525.Az

“Məhkəmələrə etimad artır”- Müsahibə


 

“Məhkəmələrə etimad artır”- <b style="color:red">Müsahibə</b>

“İNSANLAR POZULMUŞ HÜQUQLARININ MÜDAFİƏSİ ÜÇÜN DİGƏR ORQANLARA DEYİL, MƏHZ MƏHKƏMƏLƏRƏ MÜRACİƏT EDİRLƏR”   

Mətbuatdan məlum olduğu kimi hakimlərin növbəti seçimi prosesi başa çatıb və 72 nəfər hüquqşünas dövlət başçısının sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin edilib. Bununla əlaqədar Hakimlərin Seçki Komitəsinin sədri, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə müraciət etdik. 

– İman müəllim, hər şeydən əvvəl Sizi növbəti hakimlərin seçilməsi prosesinin uğurla başa çatması münasibətilə ürəkdən təbrik edirik. Bu proses barədə qısa məlumat verməyinizi xahiş edirik.

– Sağ olun. Hakimliyə namizədlərin növbəti seçim prosesinə 2010-cu ildən başlanılmış və nəticəsi üzrə 72 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək ölkə başçısının 4 oktyabr 2013-cü il tarixli sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin edilmişlər. Qeyd etməliyəm ki, ölkəmizdə 2007-ci ildən hakimlər məhz bu – Avropada ən mütərəqqi qaydalardan hesab olunan seçim proseduru ilə təyin olunurlar. Bu qaydalara uyğun olaraq hakimliyə namizədlər çoxsaylı yazılı və şifahi, o cümlədən test üsulu ilə imtahanlar verir, hakim vəzifəsinə hazırlanmaları üçün 1 il müddətində davam edən tədris kursu keçirlər.

Hakimliyə namizədlər üçün bərabər şərait yaradılması məqsədilə yazılı imtahanın hər iki fazası – həm test, həm də verilmiş kazusların həllindən ibarət olan yazılı imtahanlar bütün namizədlər üçün vahid zalda keçirilir, bu zaman yalnız şəxsi kodlardan istifadə olunur. Həmçinin, imtahan prosesinin bütün mərhələləri – sualların seçilməsi, çoxaldılaraq paylanması və cavabların yoxlanılıb dərhal elan olunması, imtahan keçirilən auditoriyada, namizədlərin qarşısında həyata keçirilir.

Bütün, o cümlədən şifahi imtahanlarda şəffaflığın tam təmin olunmasına xüsusi diqqət yetirilərək imtahanların hər bir mərhələsində beynəlxalq və yerli müşahidəçilərin iştirakı təmin olunur. İmtahanda müvəffəqiyyət qazananlar bir illik tədris kursuna buraxılır və kursun nəticəsi üzrə verdikləri imtahanlardan sonra onların hakim vəzifəsinə təyin edilməsi məsələsinə baxılır. Ədliyyə Akademiyasında keçirilən bu kurslarda insan haqlarının qorunması, Avropa məhkəməsinin presedentləri, korrupsiyaya qarşı mübarizə, məhkəmə etikası və digər aktual mövzuların tədrisinə xüsusi əhəmiyyət verilir, bütün namizədlərin məhkəmələrdə, o cümlədən xaricdə təcrübə keçməsi təşkil edilir.

– Bəs sonuncu seçim prosesi hansı yeniliklərlə yadda qaldı?

– Bu seçim dövründə biz bir az da irəliyə getdik. Ölkəmizin kadr seçimi tarixində ilk dəfə olaraq imtahanları onlayn rejimində internet vasitəsilə birbaşa yayımladıq. Həmçinin Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ölkəmizdə hakimliyə namizədlərin seçilməsinə maraq göstərərək nüfuzlu ekspert qrupu göndərməklə prosesi bilavasitə izlədi. Avropalı ekspertlər yerli və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirərək müzakirələr apardı, milli qanunvericiliyimizi təhlil etdi.

