525.Az

Nigar Rəfibəylinin “Ala gözlüm” kitabına yazılmış ön söz


 

Nigar Rəfibəylinin “Ala gözlüm” kitabına yazılmış <b style="color:red">ön söz</b>

Avrasiya Yazarlar Birliyinin sədri

“Ala gözlüm, səndən ayrı gecələr,
Bir il kimi  uzun olur, neyləyim
Baxçamızda qızıl güllər hər səhər
Tezdən açır, vaxtsız solur neyləyim” 

– deyə başlayan şeiri o gözəl musiqisiylə dinləyəndə gözləri üfüqə dalmayan, ürəyi titrəməyən insan olarmı, bilmirəm? Uşaqlığımdan bəri, əvvəllərsə Türkiyə radiolarında “Qars türküsü” adıyla dinlədiyim bu misralar ürəyimə incə bir kədər salır. Bir çox insan kimi mən də bu sözlərin azərbaycanlı şair Nigar Rəfibəyliyə aid olduğunu bilməzdim. O zamanlar Azərbaycan mahnıları “Qars türküsü” adıyla repertuara salınır və elə yayınlanırdı, xalq musiqisi mütləq anonim olmaq məcburiyyətindəydi. Bilənlər bilirdi ki, bunlar qardaş Azərbaycandan gələn nəğmələrdir, amma radiolar Sovetləri küsdürməmək üçün Azərbaycanın adını çəkməz, Qars zonasından toplanan musiqi kimi təqdim edərdilər. O dövrlərdə İğdır Qarsla bağlı bir rayon olduğundan guya bu əsərlər İğdırda yaşayan xalqdan toplanmış xalq türküləriydi. Həm də o vaxtın musiqi siyasətinə görə bu əsərin xalq musiqisi ola bilməsi və radiolarda yayınlanması üçün anonim olması şərt idi, yəni bir şairin şeiri xalq musiqisi üslubunda bəstələnmişdisə onu yayınlamazdılar.

Mənim kimi bir çox insan sevdikləri bu misraların müəllifinin  adını çox gec öyrənə bildilər. Hələ bu misraları Azərbaycan xalq türküsü olaraq dinlədiyim günlərdə “ala gözlüm, səndən ayrı gecələr ” deyiləndə Türkiyə ilə Azərbaycanın ayrı düşdüyü vaxtları da düşünürdüm. Buna bir də

 

Dağları duman alanda,

Gözüm yollarda qalanda

Yadıma səni salanda

Gül yanağım solmasınmı.

 

Əsən yellər, əsən yellər,

Sevgilimdən mənə xəbər...

 

– misraları əlavə olunanda ürəyimdə Qafqazlardan əsən yellərin gətirəcəyi xəbərlərin ümidi canlanırdı.

İllər sonra bizi başqa dünyaya aparan bu misraların da azərbaycanlı şair Nigar Rəfibəyliyə aid olduğunu öyrənəcəkdim.

Sevdiyim şeirlərin müəllifi olaraq tanıdığım Nigar Rəfibəylinin  həyatı haqqında öyrəndiklərimdən sonra o mənim könül dünyamda narın, titrəyərək baxdığım kristal bir abidəyə çevrildi. Hətta bəzi dostlar məni anlamaqda çətinlik çəkəcəklər, amma Nigar xanımın həyat yoldaşı və Azərbaycanın böyük şairi Rəsul Rzanı ən çox Nigar xanımla evləndiyi üçün sevdim. Rəsul Rza şeiriylə Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər, Azərbaycan şeirinə verdiyi yeni nəfəs – bunları izah etməyə və təqdirə ehtiyac yoxdu. Bunlar bir faktdir və o, böyük bir şairdir, amma söylədiyim kimi, Nigar xanımla evləndiyi və bir ömür sürdükləri,  “iki bədəndə bir ruh” halında olmaları Rəsul Rzanı bir başqa cür sevməyimə səbəb oldu.

Nigar Rəfibəyli çox kiçik yaşlarından yetim qalır, ancaq atasını itirməyi adi səbəblərdən olmur. Nigar xanımın atası Xudadat bəy Azərbaycan Demokratik Cümhuriyyətinin səhiyyə naziriydi, Nuri Paşan Gəncəyə gələndə onu qarşılayanlar arasında ön sıralarda olmuşdur.

