov ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir "IOI 2019"a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb. Bildirib ki, bu gün ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri insan kapitalının inkişafına nail olmaq, eyni zamanda, İKT və virtual tədrisin, kompüter şəbəkə biliklərinin rolunun artırılmasını təmin etməkdir.

Ölkəmizin beynəlxalq olimpiada uğurlarından söz açan təhsil naziri "IOI 2019"un Azərbaycanda keçirilməsinin informatika sahəsinin inkişafına töhfə verəcəyini vurğulayıb.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Azərbaycan müxtəlif beynəlxalq və regional tədbirlərə ev sahibliyi edir. Cəmi iki həftə əvvəl Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı baş tutub. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2016-cı ildən bəri Formula 1 yarışlarının Azərbaycan Qran-Prisi mərhələsi və bir çox digər tədbirlər Bakıda uğurla keçirilib.

Elm müsabiqələrinə qatılmağa və onların keçirilməsinə ölkədə xüsusi diqqət yetirildiyini bildirən Ceyhun Bayramov 47-ci Beynəlxalq Kimya Olimpiadasının 2015-ci ildə Bakıda təşkil olunduğunu və azərbaycanlı tələbələrin 2 medal qazandığını xatırladıb. Nazir vurğulayıb ki, bu cür tədbirlər xüsusilə gənclər arasında dostluq, sülh və mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayır.

C.Bayramov deyib ki, beynəlxalq elmi olimpiadalar elmin populyarlaşdırılması vasitəsi olmaqla yanaşı, həm də təhsilin vacib bir vasitəsidir. Son 6 ildə məktəblilər bu olimpiadalardan 150-dən çox medal gətiriblər və bu sayın artacağı gözlənilir. Təhsil müddətində əldə olunan biliklərdən səmərəli istifadə etmək bu medalları qazanmaq qədər vacibdir. Bu gün dünya dördüncü sənaye inqilabında hansı bilik və bacarıqların tələb olunacağını müzakirə edir. Robototexnika, böyük məlumatlar, süni intellekt və avtomatlaşdırma gündəlik həyatımıza daxil olub. Belə bir dövrdə vacib məsələ kəşf edilən və ediləcək qabaqcıl texnologiyalardan bəşəriyyətin daha çox faydalanacağına əmin olmaqdır.

İnformatika üzrə ilk beynəlxalq olimpiadanın 30 il əvvəl Bolqarıstanda keçirildiyini xatırladan təhsil naziri bu nüfuzlu tədbirə marağın ildən-ilə artdığını bildirib. Diqqətə çatdırıb ki, "IOI" iştirakçılarının bir çoxu hazırda startap və innovasiya ilə məşğul olan aparıcı İT mütəxəssisləridir.

Nazir vurğulayıb ki, 1965-ci ildə Berklidə, Kaliforniya Universitetinin professoru, görkəmli Azərbaycan alimi Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmdə inqilab etdi. O zaman yəqin ki, qeyri-səlis məntiqin gündəlik həyatımıza avtomobil, elektronika, tibb, nəqliyyat, telekommunikasiya və digər sahələrdəki texnologiyalar vasitəsilə daxil olacağını təsəvvürə gətirmək çətin idi. Lütfi Zadə bugünkü gənclər üçün elm və bəşəriyyətin gələcəyinə sadiqliyin bir rəmzidir.

ADA Universitetinin rektoru, səfir, "IOI 2019"un fəxri sədri Hafiz Paşayev bildirib ki, olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır: "Bu gün auditoriyada əyləşənlər növbəti 10-15 ildə texnoloji inkişafın meyillərini və gündəmini formalaşdıracaqlar. Buna görə də bizim bu tədbirə ev sahibliyi etməyimiz Azərbaycanın həm təhsil, həm də İT sektoruna dərin marağı, qayğısı və dəstəyini nümayiş etdirir".

Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, professor Qreq Li "IOI 2019"un açılış bəyannaməsini diqqətə çatdırıb, yarışmanın dəyəri barədə söz açıb. O bildirib ki, Azərbaycan hökuməti Bakıda ilk dəfə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasını ("IOI-2019") çox yüksək səviyyədə təşkil edib.  O, informatika elmlərinin təbliği və bu sahədə istedadlı gənclərin üzə çıxarılması baxımından olimpiadanın unikal platforma olduğunu deyib. Beynəlxalq İnformatika Olimpiadasının əsas məqsədinin informatikanı daha da inkişaf etdirmək olduğunu deyən Qreq Li dünyanın müxtəlif ölkələrindən ən istedadlı və savadlı şagirdləri bir araya toplayan müsabiqələrin əhəmiyyətindən danışıb.

Qreq Li Bakı Olimpiadasında 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətlərinin iştirak etdiyini və informatika sahəsinə olan marağın daha da artığını qeyd edib. "Bu olimpiada gənclərin özləri kimi düşünən insanlarla görüşməsi və ünsiyyət qurması, alqoritmlər haqqında fikirlərini bölüşməsı və problemlərin həlli yollarını birgə axtarması üçün gözəl bir imkandır. Burada onlar, həmçinin, yeni dostlar qazana bilirlər", - deyə o əlavə edib.

Olimpiadanın rəsmi qlobal sponsoru "Acer"in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski "Acer" və "IOI" əməkdaşlığından danışıb.

Daha sonra "IOI 2019"un 88 ölkə və regiondan nümayəndə heyətləri təqdim edilib.

Ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər.

Milli Gimnastika Arenasında təşkil edilən yarışda dünyanın çoxsaylı ölkələrindən məktəblilər bilik və bacarıqlarını sınayırlar. Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib.

Xatırladaq ki, olimpiadanın bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində keçiriləcək.

S.QARAYEVA

 





07.08.2019    çap et  çap et