525.Az

18 oktyabra gedən yol...


 

18 oktyabra gedən yol...<b style="color:red"></b>

Türk Dünyasının bir parçası olan Azərbaycanın (Şimali) ötən əsrdə ikinci dəfə böyük ağrı-acılar, minbir əzab-əziyyətlər, qan-qadalar bahasına əldə etdiyi halal-hümmət müstəqilliyindən,  müstəqillik qazanmasından düz 22 il ötür...1920-ci ilin 28 aprel işğalından sonra bir an olsun belə müstəqillik, azadlıq yanğısı içini-ruhunu tərk etməyən, yenidən müstəqilliyinə, azadlığına qovuşmaq istəyən Azərbaycan türkləri bu yolda çox maneələri, çox əngəlləri, çox məhrumiyyətləri dəf etməli, qurbanlar verməli oldu... Amansız sovetləşmənin, sənayeləşmə və kollektivləşmənin dəhşətli  bəlasından,  “37-ci il” repressiyasından, 20 Yanvar faciəsindən,  Bağanıs-Ayrım soyqırımından, 1948-53 və 1988-89-cu illər deroptasiyasından, ... keçdi azadlığa və müstəqilliyə gedən bu yol... Amma igid, vətənpərvər, fədakar, qorxmaz oğul və qızlarının - Üzeyir bəy Hacıbəylilərin, Bəxtiyar Vahabzadələrin, Şıxəli Qurbanovların, İsmayıl Şıxlıların, Xəlil Rzaların, Niyazilərin, Qara Qarayevlərin, Fikrət Əmirovların, Səttar Bəhlulzadələrin,  İmam Mustafayevlərin, Məmməd Arazların, Xudu Məmmədovların, Ziya Bünyadovların, Anarların, Elçibəylərin, Heydər Əliyevlərin və digərlərinin sayəsində Azərbaycan türkləri müstəqillik, azadlıq mücadiləsini sonacan apardı, davam etdirdi və nəhayətdə də, istəyinə, arzusuna nail ola, qovuşa bildi...

1991-ci ilin avqustunda Müstəqillik Bəyannaməsini qəbul edən Azərbaycan parlamenti tərəfindən (xüsusilə də, kommunistlərin əksəriyyət təşkil etdiyi keçmiş Ali Sovetdəki azsaylı, cəmi 40-43 nəfərdən ibarət “Demblok”un fədakarlığı sayəsində) həmin ilin 18 oktyabr tarixində Müstəqillik haqqında Konstitusiya Aktı qəbul olundu... Və elə o vaxtdan da 18 oktyabr müstəqil Azərbaycan dövlətinin və xalqının (Şimali Azərbaycan türklərinin) tarixinə Müstəqillik  Günü kimi qızıl (silinməz) hərflərlə yazıldı düşdü... Həmin gün(lər)- gözlərimizin sevinc, fərəh yaşları ilə dolduğu, sevincimizdən az qala qanad açıb uçmağa hazır olduğumuz gün (lər) bugünkü kimi yadımda, xatirimdədir və heç zaman da yaddaşımdan silinməyəcək... O günləri, o anları sözlə ifadə etmək də çox çətindir, söz(lər) də bunun qarşısında sanki acizdir...

Eyni zamanda, milli soysuzları (xəyanətkar və satqınları) çıxmaq şərtillə,  bu, hər birimizin ən müqəddəs, ən əziz bayramımızdır-28 may kimi... Odur ki, bu əlamətdar gün münasibəti ilə bütün Şimallı-Cənublu Azərbaycan türklərini (Azərbaycan xalqını) ürəkdən təbrik edir, bu bayramın daimi və əbədi olmasını, Qarabağımız  da daxil olmaqla,  Vətən torpaqlarımızın tezliklə bütünləşməsini, bütövləşməsini arzulayıram. Böyük Yaradan müstəqil Dövlətimizi, uca Millətimizi var, üçrəngli  bayrağını isə hər zaman yüksəklərdə-göylərdə etsin, bir daha enməyə qoymasın. Necə deyərlər,  dahi öndərimiz Rəsulzadə demişkən, bir kərə yüksələn bayraq, bir daha enməz. Amin!

 





18.10.2013    çap et  çap et