525.Az

Ermənistanda artan siyasi gərginlik əhalinin sosial durumunu daha da pisləşdirib


 

Ermənistanda artan siyasi gərginlik əhalinin sosial durumunu daha da pisləşdirib<b style="color:red"></b>

Ermənistanda siyasi gərginlik fonunda sosial-iqtisadi vəziyyət də ağır olaraq qalmaqdadır.

Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət nə kadr siyasətində, nə ölkənin beynəlxalq arenada mövqelərinin gücləndirilməsində, nə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, nə də iqtisadi və digər sahələrdə hər hansı islahatlar apara, lazımi addımları ata bilib. Bir ildən çoxdur hakimiyyətdə olan Paşinyan əslində, siyasi və idarəçilik təcrübəsinin olmadığını artıq sübuta yetirmiş oldu. İş o yerə çatıb ki, onun rəhbərlik etdiyi "Mənim addımım" parlament fraksiyasında da, "Vətəndaş razılaşması" partiyasında da fikir ayrılıqları açıq şəkildə özünü büruzə verməkdədir. Hakim komanda daxilində birliyin, yekdil fikrin olmaması Paşinyanın durumunu daha da ağırlaşdırır. Məsələn, hələ də həllini tapmayan Amulsar qızıl yatağı ilə bağlı hakim fraksiyada ciddi mövqe fərqləri var. Böyük əksəriyyət yatağın istismarının ölkənin ekologiyası, insanların sağlamlığı üçün təhlükə hesab edir. Bu yaxınlarda mandatdan imtina etmiş "Mənim addımım" hakim parlament fraksiyasının deputatı Edqar Arakelyan da məhz Amulsarın istismarından narazı idi.

"Çox düşündükdən sonra mandatdan imtina etmək qərarına gəldim. Qərarı şəxsən özüm qəbul etmişəm, heç kim məni buna məcbur etməyib. Səbəblər sırf şəxsi xarakter daşıyır", deyən Arakelyan əlavə edib ki, siyasətlə məşğul olan bir insana siyasətlə məşğul olmaq üçün lazım olan keyfiyyətlər verilməlidir: "Mən bu fəaliyyətlə məşğul olmaq üçün ən vacib xüsusiyyətlərə sahib olmadığıma tam əminəm. Bu addımımla xəyal qırıqlığı və digər mənfi hisslər yaşadacağım insanlardan, xüsusən qohumlardan üzr istəyirəm. Bir daha vurğulayıram ki, bu, mənim şəxsi qərarımdır, Amulsar mədəninin mümkün istismarına, İstanbul Konvensiyasının ratifikasiyasına və ya digər proseslərə qarşı demarş deyil. Baxmayaraq ki, zaman baxımından bunlar üst-üstə düşə bilər. Çox güman ki, erkən parlament seçkilərindən əvvəl məşğul olduğum işlərimi davam etdirəcəyəm".

Xatırladaq ki, Arakelyan etiraf etməsə də, onun Amulsar və digər məsələlərlə bağlı istefa verdiyi barədə Ermənistan mətbuatı məlumatlar dərc edib.

Paşinyanın həyat yoldaşı Anna Akobyan da hər hansı rəsmi vəzifə daşımasa da, faktiki olaraq hakim "Mənim addımım" fraksiyasını, "Vətəndaş razılaşması" partiyasını idarə edir. Ermənistanın "İrates" nəşri yazıb ki, "Vətəndaş razılaşması" partiyasının iclaslarında "havanı" üç nəfər - Nikol Paşinyan, Anna Akobyan və Lilit Makunts yaradır: "Akobyan həm də fraksiya məsələləri ilə məşğul olur. Və bəlkə də ən pisi, sözün hərfi mənasında məşğul olmasıdır. Ötən gün iclas zamanı Annanın iştirakı ilə olduqca yaddaqalan bir insdent baş verib. "Nikol üçün su şüşəsi saxlaması" ifadəsinə əsəbləşən və mətbuatı məhkəməyə verən millət vəkili Hayk Sarkisyan Amulsar yatağının istismarına qarşı çıxış edən zaman Anna Akobyan yenidən ona "statusunu" xatırladıb: "Sən sadəcə Nikol üçün bir şüşə su saxladın".

"İrates" əlavə edib ki, bir il belə keçməyib və parlament çoxluğu artıq hissələrə parçalanır: "Bunu ilk gündən proqnozlaşdırmaq olardı. Hər hansı bir məsələdə yekdillik olmadan, qanunverici fəaliyyətdən heç nə başa düşməyən ideyası olmayan insanların birlikdə işləyə və komanda yarada bilməyəcəyi hamıya aydın idi. Bu gün fraksiya iclaslarının bir-birini necə sürətlə və hansı tempdə əvəzlədiyini izləmək hətta gülməlidir, amma yenə də heç nə bilmirlər".

