525.Az

Əhməd bəyin nihilizmi? - Vilayət Quliyev yazır


 

Əhməd bəyin nihilizmi? - <b style="color:red">Vilayət Quliyev yazır </b>

Əhməd bəy Ağaoğlu-150

XX əsrin başlanğıcında Avropa klassikasından ilk nümunələr Azərbaycan türkcəsinə çevriləndə mütərəqqi həmişə Qərb dəyərlərinə mühüm önəm verən Əhməd bəy sevincini gizlətməmişdi. Hətta bir qədər maksimalizmə yuvarlanaraq "Mən bu tərcümələrdən çox şey, lap çox şey gözləyirəm - məktəblərin verəcəyindən də, qəzetlərin gətirəcəyindən də çox şey! Orijinal əsərlərə gəldikdə isə, fikrimcə, onların çoxu hər hansı bir Avropa klassikindən edilmiş tərcümənin yarım səhifəsinə də dəyməz" - deyə yazmaqdan da çəkinməmişdi.

Belə məqamda istər-istəməz Mirzə Fətəlinin "Füzuli şair deyil, xəyalatında əsla təsir yoxdur. Ancaq nazimi-ustaddır" -  sözlərini xatırlamamaq olmur.

Yeri gəlmişkən, Füzuli irsinə münasibət məsələsində də Əhməd bəy müəyyən mənada M.F.Axundzadənin mövqeyinə tərəfdar çıxmışdı. Böyük şairin irsindən yalnız aydın sosial məzmuna və kəskin ictimai-mənəvi mündəricəyə malik ifşaçı ruhlu "Şikayətnamə" əsərinə yüksək dəyər vermişdi. Oğlu Səməd atası ilə ümumtürk ədəbiyyatı haqdakı davamlı söhbətlərindən onun Füzuli yaradıcılığı ilə bağlı aşağıdakı sözlərini diqqətə çatdırırdı: "Füzuli "Şikayətnaməsi" ilə bir dövr açmaq istədi. Əgər bu yol davam etsəydi, bu gün dünyanın ən qabaqcıl ədəbiyyatına biz türklər sahib olacaqdıq. Ədəbiyyat şeir və roman şəklində bir millətin ruhunun ifadəsidir. Bir millətin ruhu isə o milləti formalaşdıran fəlakət və ya səadət dolu hadisələrlə yaşamaq haqqı qazanır. O halda bu ruhdan uzaq bir ədəbiyyat nə qədər gözəl də olsa, yaddaşlarda iz buraxa bilməz. Füzuli içərisində yaşadığı cəmiyyətin bütün fərdlərini bürüyən müştərək bir xəstəliyi ruha xitab edən şeir və ədəbiyyat ilə meydana atdığı üçündür ki, "Şikayətnaməsi" ilə əbədi qalacaq və fəqət qəzəlləri ilə yaşamaq bir yana dursun, undulacaqdır.

Həqiqi inqilabları bu ruha xitab etməyi bacaran adamlar edərlər. Bizdə belə adamlar hənuz yetişməmişdir".

Fikrimiz burada M.F.Axundzadənin, yaxud Ə.Ağaoğlunun Füzuliyə münasibətinin yanlışlığı barəsində mübahisə açmaq, onlara bəraət axtarmaq deyil. Sadəcə, yaşadığı dövrün şərtləri, mənsub olduğu xalqın vəziyyəti ilə əlaqədar Əhməd bəy ədəbiyyatdan ciddi sosial məzmun, tərbiyəvi əhəmiyyət, tarixi baxış, ictimai ruh və yenilikçi əhval-ruhiyyə tələb edirdi. Azərbaycan şair və yazıçılarının həyatın ortaya atdığı təxirəsalınmaz məsələlərə fəal müdaxiləsini, cəmiyyətin müəllimlərinə, dəyişikliklərin bayraqdarına çevrilmələrini istəyirdi. Milli ədəbiyyatda böyük bəşəri ehtiraslarla yaşayan güclü xarakterlərin, milyonlarla insanı yerindən oynatmağa qadir süjet, mövzu və kolliziyaların olmasını arzulayırdı. Və öz ədəbiyyatımızın bu tələblərə cavab vermədiyini görəndə dünya təcrübəsini öyrənməyi, çiy əsərlər yazmaq əvəzinə zəhmət çəkib Avropa klassikasını ana dilinə tərcümə etməyin vacibliyini vurğulayırdı.