Xudadat bəy bolşeviklər tərəfindən güllələnərək şəhid edilir. Ailə dağılır, oğullarından biri Türkiyəyə, digəri Rusiyaya qaçmaq məcburiyyətində qalır. Nigar və anası həyatın çətinliklərinə sinə gəlmək məcburiyyətində qalır. Bu sinə gələcək bir həyatdırmı? Sovet rejimi zamanı güllələnmiş bir atanın qızı olmaq nə deməkdir, bunu anlamaq çətindir. Kimsə sizinlə dost olmaq istəməz, əqrəbalarınız belə sizdən salamı əsirgəyər, həyatın öz çətinlikləri yetməzmiş kimi qarşınıza min bir cür əngəl çıxarılar. Çox gənc bir qız bütün bunlara sinə gələr. Bir igid insan bütün bunlara fikir vermədən, bəlkə də bütün bu edilənlərə inadən o gənc qızla evlənər. Bu, hər igidin gördüyü bir şey deyil. Bu qəhrəmanın adı Rəsul Rzadır. O dövrlərin şərtlərini bilənlər təsdiq edərlər ki, Rəsul Rzanın etdiyi qəhrəmanlıq başqa kəlməylə ifadə olunmaz. Bu qəhrəmanlığı da ancaq Azərbaycanın xan soyundan gələn əsilzadə bir igid edə bilərdi. Nigar Rəfibəyliylə evlənmək demək onun keçmişinə və taleyinə ortaq olmaq deməkdir ki, aralarındakı böyük sevgi  Rəsula bu qərarı verdirir. Ömür boyu da “iki bədəndə bir ruh” kimi bu sevgini yaşadırlar. Bu igid, bu əsl insanı sevməmək, ehtiram göstərməmək olarmı heç?  Rəsul Rza bircə misra şeir yazmasaydı, həyatında heç bir şey etməsəydi belə, əmin olun, ona yenə eyni dərəcədə ehtiram göstərər, sevərdim.

Nigar Rəfibəyli və Rəsul Rza Azərbaycan ədəbiyyatına və bütün türk dünyasına yalnız öz yaradıcılıqları ilə xidmət etmədilər, öz adlarının baş hərflərini birləşdirərək Anar adını verdikləri bir övlad yetişdirməklə də mədəniyyətimizə böyük bir hədiyyə etmiş oldular.

İlk gənclik illərimdə Azərbaycandan baxınca Anadolunun, Anadoludan baxınca Azərbaycanın ala gözlüsünü düşünərək xəyal etdiyim “Ala gözlər” doğrudan Rəsul Rzanın gözləri imiş.

Neynəyək, şair elə yazır, oxuyan başqa cür xəyallar qurur. Hələ Rəsul Rzanın ala gözlərindən Azərbaycanı görmək də bir başqa cür gözəllikdir.

Budur, bu il bizə bir ala gözdən bütün Azərbaycanı duyduran, əsən yellərdən xəbər sorduran o gözəl şairin anadan olmasının 100-cü ildönümüdür və mən onun doğumunun 100-cü ili üçün nəşr etdiyimiz kitaba ön söz yazmaq bəxtiyarlığına qovuşuram. Könül dünyamdakı narın və titrəyərək baxdığım kristal haqqında nə əskik, nə də artıq bir şey yazmamaq üçün barmaqlarım klaviaturanın hərflərini tərəddüdlə basır. Və lütfən, bu yazının qısa olmasını bu böyük sevgi və ehtirama bağlayın.

Bu kitab Nigar Rəfibəylinin anadan olmasının 100-cü ildönümünün xatirəsinə Avropa Yazarlar Birliyi tərəfindən çapa hazırlandı.

Kitab, dostluğuna böyük qiymət verdiyimiz və özünə böyük qardaş deyə müraciət edə bilmək imkanına sahib olduğum üçün özümü şanslı hiss etdiyim Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın anası haqqında qələmə aldığı yazıyla başlayır.

Nigar Rəfibəylinin şeirlərindən nümunələrin yer aldığı kitabda təəssürat onun Türkiyəyə etdiyi səyahət yazısından yaranır. O illərin şərtlərinə görə yazının başlığında Türkiyəyə “yaxın qonşu” deyə bilib. O şərtlər olmasaydı, kim bilir, necə bir başlıq seçərdi. Ancaq yazını oxuduqca onun Türkiyəyə və türk insanına olan sevgisini görəcəksiniz. Şeirləri və yazını Türkiyə türkcəsinə uyğunlaşdıran Canan və İmdat Avşara təşəkkür edirəm.

O böyük şairin anadan olmasının 100-cü ildönümünü atası Xudadat bəyin ucaltmaq üçün uğrunda şəhid olduğu üçrəngli Azərbaycan bayrağı altında bütün Azərbaycanda və Türkiyədə qeyd etmək bizləri bir daha xoşbəxt edir.

Biz, yenə misralarındakı “ala gözlər”də “sevdiklərimizi” görməyə davam edəcəyik. O ala gözlülər yaşadıqca onlar da könlümüzdə əbədiyyən yaşayacaqlar.

Dilimizə  uyğunlaşdırdı: T.Teymurova

 





21.10.2013    çap et  çap et