525.Az

“Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi”


 

“Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi”<b style="color:red"></b>

“AZƏRBAYCAN XALQI TARİX BOYU MƏDƏNİYYƏTLƏR VƏ DİNLƏR ARASINDAKI QARŞILIQLI RƏĞBƏTİN ƏN GÖZƏL NÜMUNƏSİNİ YARADA BİLİB” 

Parisdə – UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilib.

2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul olunduqdan sonra DQİDK tədbirlər planı hazırlayıb. Həmin tədbirlər planı çərçivəsində keçirilən simpozium “Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi” mövzusuna həsr olunub.

DQİDK-in mətbuat xidmətindən verilən məlumata görə, simpoziumda Seyid Yəhya Bakuvi və onun yenidən yaratdığı xəlvətilik təriqəti, dünyada tolerantlıq və qarşılıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr dinlənilib.

Tədbirdə Azərbaycan, İngiltərə, Fransa, Türkiyə, Əlcəzair və başqa ölkələrdən tədqiqatçı alimlər, UNESCO-da akkreditə olunmuş nümayəndələr, ölkəmizin Fransadakı səfirliyinin əməkdaşları, diaspor təmsilçiləri, mədəniyyət xadimləri iştirak ediblər.

Simpozium Azərbaycanda multikulturalizm və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüslərindən bəhs edən “Tolerantlığın məkanı” adlı sənədli filmin nümayişi ilə başlayıb.

DQİDK-nin sədri Elşad İskəndərov Seyid Yəhya irsinin Azərbaycanda milli kimliyin əsasında duran dini tolerantlığın formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib: “Ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələri bu gün Azərbaycan dövləti tərəfindən təşviq edilir. 2013-cü ilin UNESCO tərəfindən “Seyid Yəhya Bakuvi ili” elan olunması da məhz Heydər Əliyev Fondunun təşəbbüsünün nəticəsidir. Seyid Yəhya Bakuvi və onu şöhrətləndirdiyi xəlvətilik təriqətinin dünyaya bəxş etdiyi irs, həm dinlərarası tolerantlıq dünyagörüşünün, həm də məzhəblərarası ixtilafların qarşısının alınmasında, eləcə də dini radikalizmlə mübarizədə aktuallığını bu gün də itirməyib”.

Sonra çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasser Abdulaziz Al-Nasser UNESCO tərəfindən 2013-cü ilin “Seyid Yəhya Bakuvi ili” kimi qeyd edilməsini əlamətdar hadisə adlandırıb: “ Seyid Yəhya Bakuvinin irsi insanlar və mədəniyyətlər arasında fərqlilikləri birləşdirmək üçün salınan körpüdür”. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumu zamanı Bakıya səfərini xatırladan Nasser Abdulaziz Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində dövlətin davamlı fəaliyyətinin şahidi olduğunu diqqətə çatdırıb.

UNESCO-nun Mədəniyyətlərarası Dialoq Platformasının başçısı Katerina Stenou çıxışında bildirib ki, Azərbaycanda dini dözümlülük sadəcə sözdə deyildir: “Azərbaycan xalqı tarix boyu mədəniyyətlər və dinlər arasındakı qarşılıqlı rəğbətin ən gözəl nümunəsini yarada bilib”.

Daha sonra simpozium “Azərbaycandan dünyaya açılan pəncərə: Seyid Yəhya Bakuvi və xəlvətilik”, “Azərbaycanda sufilik və Bakuvi irsi” adlı panellərdə işinə davam etdirib.

Günün sonunda tədbir iştirakçıları məşhur fotoqraf Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı” adlı fotosərgiyə baxıblar. Sərgi barədə məlumat verən Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov deyib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, UNESCO və DQİDK-nin dəstəyi ilə təşkil edilən sərgidə nümayiş etdirilən fotolar bütünlükdə ölkəmizdə tolerantlığı əks etdirir. Elşad İskəndərov isə bildirib ki, xalqımızın mütləq əksəriyyətinin iradəsi ilə prezident seçkilərində yenidən qalib gəlmiş İlham Əliyevə göstərilən yüksək etimadın səbəblərindən biri də tolerantlıq ənənələrinin Azərbaycan dövləti tərəfindən qorunması və təşviq edilməsidir. Prezident İlham Əliyevin “multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir” sözlərini xatırladan komitə sədri bildirib ki, bu gün burada ölkəmizdəki mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin keçirilməsi Azərbaycan dövlətinin bu istiqamətdəki ardıcıl və davamlı siyasətinin daha bir bariz nümunəsidir.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abdulaziz Al-Nasser Azərbaycan Prezidenti İlham Əliyevə mədəniyyətlərarası dialoqun və dinlərarası tolerantlığın dünyada təşviqinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib: “Sərgidən də göründüyü kimi Azərbaycanda müxtəlif etnik qrupların dostluq və mehriban şəraitdə yaşamaları dünyanın digər ölkələri üçün bir örnəkdir”.