Bir az nihilizm çaları daşımasına baxmayaraq, Əhməd bəy həyatının sonuna qədər bu düşüncələrinə sadiq qalmışdı. 1930-cu ildə bir münasibətlə müraciət etdiyi Şekspir yaradıcılığının möhtəşəmliyindən, böyük ingilis dramaturqunun yaratdığı əzəmətli obrazlar qalereyasından söz açaraq yazırdı:

"Bu yüksək, ilahi iztirabları duyacaq qəlblərə malik olsaydıq, bizdə də o iztirabları təsvir edə bilən Şekspirlər yetişərdi... Biz südəmər qardaşlarını bələkdə boğduran insanların yetirmələriyik. O məsumların fəryadları da əvəzində daxilimizdəki vicdan səsini boğmuş, bizi əbədi bir lənətə məhkum etmişdir".

lll

Aşağıda tam mətnini verdiyimiz məqalədən də göründüyü kimi, Əhməd bəy Şekspirin "Otello" və Şillerin "Qaçaqlar" dramlarının Azərbaycan türkcəsinə tərcüməsindən yalnız bir örnək xarakteri daşıyan diqqətəlayiq ədəbi fakt kimi söz açmışdı. Həmin tərcümələrin bədii məziyyətlərini, dil və üslub xüsusiyyətlərini, orijinala uyğunluq dərəcəsini, səhnə təcəssümünü araşdırmamışdı.

Mehdi bəy Hacınskinin Şillerdən tərcüməsinə xüsusi iradlar olmasa da, Haşım bəy Vəzirovun çevirdiyi "Otello" dövrün ədəbi ictimaiyyətində haqlı etirazlar doğurmuşdu. Həm də açığını desək, bu tərcümənin məziyyətlərindən daha çox Haşım bəyin öcəşkən, davakar təbiəti ilə bağlı olmuşdu. Yəni Mehdi bəy Hacınski iddiaları və qalmaqalları ilə ədəbi fikrin gündəmində olmadığından onun tərcüməsinin qüsurlarına da xüsusi diqqət yetirməmişdilər. Az qala hamıya ilişən Haşım bəy Vəzirova isə fərqli münasibət sərgilənmişdi.

 Böyük Sabir ingilis dilini bilməsə də, 1910-cu ildə Haşım bəyin tərcüməsində teatrda "Otello" tamaşasına baxandan sonra haqlı olaraq dünyaca məşhur Şekspirin belə yazmadığı, yaza bilməyəcəyi qənaətinə gəlmiş və bir neçə gündən sonra  "Molla Nəsrəddin" jurnalında məşhur

Öylə bir tərcümə ki, ruhi-Şekspir görcək,

Ağladı ruhi-Otelloyla bərabər özünə!

"Ah mütərcim! - deyə bir odlu tüpürcək atdı,

O da getdi düşdü düz tərcüməkarın gözünə - taziyanəsini çap etdirmişdi.

Həmin dövrdə Mirzə Cəlil jurnala müvəqqəti redaktorluğu Məhəmmədəli Sidqiyə tapşıraraq Tiflisdən uzaqlaşmışdı. Qarabağda, yeni evləndiyi Həmidə xanım Cavanşirin malikanəsində yaşayırdı. Hansı müəlliflərlə (onların sırasında ilk yerdə Haşım bəy Vəzirov dayanırdı) daha ehtiyatlı olmaq haqqında Sidqiyə ətraflı təlimat versə də, görünür, məsləhəti unudulmuşdu.

