525.Az

“Vətən bizə əmanətdir” düşərgəsi başa çatdı - Foto


 

“Vətən bizə əmanətdir” düşərgəsi başa çatdı - <b style="color:red">Foto </b>

Avqust ayının 21-dən başlayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Gənclər Fondunun və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Vətən bizə əmanətdir” gənclər üçün yay istirahət düşərgəsi yekunlaşıb.

Gənc nəslin milli ruhda tərbiyə edilməsi, gələcək hərbi xidmətə hazırlanması məqsədilə Quba rayonunda təşkil edilmiş düşərgə avqust ayının 21-dən 26-dək davam edib. Qarabağ müharibəsi, 20 Yanvar veteran və şəhidlərinin ailələrindən olan 100 nəfər məktəblinin qatıldığı düşərgədə iştirakçılar üçün  hərbi xidmət dövrü ilə uyğunlaşdırılmış günün nizam qaydaları əsasında müxtəlif təlimlər, məşğələlər  keçirilib. Quba və Qusar rayonlarında yerləşən hərbi hissələrə baş çəkən düşərgə iştirakçıları ərazi ilə tanış olub, hərbi xidmətlə bağlı ilkin məlumatlar öyrəniblər. Düşərgənin sonuncu günü bağlanış mərasimi təşkil olunub.

Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev belə düşərgələrin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların hərbi xidmətə hazırlanması işinə mühüm töhfə olduğunu diqqətə çatdırıb.  Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış Azərbaycan Silahlı Qüvvələrinin bugün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında regionun ən qüdrətli ordusu səviyyəsinə yüksəldiyini qeyd edib.

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov düşərgənin məktəblilərin xatirəsində silinməz izlər qoyacağına əminliyini ifadə edib, vətənpərvər ruhda tərbiyə olunmuş gənclərin ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu bildirib.

Azərbaycan Gənclər Fondunun şöbə müdiri Orxan Ərəbov gənclər siyasəti sahəsində həyata keçirilən dövlət proqramları barədə ətraflı məlumat verib.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət və Azərbaycan Gənclər Fondu ilə birgə əməkdaşlığın nəticəsi olaraq reallaşmış ilk düşərgənin qarşıya qoyulmuş məqsədlərə nail olmaq baxımından müvəffəqiyyətlə yekunlaşdığını deyib.

Sonda düşərgədə fərqlənmiş məktəblilərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Gənclər Fondunun diplomları təqdim olunub.

 





27.08.2019    çap et  çap et