Reza Deqati DQİDK və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə dünya gəncləri arasında “Photolerance” adlı beynəlxalq foto müsabiqəsinə start verildiyini elan edib: “Müsabiqə gənclər arasında fərqliliklərin aradan qaldırılması üçün dialoqun zəruriliyini və müxtəlifliyin bəşəriyyətin mədəni zənginliyinin nümunəsi olmasının dərk edilməsinə yönəlib. Bütün dünyadan olan 18-25 yaşlarında gənclərin təqdim etdikləri fotolar dünyanın nüfuzlu mütəxəssislərindən və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən seçiləcəkdir. Qaliblər BMT Sivilizasiyalar Alyansının 2014-cü ildə keçiriləcək VI Qlobal Forumunda mükafatlandırılacaqlar”.

“Azərbaycan – tolerantlıq məkanı” foto sərgisi salonda toplaşmış yüzlərlə qonağın geniş marağına səbəb olub.

lll

Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb Seyid Yəhya Bakuvinin xəlvətilik təriqətinin əsas mahiyyəti haqqında müxtəlif mənbələrə aid məlumatları təqdim edirik;

Xəlvətilik İslamda ən geniş yayılmış sufi təriqətlərindən biridir. X əsrdə Əbdülqahir Sührəverdidən etibarən təşəkülə başlamış xəlvətilik sufi məktəbinin əsası lənkəranlı İbrahim Gilani və şirvanlı Ömər Xəlvəti tərəfindən qoyulub. Azərbaycanda təsəvvüf sahəsində yetişmiş görkəmli şəxsiyyətlərdən biri olan Seyid Yəhya Bakuvi və onun yenidən təsis etdiyi xəlvətilik XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə böyük təsirə malik olmuş və müsəlman aləmində geniş şəkildə yayılıb.

Xəlvətilik hələ Seyid Yəhya həyatda olarkən Azərbaycanın hər tərəfinə (xüsusilə Şamaxı, Bakı və Təbrizə) ,İranda və Osmanlı dövlətində yayılıb.  S.Yəhyanın vəfatından təqribən 40 il sonra isə xəlvətilik Azərbaycandan sonra Osmanlı imperiyası torpaqlarının hər tərəfində Balkan, Orta Asiya, Şimali Afrika, Qafqaz və Anadolunun ən böyük təriqəti kimi iyirmiyə yaxın qola, yüzlərlə təkyə və yüz minlərlə müridə sahib olub. Daha sonralar qol və şöbələrinin sayı qırxı keçib. Həzrəti Əlidən başlayaraq Əbülqahir Sührəverdiyə, ondan İbrahim Gilaniyə və Ömər Xəlvətiyə doğru inkişaf etməklə gələn xəlvətilik təriqəti ən kamil şəklinə Seyid Yəhya Bakuvinin qoyduğu üsullar ilə birləşib.  Onun xəlvətiliyin həqiqi qurucusu olduğu bu sahənin tədqiqatçıları tərəfindən xüsusi qeyd olub. Xəlvətilik təriqətinin xüsusiyyətlərini bu təriqətin mənsublarından Həririzadə Tibyan adlı əsərində aşağıdakı kimi açıqlayıb: “Xəlvətilik təriqəti kəlimeyi-tövhid və gizli-açıq əsmayi-səba üzrə zikrə davam etmək, yuxunun təbir və təvili, hadisələrin nəfsə və qəlbə təsirini nəzərə alaraq, könlü masivadan təmizləmə üzərində qurulub”. Qaynaqlarda, xüsusən də XVII əsrdə Övliya Çələbinin “Səyahətnamə”sində Bursada 17 xəlvəti, 9 qadiri, 3 nəqşibəndi, 1 qələndəri, 1 sədi, 1 bədəvi təkyəsinin varlığından söz açılıb.

S.MÜRVƏTQIZI

 





24.10.2013    çap et  çap et