Təbiət etibarı ilə sərt və tündməzac adam olan Haşımbəy təbii ki, ünvanına söylənən tənqidi cavabsız qoymamışdı. Amma görünür, Sabirin dilinə düşmək istəmədiyindən cavabını Mirzə Cəlilə və Sidqiyə ünvanlamış, "Düşdü bəylik eşqinə, getdi Cəlil Gülmeşəyə, Bəyliyi sevməz imiş, leyk yalanmış nitqi" misraları ilə başlanan cavab taziyanəsini özünün "Səda" qəzetində çap etdirmişdi...

P.S. Təbii ki, məqalənin başlığındakı "tatar dili" ifadəsi altında Azərbaycan türkcəsi nəzərdə tutulur. Orijinalın ruhunu daha dəqiq əks etdirmək məqsədi ilə bu istilahı olduğu kimi saxlamaq qərarına gəldik.

ŞEKSPİRİN "OTELLO"SU VƏ ŞİLLERİN "QAÇAQLAR"I TATAR DİLİNDƏ

Əhməd bəy Ağaoğlu 

Oxucudan gizlətmirəm - bu məqaləni yazmağa heç vaxt hiss etmədiyim bir məmnuniyyət duyğusu ilə başlayıram. Çünki arzularımın həqiqətə çevrilməsinin, müsəlmanların həyatında gerçəkləşməsinə uzun zaman ümid edə bilmədiyim, ən çılğın istəklərimin mayasını təşkil edən bir təşəbbüsün başlanğıcı haqda yazıram. Söhbət yüksək səviyyəli Avropa yazıçılarının tatar dilinə tərcüməsindən, müsəlman kütlələrinə onların əsərlərində öz əksini tapan əqli və hissi zənginliklərlə tanış olmaq imkanı yaradılmasından gedir.

Qoy ilk vaxtlar bu tərcümələr o qədər də mükəmməl görünməsinlər. Qoy məna və dəqiqlik baxımından müəyyən qüsurları olsun. Qoy başlanğıcda kifayət qədər oxucuları tapılmasın. Bütün bunların heç bir əhəmiyyəti yoxdur. Təki Avropa yazıçılarını tatar dilində oxumaq imkanı yaransın! Onların əsərlərində öz əksini tapan fikirlərin böyüklüyü, hisslərin gözəlliyi, üslubun mükəmməlliyi başqa dilə çevrilən zaman hətta öz ilkinliyini müəyyən qədər itirsə də, inanıram ki, sonda mütləq oxucularımızn diqqətini çəkəcək, zövqləri dəyişəcəklər. Yeni, daha mükəmməl tərcümələrin meydana çıxması üçün tələbat yaradacaqlar.

Mən bu tərcümələrdən çox şey, lap çox şey gözləyirəm - məktəblərin verəcəyindən də, qəzetlərin gətirəcəyindən də çox şey!

Orijinal əsərlərə gəldikdə isə, fikrimcə, onların çoxu hər hansı bir Avropa klassikindən edilmiş tərcümənin yarım səhifəsinə də dəyməz. Hər dəfə tatar dilində orijinal bir əsər oxuyanda, yaxud fikir bildirmək üçün hansısa orijinal bir kitab alanda kədər hissi ilə onlara itirdiyim vaxta, bu əsərlərin məndən qopardığı canlı, coşqun enerjiyə təəssüflənirəm. Və aşağıdakı sözləri deməkdən özümü saxlaya bilmirəm: "Ah, kaş bu müəlliflər mənsub olduqları xalq üçün son dərəcə qiymətli sayılan qüvvə və istedadlarını birinci dərəcəli rus və Avropa yazıçılarının əsərlərinin tərcüməsinə sərf etsəydilər! Belə işə ayırılan vaxt necə müqayisəyəgəlməz dərəcədə faydalı olardı, nə qədər böyük səmərə gətirərdi!"

Həqiqətən də! Bizim müsəlmanlar indiki inkişaf mərhələsində böyük əksəriyyət etibarı ilə tərbiyəyə möhtacdırlar. Onların öz əqli fəaliyyətlərini, hisslərini, zövq və tələbatlarını inkişaf etdirmələrinə ehtiyac vardır.

