525.Az

“Regional şərtlər Türkiyənin nüvə silahına yiyələnməsi aktuallığını artırır”


 

“Regional şərtlər Türkiyənin nüvə silahına yiyələnməsi aktuallığını artırır”<b style="color:red"></b>

“Dinamik inkişaf edən və bölgədə xeyli rəqibi olan Türkiyənin də nüvə silahına yiyələnməsinə ehtiyacı artır. Nüvə silahı Türkiyəyə təhlükəsizlik imkanlarını artırmaq üçün lazımdır”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan son açıqlamasında ölkəsinin nüvə silahına sahib olmasının mümkünlüyündən danışıb: “Atlas” Araşdırmalar Mərkəzi ötən il yayımladığı analitik yazıda Türkiyənin nüvə silahına malik olması barədə müzakirələrə başlayacağını yazmışdı. Regional şərtlər Türkiyənin nüvə silahına yiyələnməsi aktuallığını artırır”.

Mərkəz direktorunun sözlərinə görə, bunun bir neçə səbəbi var: “ABŞ İranla nüvə anlaşmasından çıxdıqdan sonra Tehran yenidən uranın zənginləşdirilməsinə başlayıb. İran hazırda uranı 20 faiz zənginləşdirib. Məlumdur ki, nüvə silahı əldə etmək üçün uranı 80-90 faiz zənginləşdirmək lazımdır. Aydındır ki, İranın imkanları uranı bu rəqəmlərə qədər zənginləşdirməyə imkan verir. Bunun üçün İranın lazımi infrastrukturu və elmi potensialı var. Bundan başqa, İranın nüvə başlıqlarını daşıya biləcək raketləri var və yeniləri sınaqdan keçirilir”.

“İran Türkiyənin qonşusudur. Doğrudur, iki dövlət arasında münasibətlər normaldır, ancaq sabah şərtlərin dəyişməyəcəyindən heç kim sığortalanmayıb. İsrailin də keçmiş illərdə Türkiyə ilə yaxşı münasibətləri var idi. İndi bu iki dövlət arasında keçmiş illərdəki yaxşı münasibətlərdən əsər-əlamət qalmayıb. İranın nüvə silahını əldə etməsinə yaxınlaşması Türkiyəni də nüvə silahına yiyələnməsinə marağını artıracaq”, - deyə E.Şahinoğlu bildirib.

İsrailin də nüvə silahının olduğunu deyən politoloq qeyd edib ki, bu ölkənin rəsmiləri bu haqda heç vaxt açıqlama vermirlər: “Ancaq hamı bilir ki, İsrailin kifayət qədər nüvə silahı var. Türkiyənin yaxınlığında olan dövlətlərdən Pakistanın və Hindistanın da nüvə silahı var”.

Bölgədə nüvə silahı olan dövlətlərin sayı artdığını deyən E.Şahinoğlu hesab edir ki, İran, İsrail, Pakistan və Hindistana nüvə silahı ona görə lazımdır ki, heç bir dövlət müharibəyə başlamağa, torpaqlarının işğalına risq etməsin: “Məsələn, Ukrayna 1994-cü ildə Budapeştdə Rusiyanın xeyrinə nüvə silahından imtina etməsəydi, bəlkə Kreml 2014-cü ildə Krımı ilhaq etməyə risq etməzdi. Dinamik inkişaf edən və bölgədə xeyli rəqibi olan Türkiyənin də nüvə silahına yiyələnməsinə ehtiyacı artır. Nüvə silahı Türkiyəyə təhlükəsizlik imkanlarını artırmaq üçün lazımdır. Nüvə silahı Türkiyənin bölgədəki çəkisini artıracaq”.

C.ABASOV

 





06.09.2019    çap et  çap et