525.Az

Ey, nə xoş ki!..


 

Ey, nə xoş ki!..<b style="color:red"></b>

Dünya ədəbiyyatının görkəmli simalarından olan Uilyam Folkner özünün Nobel nitqində diqqətə çatdırırdı ki, şairin səsi əks-səda ola bilməz, o dayaq olmalıdır, qələbə üçün, insana duruş gətirə bilmək üçün əsas, özül olmalıdır.

Gülayənin poetik səsi, söz dünyası diqqəti məhz bu vacib tərəfləri ilə çəkir və onun poeziyası daha çox insana dayaq olmaq, qələbə üçün duruş gətirməyə sövq etmək, bu yöndə əsas, özül ola bilmək istəyinə görə oxucu diqqətini çəkir. Onun poetik səsi sadəcə eşidilməyə, diqqət çəkməyə yox, fədakarlığın, mücadilə apara bilmək əzminin, səmimiyyətin, əhdin, vəfanın ifadəçisi olmaq baxımından daha xarakterik və yaddaqalandı. Gülayənin “şeirlərinin havası, havacatı qoşmadadır, quruluşu, fikirlərin tutumu, hərdən ifadə tərzi lap yanımızdadır” (Fikrət Qoca) şeirləri “ürəyin səsi olaraq eşidilir, eşidilir...” (Yavuz Bülənt Bakilər).

Bu eşidilmənin, oxunaqlığın ilkinliyi, eyni zamanda da ruhi paklığı Gülayənin Adəmdən Həvvaya, yerdən göyə, canlı olandan cansıza qədər bütün sevdiklərini Allaha qədər sevməsindən, ehtiva göstərməsindən irəli gəlir. Vətən torpağından tutmuş, ana haqqına qədər könül verib, qəlb açdıqlarının hər birinə qürurla “sevmişəm mən sizi elə sevəcəm, bütün sevgilərim sevgi doğacaq” etirafı edə bilir. O, canından əziz saydığı vətən torpağını “yazmışam anamın qəbrinin üstə” yazanda da gözlənilməz və səmimidi, “ölüm məndən ötrü ölümə gedir” düşüncəsini ifadə edəndə də. Ən başlıcası, Gülayənin ayrı-ayrı şeirlərinin alınan tək fikir və misraların özü belə ayrılıqda tam, bitkin bir şeirin doğurduğu effekti bütün əhatəliyi ilə ortaya qoya bilir. Bu baxımdan şairin “Elə ölüm-ölüm daha gəlməsin”, “Ölüm gözlərində dəfn eylə məni”, “Sevgidən başladı bu ayrılıqlar”, “Açıq qoy yuxunun qapılarını”, “Gözlə məni gedim, yenidən gəlim”, “Deyən olmadı ki, son qəmin olsun”, “Səni itirməyin min bir yolu var”, “Ölüm məndən ötrü ölümə gedir” misraları daha xarakterikdi və bu misraların hər biri bütöv bir şeir ovqatı ilə yadda qalır.

Azadlıq mücadiləsinin simvollarından olan görkəmli Çili şairi və diplomatı Pablo Neruda “Söz” adlı essesində işğalçıların zaman-zaman onun ölkəsində yaxşı nə varsa çalıb apardıqlarına ona görə heyfislənmir ki, onlar talan etdiklərinin əvəzində məğlub etdikləri ölkəyə adına söz deyilən qızıldan qiymətli varidat qoyub getdilər.

Gülayənin şeirlərini oxuduqca əlbəəl hiss edirsən ki, həyat acıları, arzular, istəklər yolunda uğradığı möhtəşəm aldanışlar müəllifin taleyində dərin təəssüf, kədər hissilə izlənilən, bəzən çarəsi müşkülə dönən şırımlar açıb. Ancaq eyni dərəcədə də təskinlik tapırsan ki, bu itkilər bədbin, ümidsiz bir fərdin qüssəli tərcümeyi-halından daha çox, kifayət qədər mərd, mübariz bir şairin söz dünyasını ortaya qoyub. Çəkdiyi iztirablar onu heç vəchlə əyməyib, sındıra bilməyib, əslində daha kəsərli şəkildə bülövləyib, mübariz şair-vətəndaş obrazını ortaya qoyub. Oxucu diqqətinə təqdim etdiyimiz aşağıdakı misralar onun şair-vətəndaş obrazının özünəməxsusluğunu son dərəcə əhatəli şəkildə ortaya qoyur:

Güc ver, bu qız balan oğula dönsün!

