525.Az

Amerikan müstəsnalığı: tarixin ibrət dərsləri


 

Amerikan müstəsnalığı: tarixin ibrət dərsləri<b style="color:red"></b>

Son zamanlar ABŞ-ın dünyada tarixi missiya yerinə yetirdiyi ilə bağlı fikirlər daha tez-tez səslənir. Bunu Amerikanın liberal dünya nizamı yaratmaq məsuliyyətinin olması kimi izah edirlər. Lakin reallıqda belə ideyaların bəşəriyyət üçün ciddi təhlükələr yaratdığını dərk etmək gərəkdir. Tarixi təcrübə bunu sübut edir. Eyni zamanda, müxtəlif regionlarda müşahidə edilən ixtilafların həll edilməsi istiqamətində meydana çıxan çətinlikləri də nəzərə almaq lazımdır. Bunların fonunda bəşəriyyətin gələcəyinin necə ola biləcəyi çox düşündürücüdür.

''Meyflauer''dən başlayan yol

Bəşəriyyət tarixində özünü digərlərindən üstün hesab edən xalqlar olub. Bu müstəsnalıq hissi adətən siyasi ideologiyalardan qaynaqlanıb. Məsələn, Hitler Almaniyasının ideologiyası bu qəbildən idi. Dünyada güclü imperiyalar qurmuş başqa cəmiyyətlərdə də analoji hala rast gəlinir. Lakin bəşəriyyətin çox həssas və mürəkkəb proseslərlə xarakterizə olunan tarixi mərhələsində hansısa ölkənin müstəsnalıq hissinə qapılması çox təhlükəlidir. Üstəlik, bu dövlət güclü iqtisadiyyata, hərbi sistemə, ideologiyaya malikdirsə, qlobal miqyasda təhdidlərdən danışmaq lazım gəlir.

Bu mülahizələrin son zamanlar tez-tez müzakirə edilən ABŞ-ın müstəsnalığı ideyasına birbaşa aidiyyəti vardır. Məsələ boş yerdən yaranmayıb. Prezident Barak Obama sentyabrın 10-da Amerika xalqına müraciətində vurğulamışdı ki, ABŞ-ın yeritdiyi siyasət onu digərlərindən fərqləndirir. ''Məhz bu bizi müstəsna edir''. Rusiya prezidenti bundan bir gün sonra ''The New York Times'' qəzetində dərc etdirdiyi məqalədə Obamanın həmin fikri ilə razılaşmadığını bildirmişdi.

Vladimir Putin hansı motivasiyaya əsaslanmasına baxmayaraq, insanların şüuruna müstəsnalıq ideyasını yeritməyin təhlükəli olduğunu ifadə etmişdi (bax: Vladimir Putin. A Plea for Caution From Russia / www.nytimes.com, 11 sentyabr 2013). Rusiya prezidenti bu fikri ilə siyasətçiləri daha ehtiyatlı mövqe bildirməyə dəvət etmişdir. Hər hansı müstəsnalıq duyğusu bütövlükdə dünyaya baha başa gələ bilər.

Barak Obama isə bir neçə gün sonra BMT-dəki son çıxışında bütün bunlara cavab verirmiş kimi bir daha amerikan müstəsnalığına inandığını bəyan etmişdi (bax: Gracy Olmstead. American Exceptionalism Revisited / ''The American Conservative'', 25 sentyabr 2013). Bununla o, ABŞ-ın dünyada xüsusi missiya yerinə yetirdiyini bir daha vurğulamışdır. Bir neçə senator da prezidentin fikirlərinə dəstək vermişlər. Məsələn, respublikaçı Marko Rubio ''National Review'' nəşrində yazıb ki, ''...tarix bizə güclü Amerikanın dünyada xeyirxahlığın mənbəyi olduğunu öyrədir''.

Bundan başqa, ölkə KİV-i baş verənlərə aktiv münasibət bildirib. Peqqi Nunan ''Wall Street Journal''da vurğulayıb: ''Amerika...özünün müstəsnalığına görə dünyada xeyirli güc olmağa çalışır''. ''The Washington Post''un şərhçisi Dana Milbenk isə xüsusi qeyd edib ki, ''...amerikan müstəsnalığını şübhə altına alsanız, siyasi mənsubluğundan asılı olmayaraq, bizim hamımızı birləşdirmiş olarsınız'' (bax: Дмитрий Минин. Вера американцев в свою исключительность: от Обамы до Маккейна / ''Фонд Стратегической культуры'', 22 sentyabr 2013).

Bunlar onu təsdiq edir ki, ABŞ-da müstəsnalıq duyğusunun kökləri dərindir. O yalnız siyasətçi və alimlərin təfəkküründə deyil, həm də cəmiyyətin bütün təbəqələrində psixoloji amil kimi mövcuddur. Belə bir vəziyyətin yaranmasının əsasları vardır. Bunun mənbəyi 1620-ci ildə məşhur "Meyflauer" gəmisinin göyərtəsində imzalanmış müqaviləyə gedib çıxır. Oradakı bəndlərdən birində müəlliflərin daha mükəmməl nizam yaratmaq üçün vətəndaş siyasi cəmiyyətində birləşmək öhdəliyi götürdüyü qeyd edilib (bax: "Это мессианская героика" / "Взгляд", 26 sentyabr 2013). Bu fikir amerikalıların dünyada ideal cəmiyyət yarada bilmək qüdrətində olması haqqında mifik bir özünəinama gətirib çıxardı.

