AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Mədəni irsin öyrənilməsi: kitabxana, arxiv və muzeylər qarşısında duran yeni vəzifələr” mövzusunda beynəlxalq konfransda iştirak edib. AMEA-dan verilən məlumata görə, konfrans Rusiya Federasiyasının Milli Kitabxanası, Sankt-Peterburqdakı Hollandiya İnstitutu və Petrovsk Tarix Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Beynəlxalq konfrans maddi-mədəni irsə aid rəqəmsal kolleksiyaların yaradılması və ondan istifadə, bu sahədəki yeni istiqamətlərə həsr edilib. Tədbirin açılış mərasimində Rusiya Milli Kitabxanasının baş direktoru Anton Lixomanov və Niderland Krallığının Sankt-Peterburqdakı baş konsulu Yennes de Mol konfrans iştirakçılarını salamlayıb. Konfransın məruzəçiləri sırasında arxiv, kitabxana ilə yanaşı, muzey üzrə mütəxəssislər də iştirak ediblər. Tədbirdə Rusiya Dövlət Ermitajının, Amsterdam Muzeyinin, Rusiya Elmlər Akademiyasının və digər qurumların təmsilçilərinin məruzələri dinlənilib. Arxiv, kitabxana və muzey materiallarının rəqəmsal edilməsi müasir dövrdə həlli vacib problemlərdən biridir.
Beynəlxalq konfransda MATM-ın elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyevanın “Milli Azərbaycan Tarixi Muzeyindəki eksponatların rəqəmsallaşdırılması problemləri və onların həlli yolları” mövzusunda məruzəsi dinlənilib. Muzeyin əməkdaşı, həmçinin konfrans iştirakçılarının Azərbaycan nümayəndələri ilə birlikdə Sankt-Peterburqdakı Hollandiya konsulluğu tərəfindən təşkil edilmiş ziyafətdə də iştirak edib.
Nərgiz Əliyeva səfər ərzində Rusiya Milli Kitabxanası və onun filialları, eləcə də onun mərkəzi binasında yerləşən nadir və zəngin əlyazmalar fondu ilə tanış olmuş və təmsil etdiyi muzeyin fondları, o cümlədən orada saxlanan “Nadir kitablar” fondu haqqında məlumat verib. MATM-ın direktor müavini “Alfaret” nəşriyyatı tərəfindən hazırlanmış “Theatrum orbis terrarum (Antverpen, 1570)” dünya xəritəsinin nəşrinin təqdimatı münasibətilə təşkil edilmiş sərgini də ziyarət edib.
S.ABDULLAYEVA
çap et