525.Az

“Tolerantlıq sisteminin əsasında fərqlərin bərabərliyi prinsipi dayanır”(Müsahibə)


 

“Tolerantlıq sisteminin əsasında fərqlərin bərabərliyi prinsipi dayanır”<b style="color:red">(Müsahibə)</b>

FƏLSƏFƏ DOKTORU ROİDA RZAYEVANIN SÖZLƏRİNƏ GÖRƏ, TOLERANT TƏFƏKKÜR FƏRQLƏRİN MÖVCUDLUĞUNUN ADİ VARLIQ KİMİ QƏBUL EDİLMƏSİDİR

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə doktoru, dosent Roida Rzayeva ilə tolerantlıq anlayışının fəlsəfi mahiyyəti, dialoq mədəniyyəti kimi aktual mövzular barədə söhbətləşdik. Onunla söhbətimiz xoşgörünün xalqımızın milli identikliyinin bir nüansına çevrilməsi, multikulturalizmin Azərbaycanda çoxəsrlik yaşam tərzi kimi formalaşması kimi mövzuları da əhatə edir.    

Həmsöhbətimiz dialoqun qurulmasında fəlsəfənin çox böyük rolu olduğunu, eyni zamanda dialoqun da öz fəlsəfəsinin mövcudluğunu bildirir: “Məlumdur ki, dialoqun qurulmasında fəlsəfənin böyük rolu var. Eyni zamanda dialoqun da öz fəlsəfəsi var. Bu gün dialoq müasirliyin ciddi çağırışlarından biridir. Müasirliyin sosio-mədəni çağırışları dialoq mədəniyyətinin formalaşmasını aktuallaşdırır. Tolerantlıq müasir cəmiyyətin əsas universal dəyərlərindən biri kimi cəmiyyətin bütün sahələrində müşahidə olunan qlobal sosio-mədəni problem statusunu qazanıb. Və  müasir dövrdə onun rolu ümumiyyətlə universal dəyərlərlə rəftar qaydalarının əhəmiyyətinə qədər artır. “Başqası”na qarşı tolerant olmanın əsasında fərq ideyası prinsipial əhəmiyyət qazanır. Tarixən yaranmış müxtəliflik müasir transformasiyalar kontekstində qarşılıqlı əlaqə və anlaşılmanın yeni fəlsəfəsinə ehtiyacı şərtləndirir. Tolerantlıq ictimai təşkilatın bütün səviyyələrində birgə insan həyat fəaliyyətini təşkil edən ən vacib ictimai-mədəni təsir və qarşılıqlı əlaqələrdən biri kimi təqdim edilir. Tolerantlığın xüsusiyyəti odur ki, ona ehtiyac hər dəfə fərqlər, ziddiyyətlər, müəyyən meyarlara görə təzahürlərin  bənzəməmək məqamlarından bəhs edildikdə yaranır. Tolerantlıq sisteminin əsasında fərqlərin bərabərliyi prinsipi dayanır. “Başqa” və yaxud “Başqası” tolerantlıq üçün təbii və organik mühitdir, bu başqalarını razılıq, anlama və əməkdaşlıq əsasında qəbul etmək və onlarla əməkdaşlıq etmək hazırlığıdır. “Başqası” müqayisə və üstün gəlmə tələb etmir, varlıq keyfiyyətinin ayrılmaz xüsusiyyəti kimi çıxış edir, hansı ki, olmadan nə fərdi, nə də ictimai inkişaf mümkün deyildir. Dialoq fəlsəfəsi tolerantlıq, mədəniyyət və fəlsəfənin qarşılıqlı münasibəti, ünsiyyət prosesinin etik aspektləri, “elmlərarası dialoq” kimi tərkib hissələri ilə gender problematikasını da ehtiva edir. Beləliklə tolerantlıq və “Başqası” müasir dövrün aktual məfhumları arasındadır. Qarşılıqlı tolerant münasibət “Başqası”nı başa düşməyi nəzərdə tutur. Tolerant təfəkkür, fərqlərin mövcudluğunun adi varlıq kimi qəbul edilməsidir, halbuki, dialoq özünü özünün ziddi ilə qəbul etməkdir”.

R. Rzayeva tolerantlıq prinsipini ümumiyyətlə, ictimai varlığın şərti kimi səciyyələndirir: “Tolerantlığı insanın heysiyyəti və “Başqası”nda eyni heysiyyətin tanınması kimi də müzakirə etmək olar. Tolerantlıq məsələsi müəyyən cəmiyyətin mədəni ənənələrinə də əsaslanır”.