Bununla yanaşı, onu da unutmaq olmaz ki, 1796-cı ildə Corc Vaşinqton vida nitqində Amerikanı "təmkinli olmağa" çağırmışdı. O, əsas diqqəti daxili problemlərə yönəltməyi tövsiyə etmişdi. Xarici təhlükələrdən yalnız bu üsulla xilas olmağın mümkünlüyünü vurğulamışdı. C.Vaşinqton ABŞ-ın yalnız coğrafi olaraq müstəsnalıq təşkil etdiyinə işarə etmişdi. O, ölkənin hər tərəfdən su ilə əhatə olunmasını nəzərdə tuturdu. Müasir dövrdə isə amerikan müstəsnalığı tamamilə başqa kontekstdə başa düşülür.

Müstəsnalıq "xəstəliyi"nin təhlükələri

Etiraf etmək lazımdır ki, Amerika siyasi dairələrinin xüsusi tarixi missiyadan danışmaları bütün dünya üçün təhlükəlidir. Buradan açıqca özünü başqalarından üstün tutmaq və bu əsasda da hər kəsə qiymət vermək hüququ hiss edilir. Dolayısı ilə dünyanın müxtəlif regionlarında baş verən hadisələrə özünün bildiyi kimi yanaşaraq, onu həll etməyə çalışmaq istəyi meydana gəlir. XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində baş verən proseslərdə bunu təsdiq edən faktlar mövcuddur.

Vyetnam, Kamboca, Kuba, İran, İraq, Əfqanıstan və digər ölkələrə qarşı həyata keçirilən siyasət bunu təsdiq edir. Son olaraq Suriyada vəziyyəti normallaşdırmağın ABŞ-ın tarixi missiyası olduğu fikri beyinlərə yeridilməyə çalışılır.

Onu demək lazımdır ki, ABŞ-ın özündə artıq müstəsnalıq ideologiyasının iflasından danışırlar. Oksford universitetindən olan professor Timoti Qarton Eş "Los Angeles Times" qəzetində dərc edilən məqalədə vurğulayır ki, artıq ABŞ liberal dünya nizamı yaratmaq vəzifəsinin öhdəsindən gələ bilmir (bax: Timothy Garton Ash. The end of U.S. exceptionalism / www.latimes.com, 12 sentyabr 2013). Bu, bütövlükdə amerikan müstəsnalığının sonunun gəlməsi əlaməti ola bilər. Ancaq siyasi dairələrdə həmin ideyanın hələ də yaşadığı faktdır.

Dünya keçən əsrdə alman müstəsnalığının əvəzini milyonlarla insanın həyatını itirməsi bahasına ödədi. İndiki tarixi mərhələdə daha böyük itkilər ola bilər. Əslində, bir sıra regionlarda baş verən hərbi toqquşmalar bunu sübut edir. Digər tərəfdən, siyasi təcrübə baxımından ümumiyyətlə zərərli olan bir tendensiya yarana bilər. Məsələn, "Çin müstəsnalığı" deyilən bir məfhum meydana gələr. O halda dünya daim bu kimi ideologiyalardan ziyan çəkməli olacaq.

Amerikan müstəsnalığı ideyasının tarixin səhnəsindən silinməsi daha doğru olardı. Hazırda dünyada bir neçə geosiyasi güc mövcuddur. Heç bir dövlətin başqasının daxili işlərinə özbaşına qarışmağa haqqı yoxdur. Suriya məsələsi də göstərdi ki, artıq kiminsə təkbaşına qlobal problemləri həll etmək ixtiyarı yoxdur – bəşəriyyət sadəcə bunu qəbul etmir. Onda Vaşinqtonun da müstəsnalıq təsəvvürünə yenidən baxması lazımdır.

Problemin mühüm bir tərəfi müasir dövrdə müstəqil dövlətlərin öz suverenliyini təmin etməsi ilə bağlıdır. Sirr deyil ki, həmin məsələ son dərəcə aktuallaşıb. Bəzi təcavüzkar ölkəyə himayədarlıq edilir. Bununla hansısa dövlətin haqqı tapdanır. Eyni zamanda, hətta kiçik və zəif olan xalq belə özünün müstəsnalığı eşqinə düşür. Cənubi Qafqazda ermənilər məhz bu xəstəliyə düçar oldular.

Onlar bir neçə yüzildir ki, dünyaya xalq olaraq müstəsnalıqlarını yayırlar. Qədim mədəniyyət, böyük dövlətçilik və əxlaqi ənənələrə sahib olduqlarını təbliğ edirlər. Bundan istifadə edərək bütün qonşu dövlətlərin mədəniyyətinə, ərazisinə, mənəvi-əxlaqi dəyərlərinə qarşı iddia irəli sürürlər. Şübhə yoxdur ki, qlobal miqyasda Amerika müstəsnalığı mövcuddursa, regional səviyyədə də onu təlqin edənlər tapılacaq. XXI əsrdə bu tendensiyanın genişlənməsi təhlükəsi var.

Amerikan müstəsnalığı ideyası beynəlxalq təşkilatların səmərəli və obyektiv fəaliyyət göstərməsi məsələsini də şübhə altına alır. Belə ki, əgər ABŞ qlobal miqyasda tarixi missiyanı yerinə yetirirsə, onda beynəlxalq hüquq nəyi ifadə edir? Ədalət anlayışı hansı məzmunu kəsb edir? Vaşinqton müstəsnalıq təsəvvüründən istifadə edərək, beynəlxalq təşkilatlarda qəbul olunan istənilən qərarı əsassız hesab edə bilər. Bu cür yanaşma bütövlükdə dünya geosiyasətini iflic halına gətirər.

Bunlardan belə görünür ki, amerikan müstəsnalığı müasir dövr üçün ciddi təhlükələrdən biri sayıla bilər. Yəqin tarixi gedişat amerikalıların özünə müəyyən həqiqətləri anlamağa kömək edəcək.

Newtimes.az

 





24.10.2013    çap et  çap et