525.Az

Uşaq pulu bərpa olunacaqmı? - Şərh


 

"TƏKLİFLƏR VERİLƏRKƏN MALİYYƏ YÜKÜ AMİLİ MÜTLƏQ NƏZƏRƏ ALINMALI, AİLƏLƏRİN SOSİAL MÜDAFİƏSİNDƏ HANSI PROQRAMLARIN DAHA ÇOX FAYDA VERDİYİ ÖNƏ ÇIXARILMALIDIR"

Uşaq pulu bərpa olunacaqmı? - <b style="color:red">Şərh </b>

Cari il ərzində Azərbaycanda qəbul olunan iki sosial islahatlar paketi cəmiyyətdə uşaq pulu ilə bağlı məsələnin də həll olunacağına dair ümidləri artırıb. Bu sosial müavinət növünün bərpası ölkə ictimaiyyətinin, xüsusilə aztəminatlı ailələrin dövlətdən əsas gözləntiləri sırasındadır.

Vətəndaşlar minimum əməkhaqqının artırılması, problemli kreditlərin həlli, müxtəlif növ sosial müavinət və pensiyaların artırılması, eləcə də yeni müavinət formalarının yaradılmasından sonra dövlətin uşaq pulu məsələsində də müsbət qərar çıxaracağına ümid edirlər.

Bugünlərdə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov hökumətin uşaq pulu məsələsini ciddi şəkildə müzakirə etdiyini deyib. O qeyd edib ki, hazırda hökumətdə müzakirə aparılır, xarici ölkələrin təcrübəsi öyrənilir: "Bu, dünyada, həmçinin, postsovet məkanında necədir və sair... Tutaq ki, hər uşağa 30 manat pul verirsən, əslində, bunu verməsən, daha yaxşı olar. Elə bir variant seçməliyik ki, valideynin üstündən yük götürülsün. Məsələn, uşağın məktəb ləvazimatı, digər məsələləri, qidalanması var, gərək pul ona çatsın. Həm də elə olmalıdır ki, dövlətin bu vəsaiti ayırmağa gücü çatsın. Hər şey qaydalar çərçivəsində olmalıdır".

S.Novruzov özünün Feysbuk səhifəsində isə qeyd edib ki, pensiya, aylıq müavinətlər və uşaq pulu ilə bağlı parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələr aparılır: "Çalışırıq ki, xüsusilə uşaq pulu ilə bağlı elə bir forma müəyyənləşdirək ki, uşaqların zəruri tələbatlarını qarşılaya bilsin, eyni zamanda, ailənin maddi yükünü azaltsın".

Deputat Aydın Hüseynov isə "Xəzər" TV-yə açıqlamasında bildirib ki, uşaq pulunun bərpa edilməsi üçün lazım olan tələblər Azərbaycanda aktual deyil: "Uşaq pulu adlanan vəsait sosialist düşərgəsinə daxil olan keçmiş ölkələrin bəzisində isə hələ də aztəminatlı, çoxuşaqlı ailələrə sosial yardım məqsədilə verilir".

Azərbaycanda aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması məqsədilə ciddi tədbirlər həyata keçirildiyini deyən deputat ölkədə nəinki aztəminatlı ailələr, digər təbəqədən olan insanların da inkişafı naminə ciddi layihə və proqramların mövcud olduğunu bildirib.

A.Hüseynovun sözlərinə görə, uşaq pulu mövzusu ətrafında müzakirələr manipulyativdir: "Azərbaycan hökuməti həyata keçirdiyi siyasətlə ali məqsədinin nə olduğunu hər dəfə sübut edir".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev isə "Report"a açıqlamasında bildirib ki, bu il ərzində dövlət minimum əmək haqqının və minimum pensiya məbləğinin kəskin artımına gedib: "Bu, dövlətin əhalinin maddi rifahının yüksəlməsi üçün daha böyük sosial yük götürdüyünü və məsələləri köklü şəkildə həll etmək niyyətini nümayiş etdirir. Azərbaycan əhali artımının aşağı olduğu, demoqrafik problem yaşayan ölkələrdən olmadığı üçün belə addımın atılması zərurəti yoxdur. Uşaqlar üçün verilən müavinətin bərpası formasında təkliflər verilərkən maliyyə yükü amili mütləq nəzərə alınmalı, bütövlükdə ailələrin sosial müdafiəsində hansı proqramların (ünvanlı sosial yardım sistemi, özünəməşğulluq proqramları) daha çox fayda verdiyi önə çıxarıla bilər".

"Bu il büdcədən təxminən 4 milyard manata yaxın əlavə vəsait tələb olunub ki, sosial sahədəki mövcud artımların reallaşdırılması mümkün olsun. Ölkə başçısı ilin əvvəlində çıxışında qeyd etmişdi ki, büdcənin gəlirləri artdıqca sosial müdafiə sahəsinə də diqqət artırılacaq və əhalinin yaşayış rifahı yüksələcək" - deyə M.Quliyev əlavə edib.