Son illər dialoq və multikulturalizm sahəsində keçirilən tədbirlərin bir çoxuna Azərbaycanın ev sahibliyi etdiyini vurğulayan alim maraqlı nüansları xatırladır: “2008-ci ilin dekabrın 2-3-də Bakıda keçirilmiş konfransda prezident İlham Əliyev öz nitqində müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” təşəbbüsünü irəli sürüb. Bakı (Azərbaycan) belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilib. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır, çünkü əsrlər boyu Azərbaycan tolerantlıq nümunəsi göstərib, milli və dini dözümlülük Azərbaycanda yüksək səviyyədədir. Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan dünyanın ən tolerant ölkəsi elan edilib. (ABŞ-ın “The Washington Post” qəzetində Dünya Dəyərlər Sorğusu altında 80-dən çox ölkədə keçirilən araşdırmaların nəticələri dərc olunub). Məhz buna görə də Azərbaycanda multikulturalizm üçün şərait mövcuddur. Bu məsələdə Azərbaycanın təcrübəsi, dini və etnik tolerantlıq multikulturalizm üçün daima münbit şərait yaradıb. Bu il üçüncüsü keçiriləcək Beynəlxalq Humanitar Forumlar ənənəvi olaraq Bakıda keçirilir və dialoq, tolerantlıq və multikulturalizm mövzularında seksiyanı ehtiva edirlər.

2011-ci ildə (4-7 aprel) Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, bu forumun çərçivəsində “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub. Prezidentin 2011-ci il 27 may tarixli fərmanına əsasən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iki ildən bir  keçirilir. Beləliklə tolerantlıq müasir mədəniyyətin formalaşmasının şərti kimi çıxış edir. Hər hansı ictimai tolerantlıq fərdi tolerantlıqların cəmidir, bu isə insanlar arasında fərqlərin silinməsinə deyil, bu fərqlərin öz nadir fərdiyyətində bərabər olaraq qəbul edilməsinə gətirir. Qloballaşma şəraitində dialoqun alternativi yoxdur”.

Müsahibimiz multikulturalizm mövzusunu müxtəlif baxış bucağından təhlilə cəlb edir: “Bu gün multikulturalizm ideologiya, siyasət və diskurs kimi səciyyələnir, bu da mültikulturalizm gündəliyinin geniş yayılmasına və aktuallığına gətirib çıxarır. Həmçinin, multikulturalizm özü diskurs növü olaraq, bir neçə diskursda baxıla bilər. Bunlardan biri posmodernist diskursdur. Multikulturalizmin ideoloji və siyasi kontekstləri multikulturalizmə bir hadisə kimi həm müsbət, həm mənfi münasibəti özündə birləşdirir. Multikulturalizmə mənfi münasibət, 60-cı illərin ortalarından multikulturalizm ideologiyası qarşısında geriləyən, onun dominanta olaraq etnomilli əsas və müxtəlif mühacir qruplardan ibarət “əritmə qazanı” kimi anlaşılmasından irəli gəlir. “...Etnik qrupların nümayəndələri ümumi əhval-ruhiyyəyə və ölkənin dəyərlərinə uyğundurlarsa yad görsənmirlər” , yəni kontekstin çərçivəsindən çıxmayaraq, müəyyən əsas sosial zəmində etnokulturoloji fərqlər möhkəmləndirilir. (bu görüntünü Neysbitin “Meqatrendlər” əsərində Amerika cəmiyyətinin timsalında izləmək olar). Bu münasibət multikulturalistin açıq-aşkar irqçi kimi xarakterizə olunmamasında da özünü göstərir, belə ki, “multikulturalistin Başqasının özəlliyinə hörməti özünün üstünlüyünü təsdiq etmə formasıdır”. “Postmodernizm” dövri mətbuatın humanitar istiqamətlərində ən çox işlədilən termindir. Hazırda postmodernizm fenomeni fəlsəfi maraqların mərkəzindədir, çünki müasir mədəniyyətə səciyyəvi olan mücərrəd mühakimə növünü ifadə edir. Multikulturalizm layihəsi, yaşama hüququ olan və özünə hörmət tələb edən, bir çox mədəniyyətli qlobal birliyin yaranmasını nəzərdə tutan postmodern proqramının tərkib hissəsi hesab edilir. Bu fikrin özünəməxsus təfsiri multikulturalizm konsepsiyasının özülü olan sinqulyarlıqlar nəzəriyyəsinin əsasını təşkil edir. Hakim intellektual paradiqmanın əvəzlənməsi, mədəni kodların və dəyərlər sisteminin dəyişməsi ilə səciyyələnən bir mədəni kontekstdən digər kontekstə keçmək deməkdir”.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





22.10.2013    çap et  çap et