Böyük fəxrlə bildirmək istərdim ki, CEPEJ ekspertləri tərəfindən hazırlanmış əhatəli hesabatda Azərbaycanda hakimlərin seçiminin mütərəqqi Avropa standartlarına cavab verdiyi vurğulanmış və proses xüsusi şəffaflığı, obyektivliyi, saflığı ilə fərqləndirilmişdir.

Avropa Şurasının bütün üzv-dövlətlərindən olan nümayəndələrin iştirakı ilə keçirilmiş bu mötəbər təsisatın iclasında həmin hesabat geniş müzakirə olunmuş və məsələ üzrə müvafiq qərar qəbul olunaraq, Azərbaycanın müsbət təcrübəsi örnək kimi qiymətləndirilmişdir. Avropa İttifaqı tərəfindən də ölkəmizdə hakimliyə namizədlərin seçimi nümunə kimi qiymətləndirilmiş və digər üzv-dövlətlərə bu təcrübəyə əsaslanmaq tövsiyə edilmişdir. Bütün bunlar sonuncu seçim zamanı ən çox qürur duyduğumuz hallar oldu.

–Bəs aparılmış son təyinatlar hansı müsbət dəyişikliklər vəd edir?

– Bilirsiniz ki, ədalət mühakiməsinin səmərəsinin artırılması məqsədilə son illər ölkəmizdə çoxsaylı yeni regional məhkəmələr, inzibati ədliyyə sistemi yaradılmış, yüksək iş yükü nəzərə alınaraq  hakimlərin sayı 2 dəfə artırılmışdır. Eyni zamanda Məhkəmə-Hüquq Şurası tərəfindən aparılan intizam icraatları və hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələri üzrə 70 hakim məhkəmə sistemindən kənarlaşdırılmışdır. Bu baxımdan Hakimlərin Seçki Komitəsinin qarşısında duran ən mühüm vəzifə mövcud olan çoxsaylı vakansiyaların yeni, müasir düşüncəli, hazırlıqlı və mənəvi cəhətdən saf hakimlər hesabına komplektləşdirilməsi olmuşdur.  Hal-hazıradək hakimlərin seçimi proseslərində 2600 hüquqşünas iştirak etmişdir. Keçirilən müsabiqələr zamanı onların sırasından 307 nəfər, o cümlədən dövlət başçısının 4 oktyabr 2013-cü il tarixli sərəncamı ilə 72 nəfər müxtəlif hakim vəzifələrinə təyin edilmişlər. Məhz bunun nəticəsidir ki, son illər ərzində Ali Məhkəmə hakimlərinin sayı 27-dən 41-ə, apellyasiya məhkəmələri hakimlərinin sayı 35-dən 120-dək yüksəlmişdir. Bakı şəhərinin rayon məhkəmələrində 2007-ci ildə faktiki olaraq 45 hakim fəaliyyət göstərmişdirsə, bu rəqəm artıq 101-ə çatmış, habelə respublikanın digər rayon, şəhər məhkəmələri hakimlərinin sayı xeyli artırılmışdır.

Dövlət başçısı tərəfindən aparılmış son təyinatlar nəticəsində məhkəmə korpusunda mövcud olan vakansiyaların tam əksəriyyəti komplektləşdirilmişdir ki, bu da hakimlərin iş yükünün xeyli azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına və süründürməçilik hallarının aradan qaldırılmasına xidmət edəcək.

– Amma bu işləri qəbul etmək istəməyənlər də var. Məsələn, bu təyinatlardan sonra Leyla Yunus və hüquqşünas Müzəffər Baxışov mətbuatda çıxış edərək məhkəmə sistemində heç bir islahatın həyata keçirilmədiyini, hakimlərin seçimi prosesinin qeyri-obyektiv olduğunu bildirdi.