Hakim fraksiyada təmsil olunan Ovhannes İqityan isə AŞPA-dakı Ermənistan nümayəndə heyətinin tərkibindən çıxarılır. Buna səbəb onun AŞPA-nın 2019-cu ilin iyununda Rusiya nümayəndə heyətinin geri qaytarılması ilə bağlı keçirilən səsvermədəki davranışıdır. Belə ki, Ermənistan nümayəndə heyəti Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verib. Lakin nümayəndə heyətinin rəhbəri, millət vəkili Ruben Rubinyan səhvən əleyhinə səs verib, İqityan isə səsvermədə iştirak etməyib.

"Past" nəşrinin yazdığına görə, onun davranışı Rusiyanın hakim dairələrində yaxşı qarşılanmayıb. Bundan çıxış edərək Ermənistanın hakim siyasi qüvvəsi ("Mənim addımım" bloku) İqityanı nümayəndə heyətinin tərkibindən çıxarmaq qərarına gəlib.

Siyasi proseslərin gərginliyi fonunda əlbəttə ki, ölkədə əhalinin sosial durumu da gündən-günə pisləşir.

Ermənistanın Milli Statistika Komitəsinin məlumatına görə, bu il ərzində ölkədə istehlak qiymətləri keçən ilin eyni ayına nisbətən hər ay müntəzəm olaraq yüksəlib.

2019-cu ilin iyul ayında ötən ilin iyul ayı ilə müqayisədə Ermənistanın istehlak bazarında 1,7 faiz inflyasiya qeydə alınıb. İyun ayında inflyasiya 2,5, bundan əvvəl 2,8, aprel ayında 2,2 faiz olub. Xatırladaq ki, 2018-ci ilin yanvar-dekabr aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə Ermənistanda inflyasiya 2,5 faiz təşkil edib.

Beləliklə, 2019-cu ilin iyul ayında ərzaq məhsullarının qiymətində artım 2.8 faiz, keçən ilin eyni dövrü ilə müqayisədə 4.8 faiz olub. Xüsusilə, çörək 5,5 faiz, yumurta 38,9 faiz, ət 3,1, kartof 75,4, quş əti (toyuq, hinduşka və digərləri) 13,6, tərəvəz qiymətləri 11,7 faiz bahalaşıb. Alkoqollu içkilərin və tütün məhsullarının qiyməti 4,1 faiz bahalaşıb. Paltar, ayaqqabı və digər trikotaj məhsullarının qiyməti 6,2 faiz artıb. Səhiyyə sektorunda qiymətlərdə 1,7, nəqliyyat sektorunda 1,1, faiz artım qeyd edilib. Təhsildə istehlak qiymətləri indeksi 1,4, restoran və otel sənayesi 1,1, müxtəlif mal və xidmətlər üzrə 0.3 faiz təşkil edib. Bunlar hələ rəsmi rəqəmlərdir.

"Jamanak" nəşrinin məqaləsində isə deyilir ki, Ermənistan vətəndaşlarının xərcləri real gəlirlərindən daha surətlə artmaqdadır: "Məlumata görə, ölkədə əksər məhsullar bahalaşıb ki bu da əhalinin vəziyyətinə pis təsir göstərməklə, onların xərclərini daha da artırıb. Hökumət 2023-cü ilədək ifrat yoxsulluğu aradan qaldırmaq və yoxsulluğun səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq niyyətində olduğunu bəyan edib. Ən azı bu, hökumətin təqdim etdiyi "Sosial müdafiə, məşğulluq və əmək sahələrinin inkişafı strategiyası" layihəsində yer alıb. 2023-cü il uzaqda deyil, lakin görünən budur ki, vətəndaşların xərcləri real gəlirinə nisbətən daha sürətlə artmaqdadır".

Ölkədəki çətin durumun fonunda Ermənistan vətəndaşları Avropa İttifaqına üzv dövlətlərdən deportasiya edilirlər. Artıq bu hal kütləvi xarakter alıb. Təkcə sentyabrın 5-də də Ermənistanın 40-dan çox vətəndaşı Almaniyadan çarter reysiylə deportasiya edilib. Erməni mətbuatı yazır ki, miqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində, Avropa İttifaqının üzvü olan ölkələr Ermənistan vətəndaşlarının deportasiyasını gücləndirib. Sərt miqrasiya siyasəti hətta sığınacaq axtaran və təxirəsalınmaz tibbi yardım ümidində olan ağır xəstələri də nəzərə almır.

Öz ölkələrindəki işsizlikdən, ağır sosial durumdan qaçaraq Avropaya sığınan ermənilər orda da axtardıqları nicatı tapa bilmirlər. Görünür, Paşinyan öz vətəndaşlarının ümidlərini belə doğruldur.

PƏRVANƏ

 





08.09.2019    çap et  çap et