Amma məsələ buradadır ki, müsəlman mühiti öz daxilindən düha və istedadlarının böyüklüyü, əhatəliliyi ilə həyatın qarşıya qoyduğu tələbatlara cavab verəcək  müəllimlər yetirməyə qadir deyildir. Bunun üçün ilk növbədə həmin mühitin bir neçə nəsil boyu özünü, öz hiss və ağlını tərbiyə etməsi, bilik, zəka və enerji ehtiyatı toplaması lazımdır. Əsrlər boyu yaradılan həmin ehtiyat isə məlum məqamlar yetişəndə ümumi ağıl və düşüncənin daşıyıcıları olan dühalar, istedadlar yetirmək yükünü öz üzərinə götürməlidir. Orta əsrlərdə (mətndə belədir. Çox güman ki, müəllif ötən yüzilliyi nəzərdə tutaraq əsrin ortalarında demək istəyib - V.Q.) Fransanı Viktor Hüqo və Kantsız, Rusiyanı Dostoyevski və Tolstoysuz təsəvvürə gətirmək mümkün olmadığı kimi bizim günlərdə də müsəlman mühitində kütlələri  arxasınca aparmağı bacaran belə müəllimlərin mövcudluğunu təsəvvürə gətirmək qeyri-mümkündür. Əslində, Dostoyevski də, Viktor Hüqo da müvafiq şəkildə öz ölkələrinin təmsilçiləri kimi rus və fransız qəlbinin, hissinin, bu xalqlara və mühitlərə xas ümumi ideyaların, biliklərin, təşəbbüslərin nümunəvi ifadəçiləri, örnəyə çevrilən məcmusu kimi çıxış etmişdilər. Bəs ən yüksək dairələrə mənsub təmsilçilərinin də bütünlükdə yenidən tərbiyəyə ehtiyac duyduqları bir şəraitdə ölkəmizin şəksiz istedada malik nümayəndəsi nəyi ifadə edə bilər?

Digər tərəfdən, belə bir yenidən tərbiyənin zəruri bünövrəsinə çevriləcək  ümumbəşəri hiss və ideyaları əxz etmək üçün biz hara və kimə üz tutmalıyıq? Aydın məsələdir ki, Qərbə! Amma aydın məsələdir ki, Qərbə üz tutub oradakı ümumbəşəri hiss və ideyaları mənimsəmək fikrinə düşdüyümüz zaman biz onları ilkin mənbədəki kimi nümunəvi şəkildə, bütün dərinliyi və cazibədarlığı ilə ifadə edə bilməyəcəyik, onlara Qərb yazıçıları kimi son dərəcə mükəmməl və diqqəti çəkən forma, şəkil verə bilməyəcəyik. Əgər belədirsə, o zaman nəzərlərimizi birbaşa ilkin mənbələrə - Avropa ədəbiyyatının bizə hazır şəkildə verdiyi təqlidolunmaz nümunələrə çevirməyimiz daha yaxşı olmazdımı?

Ümumbəşəri hiss və ideyalarla müqayisəyəgəlməz dərəcədə tam, doğru şəkildə tanış olmaqla bir sırada müsəlman yazıçıları, bütünlükdə, müsəlman kütləsi həmin əsərlər vasitəsi ilə estetik tərbiyə ala bilərlər. Beləliklə də tədricən öz fikir və duyğularının cəlbedici ifadəsinə, bu və ya digər vəziyyətin dəqiq təsvirinə yiyələnərlər. Sözün qısası, öz yaradıcılıqlarına düzgün və gözəl forma meyarları aşılamağa nail olarlar. Bu mənada bütün yeni başlayan xalqlar köhnələrin şagirdi olublar. Məsələn, Rusiya Avropanın, Avropa Romanın, Roma Yunanıstanın şagirdliyi mərhələsindən keçib. Həm də başlanğıcda, yəni özləri inamla ayaq üstdə durana qədər şagirdlər müəllimlərini yüzdə yüz təqlid edirlər. Onları köləcəsinə yamsılamağa çalışırlar. Bu yolla köhnə xalqlar yenilərə öz fikir və hiss xəzinələrini, üstəlik də həmin bədii sərvətin  ifadə olunduğu gözəl, mükəmməl formaları ötürürlər. Nəticədə bəşər taleyinin fasiləsizliyinin, onun təbiətinin və son məqsədinin ümumiliyinin təmin edilməsi yolunda yeni bir halqa yaranır.