– Təəssüf ki, bəzilərini ölkəmizin uğurları, məhkəmə sistemində aparılan islahatlar deyil, cılız qrant maraqları daha çox düşündürür. Ölkəmizdə həyata keçirilən hərtərəfli islahatları və qazanılan nailiyyətləri, məhkəmə sistemində görülən işləri inkar etməsələr və qara yaxmasalar onlar işsiz qala bilərlər. Bu baxımdan ağa qara demək artıq bu insanların iş metoduna çevrilmişdir. Ona görə də inkaredilməz nailiyyətləri isterika ilə qarşılamaları başa düşüləndir.

Müzəffər Baxışovun dediklərini isə açıq-aşkar qərəzli olduğundan ciddi qəbul etməzdim. Məhkəmə sistemində qazanılmış hər bir uğura böyük ürək ağrısı, haray-həşirlə yanaşan bu şəxsin hüquqşünas kimi özünün heç bir uğuru yoxdur. O, 13 il prokurorluğun yerli qurumlarında prokuror köməkçisi işləyib və sonda insan haqlarını pozduğuna, əsassız yoxlamalar keçirilməsi kimi qanunsuzluğa yol verdiyinə görə bu orqanlardan xaric edilib. Elə o vaxtdan da “ekspertə çevrilərək” müxtəlif hüquq məsələlərinə “münasibət” bildirməyə can atır.

O ki qaldı onun hakimlərin seçilməsi prosesinə yeri gəldi-gəlmədi qara yaxmaq cəhdlərinə, bu da şəxsi qərəzlə  bağlı məsələdir. Çünki o, hakimliyə namizəd kimi də uğursuzluğa düçar olmuş, imtahanlardan kəsilmişdir. Hesab edirəm ki, daxili ədalət, qərəzsizlik hissi nəinki hakim olmaq istəyən şəxsdə, hər kəsdə olmalıdır.

Ümumiyyətlə, kimin görmək istəməməsindən asılı olmayaraq, məhkəmə islahatlarının karvanı öz yolundadır. Məhkəmələrə etimad artır, müraciət asanlaşır və insanlar pozulmuş hüquqlarının müdafiəsi üçün digər orqanlara deyil məhz məhkəmələrə müraciət edirlər. Təsadüfi deyil ki, 1999-cu illə müqayisədə məhkəmələrdə inzibati və iqtisadi işlər də daxil olmaqla mülki işlərin sayı 7 dəfədən çox artaraq 160 minə çatır. Ötən il birinci instansiya məhkəmələrinə daxil olmuş bütün mülki işlər üzrə qətnamələrin 88 faizi, cinayət işləri üzrə hökmlərin isə 75 faizi ilə tərəflər razılaşmış, həmin işlərdən apellyasiya şikayəti və ya protesti verilməmişdir. Dövlət orqanlarının fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən inzibati məhkəmələrə müraciətlərin 80 faizinin təmin olunması, habelə birinci instansiya məhkəmələri qətnamələrinin 96 faizi, cinayət işləri üzrə hökmlərin isə 91 faizinin sabit qalması məhkəmələrə inamı şərtləndirən daha bir amildir.

Məhkəmə qərarlarından narazılıq isə dünyanın hər yerində mövcuddur. Çünki bütün məhkəmə prosesləri qarşı duran iki tərəfin bir-birinə iddiaları üzərində qurulur. Tərəflərdən birinin obyektiv qalibiyyəti, digərinin narazılığı ilə qarşılanır. Məhkəmədə həm iddiaçı, həm də cavabdeh tərəfin haqlı olması mümkün deyildir. Bu baxımdan məhkəmələrə qara yaxmaqdansa, düşünmək lazımdır ki, dövlət adından çıxarılan məhkəmə qərarlarının qanuniliyi qəzet səhifələrində deyil, yalnız yuxarı məhkəmə instansiyasında təftiş oluna bilər.

Aqil LƏTİFOV

 





19.10.2013    çap et  çap et