Bu, Seyid İmaməddin Nəsimidən, Bəxtiyar Vahabzadədən, Xəlil Rza Ulutürkdən, Məmməd Arazdan və s. yönü bəri azadlıq savaşının bayraqdarı olaraq hayqıra bilən hər bir Azərbaycan şairinin torpaq, yurd itkisinə, fikir-düşüncə aşılanmasına qarşı göstərdikləri dirənişin yeni, özünəməxsus qeyz, qəzəb, etiraz ifadəsidi və yaşadığımız həyatın reallıqları daha çox bu şahanə səslənişin reallığına çevrilməsinə aclıq çəkir.

Gülayənin ədəbi qəhrəmanı yerə diş qıcayıb, göyü daşlayan nakəslərə “qəsdin can almaqsa, atdığın güllələr qoy mənə dəysin” deməyin yolunu bilir, sipər kimi göylərin üzünə çəkilmək istəklisidi, qorxur ki, ondan ötənlər hədəfə tuş olmayanlar ötüb Allaha dəyə bilər. Onun ədəbi qəhrəmanı bütün pisliklərə daş atma, “atdığın göylərdə min aha dəyər” səslənişi etməkdədi. Eyni zamanda da sadəcə səslənişlə yox, canıyla, qanıyla pisliklərin üstünə getməyin savab oldu öz şəxsi taleyinin ifadəçisi olan “Torpağın üstündə bir şəhid gəzir” misralarında konkret olaraq ortaya qoyur:

Torpağın üstündə bir şəhid gəzir,
Alınıb, satılıb, bazarı yoxdu.
Torpağın üstündə bir şəhid gəzir,
Torpağın altında məzarı yoxdu...
   
Torpağın üstündə bir şəhid gəzir,
Gündə neçə dəfə ölüb-dirilib.
Dil açıb köksündə qanlı güllələr,
Ölümün üzünə gülüb, dirilib...
   
Gülayənin qələmi “Tanrının şəklini çəkən yerdə” son dərəcə cazibəli və bütün hədəfləri şeirin diliylə ifadə edə bilmək yetkinliyinə vaqifdi. O, öz duyğularını rahat bir səmimiyyətlə şeirin dilinə çevirə bilir. “Günəşə bax gözlərimiz qovuşsun” yazanda da öz poetik məntiqinə sədaqətlidi, “Deyən olmadı ki, son qəmin olsun” acısı çəkəndə də”, bütün olmuşların, rüzigarın ötüb keçənlərində qalmış anları yad edəndə də! Fikrimizin ortağı, şərikidi aşağıdakı misralar:

Xatırla sən, an adları,
Varaqlarda çap adları.
Sınıb, düşüb qanadları,
Göy üzündə daş qalmayıb...
   
Hər bir yaradıcı insanın söz mülkünə ərməğan etdiyi sənət nümunələri öz xalqının mənəvi həyatının tükənməz mənbəyinə çevriləndə həmişəyaşar olur. Gülayə kövrək, həssas bir söz adamı olaraq öz sevincində və sevgisində millətinin mənəvi həyatının bir parçasına çevrilə bilmək imkanını ardıcıl olaraq özünün böyük vətəndaşlıq duyğusu ilə irəli aparmağın və aurada fikirlərini şeirin diliylə ifadə etməyin təbii yolunu kəşf edə bilən şairdi. Onun vətənə, xalq, ilk məhəbbətə sədaqəti bu düşüncədən qaynaqlanır, onun şeirlərinin lirik qəhrəmanının yaşamında Vətən, xalq və sevgili obrazı bir cismdə, bir candadı. Yazdığı misralardan hər kəs öz payını, öz haqqı çatanı götürə bilir. Aşağıdakı misralar dediklərimizə bütün anlamıyla şahidlik etməkdədi:

Yoxdursa fırtınam, ya fəlakətim,
Yoxdursa zülm evim, zindan əzabım,
Yoxdursa yolunda gücüm, taqətim,
Sevmişəm mən səni, yalan sevmişəm.
   
Müəllif təbii olaraq Vətən, yurd, yar aşiqlərinin yenilməz, məğrur və əbədiyaşar olmasının fərqindədi. Eyni zamanda onun ədəbi qəhrəmanı xüsusi bir fədakarlıq simvolu olaraq göz önünə gəlir. Bu ədəbi qəhrəman inamlı və imanlı olmasıyla bərabər məğlubiyyət acısının günahını kimdə, kimlərdəsə yox, haradasa özünün həyat nəfəsinin hansısa keçilməzlikdən keçə bilməməsində arayır, “həqiqi aşiqlər çətin ki, ölə, mən ölsəm deməli, yalan sevmişəm” etirafınacan mənəvi kimliyini ortaya qoya bilir. Gülayənin ədəbi qəhrəmanı bir insan qəlbinin, sevən gözünün dərdini dərindən anlayıb-bilib, sonra da kiritmək yolunu bilir.