Lakin bütün digər xalqların həyatında müşahidə olunan bu inqilabi mərhələnin qaçılmazlığı ilə bir sırada biz müsəlmanlar onun üzərində bir də təbiətimizə xas olan mülahizələr görə dayanmalıyıq.

Şərq adamları kimi kvietizm (Katolik xristianlarda mistik-seyrçi təlim. Bu təlimin tərəfdarları insanları canlı fəaliyyətdən və məsuliyyət hissindən çəkindirir, həyatın ortaya atdığı və həlli tələb olunan bütün məsələlərdə passiv-seyrçi mövqe tutmağa təşviq edirdi - V.Q.) necə deyərlər, bizim qanımıza hopub. Biz həyatdan həvəslə təcrid olunuruq, xüsusi canfəşanlıqla torpaqdan səmaya can atır, böyük bir şövqlə o biri dünyanı bu dünyadan üstün tuturuq.

Biz torpağa baxmaq istəmirik. Yerlə səma arasındakı daimi, arasıkəsilməz əlaqənin mövcudluğunu həvəslə unuduruq. Unuduruq ki, yerdə özünə gün-güzəran qurmağı bacarmayanlar torpağın ayaqları altından sürüşməsinə imkan yaradırlar və  nəticədə can atdıqları səmaya da qovuşa bilmirlər. 

Bu səbəbdən də bizim hisslərimiz, həyatımız və mənəviyyatımız nə torpağa bağlıdır, nə də səmavi mahiyyət daşıyır. Biz dayaqsız, istinadsız və qayğısız halda bu iki substansiya arasında vurnuxuruq.

Şərqə hamı belədir. Müsəlmanlar da onlardan fərqlənmir. Odur ki, bizdə xarakterlər - yəni möhkəm iradəyə, güclü hiss və duyğulara malik insanlar yoxdur. Ona görə də Asiya xalqlarından heç birinin ədəbiyyatında siz belə möhtəşəm xarakterlər üzərində qurulan ədəbi janrlara - romana, faciəyə, komediyaya rast gələ bilməzsiniz. Əksinə, ədəbiyyatın bütün şəkilləri, təfəkkür və təxəyyülün bütün təzahürləri öz əksini ya insanı dərin uyquya verən nəhayətsiz  lirizmdə, ya da mistika dumanında və alatoranında tapmaqdadır.

Belə əhval-ruhiyyəyə yeganə etiraz islamdan gəldi. O, ilk dəfə Asiya sakinlərinə gerçək həyatın mövcudluğunu xatırlatdı. İslam onları uyuduqları səmavi yuxudan oyatmağa çalışdı. Təkidlə yadlarına saldı ki, torpaqsız səma mövcud deyil. Birinci digərinin astanasıdır. Torpaq üzərində möhkəm dayanmağı bacarmayanlar səmaya da qanadlana bilməzlər.

Həqiqi mövcudluğa bu çağırış, yaşamaq sevgisinin bu yeni dalğaları müsəlmanların dünyanın hər tərəfindən həyati başlanğıca malik olan, həyatı böyüdən, zənginləşdirən, yüksəldən bütün dəyərləri toplamalarına səbəb oldu. Müsəlmanlar bu məqsədlə yunanlara, yəhudilərə, hindlilərə, zərdüştilərə, üz tutdular. Adıçəkilən xalqların ədəbiyyatında gözəl, həyati, ağıllı nə varsa hamısını mənimsəyib əxz etməyə, öz dillərinə çevirməyə başladılar.

