525.Az

Yeni dərs ilinin əsas hədəfləri - Təhsil


 

Yeni dərs ilinin əsas hədəfləri - <b style="color:red">Təhsil </b>

Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, Azərbaycanda yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur. Bu il sentyabrın 15-i bazar gününə təsadüf etdiyindən 2019-2020-ci tədris ili sentyabrın 16-dan başlayacaq.

Yeni tədris ilinin proqnoz göstəricilərinə gəlincə, Azərbaycan bölməsi üzrə I sinfə 147458, rus bölməsi üzrə 15852 şagirdin qəbulu nəzərdə tutulur. Bundan başqa, XI sinfə Azərbaycan bölməsi üzrə 75855, rus bölmə üzrə isə 6542 şagirdin tədris alması proqnozlaşdırılır.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 414 844 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 32 315, X sinfində 22 795, XI sinfində 18 896, XII sinfində 198 şagird təhsil alacaq.

İLK DƏRSLƏRİN MÖVZULARI

Ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə "Vətənim Azərbaycan", V-IX siniflərdə "Dövlət rəmzləri - müstəqilliyimizin simvolu", X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı" mövzularına həsr olunacaq. Bu, təhsil naziri Ceyhun Bayramovun "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" əmrində qeyd edilib.

Əmrlə rayon (şəhər) təhsil şöbələrinə, ümumi təhsil müəssisələrinə tapşırılıb ki, ümumtəhsil məktəblərində müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işləri vaxtında başa çatdırsınlar, həmin dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakını nəzərdə tutsunlar. Əmrə əsasən, bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət Himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilir.

YENİ TƏDRİS İLİNİN ƏVVƏLİNƏ 43 MƏKTƏB BİNASI

Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir.

2019-cu ildə ümumilikdə ölkə üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.205 və 208 nömrəli məktəblər yeni tikilən məktəblər sırasındadır. 205 nömrəli məktəbdə təmir işləri yekunlaşır. 208 nömrəli məktəbin 2020-2021-ci tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara əsasən, regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, respublika üzrə təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 8.7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.

REGİONLARDA LİSEY SİNİFLƏRİ YARADILACAQ

2019-2020-ci tədris ili üçün Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri təşkil olunacaq. Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılacaq.

Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır.

Lisey siniflərinə şagird qəbulu, əsasən 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq. Qəbul prosesində həmin şəhər (rayon) və ətraf rayonların ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər iştirak edə bilərlər.

Bilik və bacarığı ilə seçilən və həmin liseylərdə oxumaq istəyən şagirdlər üçün seçim imtahanı keçiriləcək.

Eyni zamanda, son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən fənn müsabiqələrində yüksək nəticə göstərmiş (50-dən yuxarı bal toplayan) şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediləcəklər.

Təmayül siniflərinə qəbul imtahanı sentyabrın 10-da keçiriləcək. Qəbul imtahanları riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə aparılacaq. Lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda, diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçiləcək.Lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.

DƏRSLİK SİYASƏTİ: 1-Cİ SİNİF ŞAGİRDLƏRİNİN DƏRSLİKLƏRİ ÇƏKİSİNƏ GÖRƏ FƏRQLƏNƏCƏK

2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib. Dərsliklər avqustun 25-dək yerli təhsili idarəetmə qurumlarına çatdırılıb. Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılıb.

Dərsliklərin çəkisinin yüngülləşdirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən müəyyən işlər görülüb.

Ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan və bəzi məktəblərdə pilot layihə şəklində istifadəyə veriləcək "Azərbaycan dili" və "Riyaziyyat" dərslikləri, biri digərinin davamı olaraq 2 hissəli şəkildə tərtib edilib. Bu dərsliklən I hissəsi birinci yarımil üçün, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub. Əgər bu təcrübə özünü doğruldarsa, gələcəkdə digər iri həcmli dərsliklərin də 2 hissəli şəkildə tərtibi məsələsinə baxıla bilər.

Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2019-2020-cu tədris ili üçün 21 adda 20 622 ədəd dərslik və metodik vəsait göndərilib.

Sözügedən dərs vəsaitləri Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.

Qeyd edək ki, "Ana dili" və Ədəbiyyat dərsliklərinin mübadiləsi 20 dekabr 2011-ci il tarixində Tbilisi şəhərində keçirilmiş Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın VII iclasında qəbul olunmuş Protokola əsasən həyata keçirilir. Son 5 ildə Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 81 427 ədəd dərslik və metodik vəsait göndərilib.

MƏKTƏBLƏRDƏ RİSK QRUPUNA DAXİL EDİLƏN ŞAGİRDLƏR MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

Məktəblərdə psixoloji, hissi-emosional vəziyyətinə görə risk qrupuna daxiledilmə ehtimalı olan şagirdlər müəyyənləşdiriləcək. Bu, "2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" əmrində və "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında" Təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrdə əksini tapıb. Əmrdə bildirilib ki, həmin şagirdlərin hər biri üçün valideynlərin iştirakı ilə fərdi pedaqoji-psixoloji bərpa planı hazırlanıb həyata keçiriləcək.

Eyni zamanda, əmrdə qeyd edilib ki, məktəblərdə valideynlər üçün uşaqların yaş, psixoloji və fizioloji xüsusiyyətlərinə dair maarifləndirmə tədbirləri təşkil olunsun, valideynlərin məktəb həyatında, övladlarının təlim-tərbiyəsində yaxından iştirakı təmin edilsin və məktəb-icma münasibətləri inkişaf etdirilsin.

İNNOVATİV İNKİŞAFIN TƏMİN EDİLMƏSİ BAXIMINDAN TƏHSİLİN MƏZMUNUNUN YENİLƏNMƏSİ MÜHÜM PRİORİTETLƏRDƏNDİR

Təhsil naziri Ceyhun Bayramov deyib ki, təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi də önə çəkilməlidir.

Nazir hesab edir ki, təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə, orta ixtisas və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq, maraqlı tərəfə çevrilməlidir.

C.Bayramov bildirib ki, gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir: "Bununla əlaqədar növbəti illərdə bütün təhsil pillələri üzrə məzmunun təkmilləşdirilməsi, əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçiriləcək. Məhz bu yanaşmadan çıxış edərək uşaqların erkən yaşdan inkişafının səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumtəhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi ilə bağlı işlər davam etdirilməlidir". Nazir əlavə edib ki, ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, beynəlxalq qiymətləndirmə tədqiqatlarının meyarlarına və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, o cümlədən, innovasiyaların tətbiqi qarşıda duran başlıca vəzifələrdəndir.

S.QARAYEVA

 





08.09.2019    çap et  çap et