525.Az

Eşqi Bağırov: "Əvvəlki illərlə müqayisədə gənc müəllim və direktorların sayı artıb"


 

Eşqi Bağırov: "Əvvəlki illərlə müqayisədə gənc müəllim və direktorların sayı artıb"<b style="color:red"></b>

"Təhsil Nazirliyinə direktor olmaq istəyən 3403 namizəd elektron qaydada müraciət edib. Müraciət edənlərdən 1800-ə yaxın namizəd müsabiqənin test imtahan mərhələsində iştirak edib. Bu, əvvəlki illərin statistik rəqəmlərinə görə daha çoxdur".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Şöbə müdiri qeyd edib ki, test imtahanında iştirak edən namizədlərdən təxminən 800 nəfərə yaxını müvafiq keçid balını toplayıb: "Keçid balını toplayan bütün namizədlər mərhələli şəkildə müsabiqənin yekun müsahibə mərhələsinə dəvət olunacaq. Hazırda bizdə vakant yerlərin çoxluq təşkil etdiyi şəhər və rayonlar var ki, ilk olaraq onlardan başlamışıq. Ötən həftə artıq 150 nəfərə yaxın namizəd müsahibə mərhələsində iştirak edib. Bu həftənin sonunadək də müsahibələr təşkil olunacaq".

Eşqi Bağırov bildirib ki, 2019-2020-ci tədris ili üçün direktor vəzifəsi üzrə vakant yerlərə peşəkar və səriştəli direktorlar təyin ediləcək: "Əvvəlki illərlə müqayisədə gənc müəllim və direktorların sayı təbii ki, artıb. Amma ümumilikdə götürsək, orta yaşlı namizədlər daha çoxluq təşkil edir. Direktor olmaq üçün mövcud qanunvericiliyə əsasən, namizədin 5 il pedaqoji stajı olmalıdır və bununla bağlı bir çox namizəd, hətta stajı az olan namizədlər də müraciət edib. Biz onların elektron ərizəsinə imtina vermişik. Ümumilikdə müsabiqələrə qatılan şəxslər artıq stajlı, təcrübəli namizədlərdir".

Şöbə müdiri bildirib ki, müsahibə mərhələsindən bütün iştirakçılar keçmir, hətta bəzən keçid balından artıq bal toplayan namizədlər də müsahibə mərhələsində özlərini yetərincə, lazımi səviyyədə göstərə bilmirlər, onlarla bağlı da təbii ki, qərar mənfi olur: "Ümumilikdə götürsək, ildən-ilə dəyişən odur ki, namizədlərin həm test imtahanı nəticələri, həm müsahibədə göstərdikləri bilik və bacarıq əvvəlki illərlə müqayisədə daha qaneedicidir. Artıq Nazirlik tərəfindən ancaq yekun, müsahibə mərhələsi təşkil olunur. Sadəcə olaraq namizəd sayının çox olduğu nəzərə alınaraq bunu mərhələli şəkildə həyata keçiririk”.

 





28.08.2019    çap et  çap et