525.Az

İqtisad Universitetinə xarici ölkələrdə filial açmaq hüququ verildi


 

İqtisad Universitetinə xarici ölkələrdə filial açmaq hüququ verildi <b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinə xarici dövlətlərin ərazilərində filiallar açmaq hüququ verilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ölkənin və xarici dövlətlərin ərazisində filiallar (Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla), idarə və nümayəndəliklər açmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək, habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də belə təşkilatlara üzv olmaq hüququ var. Universitetin hüquqları sırasına  müvafiq struktur bölmələrində Təhsil Nazirliyinin razılığı ilə orta ixtisas təhsilini həyata keçirmək,  öz imkanları daxilində bu Nizamnaməyə uyğun olaraq ali təhsilin müvafiq səviyyəsini bitirmək haqqında dövlət sənədi olan vətəndaşların əlavə təhsil almasını təşkil etmək,  xarici dövlətlərin ali təhsil müəssisələri ilə bağlanılmış ikitərəfli və çoxtərəfli müqavilələrə uyğun olaraq, beynəlxalq təhsil proqramlarını həyata keçirmək də daxildir. UNEC-də təhsil dövlət sifarişi, dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş şəxslərin UNEC-də təhsil xərcləri müvafiq qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

UNEC-in Nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, UNEC-in yenidən təşkili və ləğv edilməsi istisna olmaqla,  UNEC-ə münasibətdə təsisçinin səlahiyyətlərini Təhsil Nazirliyi həyata keçirir. UNEC-in yenidən təşkilini və ləğv edilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

UNEC-in ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.UNEC-in strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Himayəçilər Şurasının tərkibini azı 3 nəfər olmaqla, Təhsil Nazirliyi təsdiq edir.  UNEC-də tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılır. UNEC-in cari fəaliyyətinə rektor rəhbərlik edir. UNEC-in rektorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Rektor UNEC-in mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, UNEC-in maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Rektor bu vəzifələrin UNEC-in maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində UNEC-ə dəymiş zərərin əvəzini ödəməlidir.

Rektor müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini Təhsil Nazirliyi ilə razılaşdırmaqla, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir, UNEC-in işçilərinin (prorektor istisna olmaqla), o cümlədən Təhsil Nazirliyi ilə razılaşdırmaqla, onun idarə, filial, nümayəndəlik və tabeliyindəki digər qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə habelə UNEC-in işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir. Prorektorları, UNEC-in təqdimatı əsasında Təhsil Nazirliyi təyin edir. Rektor olmadıqda, UNEC-in fəaliyyətinə rəhbərliyi Təhsil Nazirliyi tərəfindən müəyyən edilən prorektor həyata keçirir.

UNEC təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər. UNEC-in strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisə və təşkilatları yaradıla bilər. UNEC-də elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Professor-müəllim heyəti, dekan və kafedra müdiri vəzifələrinin tutulması seçki, digərləri isə təyinolunma yolu ilə həyata keçirilir və hər bir halda UNEC-in rektorunun (prorektor istisna olmaqla) əmri ilə rəsmiləşdirilir.

 





26.08.2019    çap et  çap et