Bu gözəlim yolun birini, bircəsini, lap başdan, əvvəldən gələnini göz altına alır, altını cızıram:

Səni kiritməyin min bir yolu var,
Bir sən biləcəksən, bir mən bu sirri.
Yolunda gedib də Allaha qədər,
Sonra da geriyə dönməkdi biri.

Bu yola tam, bütöv halda sahiblənməyin bir ucu da ağlaya-ağlaya gülməkdən, məşuqun hökmü ölüm olarsa sorğusuz-sualsız ölməkdən, hamının gedəni dönməyən yerdən gedib də yenidən dönməkdən keçir. Gülayə bu səmimi duyğuları son dərəcə uyarlıqla, görüb-götürmüşlüklə şeirin şirin dilinə gətirə bilir. Onun şair aləmi bir az nağılvari, bir az romantik və eyni dərəcədə də həyati, bütün hallarda isə səmimidi: “Bax, belə başladı bizim nağlımız” deyimi sonrakı sətirləri bir duyğu, bitkin fikir çələngi kimi çəkib gətirir. İstər-istəməz bu nağılın bitməsini, sona varmasını istəmirsən və dönüb yenidən, yenidən, bir də yenidən, lap ilkdən, əvvəldən oxumaq istəyirsən:

Bax, belə başladı bizim nağlımız,
Başdan bu nağılı danışım gərək.
Mənim söylədiyim nağılın adı
Sonuncu atəşdi, sonuncu lələk...
   
Əgər dara düşsən, darıxma dedim,
Yandır lələyimi, gələcəm həmən.
Qalmışam nə qədər darda, biləsən,
Nə qədər lələklər yandırmışam mən.
   
Ey, nə xoş ki, bu ruhun lap iç qatından süzülüb gələn, göz önündə yaz ilğımı kimi titrəşən duyğuların axarını qırmağa, yarıda saxlamağa adamın insafı gəlmir. Oxucu səlahiyyətini qabağa verib bir, tək bircə bəndi də əlavə etmək istəyirsən fikrinin bu yerinə:

Hələ qəlbimdədi sonuncu ümid,
Hələ gümanımda yandırmışam şam.
Hər gün yuxularda görürəm ki, mən,
Sonuncu lələyi yandırmamışam.   

Eyni münasibət, maraq aclığıyla gəlib müəllifin “Qorxuram sağalam bu xəstəlikdən” adlı şeri üzərində dayanırsan. Bu, o şeir nümunələrindəndi ki, onun üzərində müzakirə, fikir mübadiləsi aparmaq yersiz görünər. Sadəcə oxumaq, oxuduqca da hər sətri, fikri, mənanı öz sözün, öz münasibətin olaraq yaddaşa köçürmək lazım gəlir:

Qorxuram sağalam bu xəstəlikdən,
Ayrılam dərdimdən, dərmanlarımdan.
Qorxuram sağalam, çıxıb gedəsən,
Ayrıla, can gedə, canım, canımdan.
   
Dəyişə yerini axşam sabahla,
Bilməyəm gündüzdü, bilməyəm gecə.
Boğulam sükutun səssizliyində,
Bir ömür şam kimi əriyə, keçə...
   
Şairin “Mənim başım ola, qəmin qılıncı sənin həsrətinin son savaşında” misraları da eyni ahəngdən gəlmədi, sonra gələn bu gözəlim duyğular da:

Qorxuram sağalam bu xəstəlikdən,
Soruşan olmaya məndən “necəsən?”.
Qopa məhvərindən dünyam, dağıla,
Yanımdan yad kimi gəlib keçəsən.

Bu qəbil şeirlərdə Gülayə tam yeni, orijinal, ancaq çox təəssüf ki, hələ də öz tənqidçisinə möhtac olan, onun yolunu gözləyən, belə deyək ki, bir uzaq səfərə gəmisi çıxan, hələ yol gözləyən liman kimidi.

Bulqakovun mənzil qonşusu olan kinodramaturq Qabriloviçin onun haqqında dediklərini xatırlayıram: “Əvvəllər mən ona bəxti gətirməmiş, adi yazıçı kimi baxırdım. “Usta və Marqarita”nı oxuyandan sonra dərk etdim ki, bugünəcən mən yalnız divarın o üzündən gələn ayaq səslərini, çəngəl-bıçağın səsini eşitmişəm, ürəyin səsini yox...”.

Gülayənin “Yuxunu sulara söylə” adlı şeirlər kitabını oxuduqca bu gözəl etirafa görə o dramaturqun qarşısında ehtiramla baş əyirəm. Doğrudan da əsas ürəyin səsini eşitməkdi.

 

 





23.10.2013    çap et  çap et