525.Az

“Ordumuz yüksək texnologiyalara əsaslanan hərbi vasitələrdən istifadə edir”


 

“Ordumuz yüksək texnologiyalara əsaslanan hərbi vasitələrdən istifadə edir”<b style="color:red"></b>

“Azərbaycan Silahlı Qüvvələri son 10 il ərzində hərbi sahədə əldə olunan texnoloji nailiyyətlərdən geniş şəkildə istifadə edir. Söhbət peyk, naviqasiya sistemləri, döyüşün idarə edilməsində kompüter dəstəkli müasir avadanlıqlardan gedir”.

Bunu “525”ə açıqlamasında ehtiyyatda olan zabit, hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib. O bildirib ki, Azərbaycan Ordusunda mövcud olan zirehli texnikalar, xüsusilə tank və zirehli transpartiorlar döyüşün idarə edilməsi, gündüz, gecə və əlverişsiz görüntü şəraitində hədəflərin müəyyənləşdirilməsi üçün ən son texnoloji vasitələrlə təchiz olunub.

R.Məmmədli qeyd edib ki, Azərbaycanda, hətta sovet dövründən bəri mövcud olan aviasiya vasitələri son texnologiyalar əsasında hazırlanan cihazlarla təchiz edilib: “Bu, AFAR (dost-düşməntanıma), REM (Radioelektron mübarizə) sistemləridir”.

“REM sistemləri havada düşmənlə kontaksız döyüş zamanı onun hücumlarının qarşısını almağa imkan verir: “Yəni, bu sistem həm aviasiya vasitəsinin idarətetmə sistemini sıradan çıxarmaq üçün düşmən tərəfinin yönəltdiyi virusun qarşısını alır, həm də adekvat cavab tədbirləri görməyə imkan verir”, - deyə ekspert bildirib.

Hava Hücumundan Müdafiə Qüvvələrinin arsenalında yer alınan hava hücumundan müdafiə sistemlərindən də danışan R.Məmmədli S-300 PMU2 Favorit uzun mənzilli zenit-raket kompleksini xüsusi qeyd edib: “S-300PMU-2 Favorit modeli S-300 zenit raket kompleksinin ən son versiyasıdır. Bu sistem iri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq imkanındaır. S-300PMU-2 Favorit kompleksi üçün xüsusi olaraq istehsal edilmiş yüksək hərəkət qabiliyyətli MAZ-543M maşınlarının üzərinə quraşdırılır. S-300 divizionu eyni anda 115 hədəfi izləyib, eyni anda 3 saniyə içərisində 6 ayrı hədəfə 12 raket tuşlaya bilir. S-300 Favorit kompleksi özünün hədəf izləmə imkanlarının genişliyinə görə fərqlənir. S-300PMU-2 Favorit zenit raket kompleksinin raketləri 2800 m/s sürətə, 30 kilometr yüksəkliyə və 200 kilometr diametrə malikdir. Kompleks 5 dəqiqə ərində döyüşə hazır vəziyyətə gətirilir. Kompleksin tərkibində yer alan radarlar hədəfləri 300 kilometrdən aşkar edir və izləməyə götürür”.

Ekspert bildirib ki, bir neçə il əvvəl Azərbaycanın İsraildən aldığı Dəmir Qübbə isə istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə

sistemidir: “Bu sistem ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir”.

Bundan başqa, ordumuzda müxtəlif təyinatlı, o cümlədən müşahidə və zərbə məqsədli, eləcə də kamikadze pilotsuz uçuş aparatlarına geniş yer verildiyini deyən R.Məmmədli qeyd edib ki, bütün bunlar bu gün Azərbaycan Ordusunda yüksək texnologiyalara əsaslanan müasir hərbi vasitələrdən istifadə edildiyini deməyə əsas verir.

C.ABASOV

 





06.09.2019    çap et  çap et