525.Az

Xalq artisti Ramiz Məlikin 70 illik yubileyi keçirilib


 

Xalq artisti Ramiz Məlikin 70 illik yubileyi keçirilib<b style="color:red"></b>

Dövlət Akademik Milli Dram Teatrında görkəmli səhnə ustası, Xalq artisti, dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü Ramiz Məlikin anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Naidə İsmayılzadə və başqaları çıxış edərək R.Məlikin həyat yolundan və Azərbaycan teatr və kinosunda yaratdığı bənzərsiz obrazlar qalereyasından söz açıblar: “1963-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və Kino Aktyorluğu Fakültəsinə daxil olan Ramiz Məlik Rza Təhmasib, Tofiq Kazımov, Məlik Dadaşov kimi qüdrətli sənətkarlardan dərs alıb. O, 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluqla yanaşı, bir sıra pyeslərin tamaşaya qoyulmasında rejissor və rejissor assistenti kimi çalışıb. Ramiz Məlik Azərbaycan Televiziyasında Ənvər Məmmədxanlının “Şərqin şəhəri”, Əlibala Hacızadənin “İnanmırsansa...”, Nəriman Həsənzadənin “Kimin sualı var?” və digər ədiblərin əsərləri əsasında hazırlanmış tamaşalarda yaddaqalan obrazlar yaradıb”.

Qeyd edilib ki, sənətkarın yaradıcılığı Azərbaycan dövləti tərəfindən həmişə yüksək qiymətləndirilib.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən yubilyar bundan sonra da Azərbaycan mədəniyyətinin inkişafı naminə yorulmadan fəaliyyət göstərəcəyini söyləyib. Gecədə rumın dramaturqu Matey Vişnekin eyniadlı əsəri əsasında hazırlanmış “Qoca kloun tələb olunur” tamaşası nümayiş olunub.

Tamaşada Akademik Milli Dram Teatrının qocaman sənətkarları – Xalq artistləri Ramiz Məlik, Rafiq Əzimov, Rafael Dadaşov və Əməkdar artist İlham Hüseynov çıxış ediblər. Yığcam xronometrajı ilə seçilən tamaşanın süjeti kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç klounun əhvalatı üzərində qurulub. Artıq tükənmiş, peşəkar vərdişlərini itirmiş, amma səhnəyə məhəbbəti hələ də qəlblərində daşıyan klounlar tamaşa boyu keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar.

Tamaşa böyük maraqla qarşılanıb.

S.ABDULLAYEVA

 





22.10.2013    çap et  çap et