Uşaqlar üçün verilən müavinətin bərpası məsələsinə gəlincə, komitə üzvü vurğulayıb ki, bu, diskussiya mövzusu kimi maraqlıdır: "Hesab edirəm ki, hökumətin də müvafiq qurumlarında bu məsələ müzakirə olunur. Milli Məclisdə də bu məsələ bir neçə dəfə müzakirəyə çıxarılıb. Azərbaycanda 2000-ci illərin əvvəllərində sosial müavinətin uşaq pulu şəklində verilməsi həyata keçirilirdi. Lakin sonradan uşağı olmayan ailələrin, eləcə də aztəminatlı ailələrin də sosial müdafiəsini də dövlət öz üzərinə götürməsi, onlara da müavinətlər verilməsi təklif olundu. Ünvanlı sosial yardım prinsipinə üstünlük verildi. Ancaq həm uşaq pulunun, həm də ünvanlı sosial yardımın verilməsi məqsədəuyğun deyil. Çünki uşaq pulu yuxarı məbləğdə təyin olunacaqsa, ailə avtomatik ünvanlı sosial yardım almaq imkanından xaric olunacaq. Yəni ailənin gəlirləri artacaq və onlara ünvanlı sosial yardım tətbiq olunmayacaq. Bəziləri də təklif edir ki, uşaq pulu ailənin gəlirlərindən asılı olmayaraq hər kəsə verilsin. Burada da sosial ədalət prinsipinə sadiq qalınmalıdır. Çünki elə ailə var ki, onların gəlirləri olduqca yüksəkdir. Onların ailəsinə dövlət tərəfindən 50 və ya 100 manatın verilib-verilməməsi ailə büdcələrinə hiss olunacaq dərəcədə təsiri olmayacaq. Lakin həmin vəsaiti aztəminatlı ailənin uşağına yönəltsək, bu, daha yaxşı olar".

Qeyd edək ki, uşaq pulunun bərpası ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov təkliflər paketi hazırlayaraq hökumətə təqdim edib. Məsələ ilə bağlı "Yeni Müsavat"a açıqlama verən V.Bayramov bildirib ki, uşaq pulunun bərpası ilə bağlı mexanizmi hökumətə təqdim etdikdə həm parlament üzvləri, həm də digər dövlət qurumları ilə məsələ müzakirə edilib: "Parlamentdə ilkin olaraq 3 yaşına qədər uşaq pulunun verilməsi müzakirə edilib. Lakin nə parlamentdə, nə də hökumət qurumları tərəfindən uşaq pulunun bərpası ilə bağlı vaxt göstərilib".

"Ölkədə 17 yaşınadək uşaqların sayı 2,7 milyondur. Bunun 640 min nəfəri 3 yaşınadək olan uşaqlardır. Biz isə uşaq pulunun bərpası ilə bağlı üç yaş qrupu müəyyənləşdirmişik. Birinci yaş qrupu 3 yaşına qədər olan uşaqlardır. Bu yaş qrupunda olan uşaqlara daha çox uşaq pulunun verilməsinin tərəfdarıyıq. Bunun səbəbi də onunla bağlıdır ki, 3 yaşına qədər olan uşaqların xərcləri daha çoxdur. Uşaq qidaları bahadır, səhiyyə xərcləri var. İkinci qrupa 3-6 yaş arası uşaqlar daxildir. Üçüncü mərhələyə 7-17 yaş arası olan uşaqlar daxildir. Bizim hesablamalarımız göstərir ki, bütün 17 yaşına qədər uşaqlara uşaq pulunu vermək üçün 1.6 milyard manat vəsait tələb olunur. Bu büdcə xərclərinin təxminən 6 faizi deməkdir", - deyə V.Bayramov qeyd edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzi büdcədə həmin vəsaitə necə qənaət edilməsinə və həmin vəsaitin maliyyələşdirilməsi yollarını da göstərib. V.Bayramovun sözlərinə görə, investisiya və infrastruktur xərclərinə qənaət etməklə uşaq pulu bərpa oluna bilər.

Xatırladaq ki, 2006-cı il iyunun 1-dən Azərbaycanda uşaq pulu ləğv olunub. Hazırda uşaqların anadan olmasına görə dövlət birdəfəlik müavinət verir. Prezidentin qəbul etdiyi ilk sosial islahatlar paketi çərçivəsində cari ilin aprelin 1-dən bu müavinətin məbləği iki dəfə artılaraq, 100 manatdan 200 manata çatdırılıb.

C.ABASOV

 





06.09.2019    çap et  çap et