Lakin müəyyən müddət keçəndən sonra şərqli təbiətimiz yenidən özünü büruzə verdi. Biz yenidən kvietizm girdabına yuvarlandıq. Yenidən nəzərlərimizi səmaya zillədik, xoşbəxtliyi əsla olmadığı yerlərdə axtarmağa davam etdik.

İndi Avropa sivilizasiyası təzədən bizi həqiqi, canlı həyata səsləyir. Yuxarıda da gördüyümüz kimi, bu həyatın formalarını biz daha mükəmməl şəkildə Avropa yazıçılarının əsərlərindən əxz edə bilərik.

Tamamilə fərqli bir sivilizasiyanın təmsilçiləri olan, "Özünün bütün formalarında həyat, yalnız həyat!" kimi son dərəcə mühüm bir şüarla çıxış edən avropalı müəlliflərin əsərləri, fikrimcə, məngənəsində sıxılıb qaldığımız, mənəviyyatımızı pozan kvietizmə qarşı ən yaxşı mübarizə vasitəsidir. Yalnız bu əsərlər istər formalarının mükəmməlliyi, istərsə də məzmunlarının möhtəşəmliyi baxımından bizi daldığımız uyqudan oyanmağa səsləyə bilər, şüurumuzu istəyimizə uyğun gələn hansısa mübhəm xəyalların dumanlandırmasından xilas edə bilər.

Şillerin "Qaçaqlar"ındakı Frans Moorun, yaxud Şekspirin "Otello"sundakı Dezdemonanın yalnız səhnədə görünmələri, yaxud bu əsərlərlə ana dilində tanışlıq müsəlmanların qəlblərində və düşüncələrində bütöv bir çevriliş yaratmağa qadirdir. Avropa ədəbiyyatında hələ nə qədər bu cür ən yüksək hiss və fikirləri ifadə edən nümunələr mövcuddur! Onlar bizə necə güclü təsir göstərə bilərdilər, fəaliyyətsiz təbiətimizi necə silkələyə bilərdilər! Aramızda necə təqlid impulsları doğura bilərdilər!

Bax bu səbəbdən də mən "Otello" və "Qaçaqlar"ın tatar dilində meydana çıxmasını tatar ədəbiyyatında yeni bir sübh şəfəqi kimi alqışlayıram.

Birinci tərcüməyə görə biz Şuşadakı rus-tatar məktəbinin nəzarətçisi, tatar ədəbiyyatında bir neçə uğurlu komediyanın müəllifi kimi tanınan Haşım bəy Vəzirova, ikinciyə görə isə Mehdi bəy Hacınskiyə borcluyuq. Əsərlər rus dilinə tərcümədən çevrilib. Tərcüməçilərin üzləşdikləri çətinliklər isə həddən artıq böyük olub. Zəngin, işlək, ədəbi baxımdan mükəmməl sintetik dildən hələ tam formalaşmayan, ifadə vasitələri kasıb olan analitik dilə tərcümə etmək lazım idi. Lakin buna baxmayaraq, hər iki əsərin dili rəvan və oxunaqlıdır, asan anlaşılır. Cənab Vəzirov və cənab Hacınski həqiqətən də tatar ədəbiyyatında olduqca faydalı bir işin əsasını qoyublar. Bu tərcümələrin nəşri heç şübhəsiz, ədəbiyyat tarixində bütöv bir epoxa təşkil edəcəkdir. İnanmaq istərdik ki, bütün ziyalı müsəlman oxucuları cənab Vəzirov və cənab Hacınskinin əməyini böyük minnətdarlıq hissi ilə qarşılayacaqlar. Hər iki əsərin nəşrinin mümkün qədər tez bir zamanda gerçəkləşməsi ilə bağlı səmimi arzumuza ürəklə qoşulacaqlar.

Rus dilindən tərcümə edən: Vilayət Quliyev

 





02.09.2019    çap et  çap et