525.Az

Qida təhlükəsizliyi ilə bağlı qanun layihəsi ilkin müzakirələrdə


 

DEPUTAT ƏRZAQ TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI QANUN LAYİHƏSİNİN DƏ QƏBULUNU VACİB SAYIR

Qida təhlükəsizliyi ilə bağlı qanun layihəsi ilkin müzakirələrdə<b style="color:red"></b>

Milli Məclisin (MM) 2019-cu il payız sessiyası ilə bağlı parlamentin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Komitənin iclasını açan E.İbrahimov əvvəlcə  2019-cu ilin yaz və növbədənkənar sessiyalarında görülən işlərlə bağlı məlumat-hesabat verib.

O, həm parlamentin, həm də komitənin işini səmərəli və məhsuldar adlandırıb. Eyni zamanda, payız sessiyasının da uğurlu və məhsuldar keçəcəyinə əminliyini ifadə edib. Bildirib ki, hesabat dövründə komitənin 12 iclası keçirilib, 36 məsələ müzakirə olub. Həmin məsələlərdən 14-ü isə  adıçəkilən sessiyalar dövründə plenar iclaslarda qəbul edilib. Komitə sədri həmçinin, hesabat dövründə 24 nəfər vətəndaşın qəbul edildiyini, dinlənildiyini bildirib.

Sonra komitənin payız sessiyası ilə bağlı qanunvericilik işləri müzakirə olunub. "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin əhəmiyyəti vurğulanaraq, onun qanunvericilik işləri planına daxil edilməsi qərara alınıb.

Adıçəkilən komitənin üzvü Eldəniz Səlimovun bildirdiyinə görə isə adıçəkilən qanun layihəsinin müzakirəsi və qəbulu çox vacibdir.

O qeyd edib ki, dünyada qloballaşmanın baş verdiyi, təhlükələrin, risklərin artdığı, kataklizmlərin davam etdiyi bir şəraitdə hər bir ölkənin öz milli iqtisadiyyatını qoruması, ərzaq və qida təhlükəsizliyini təmin etməsi, milli dəyərlərini saxlaması olduqca zəruridir:

"Bu gün dünyamızda, ərtafımızda nələrin baş verdiyini geniş izah etməyə ehtiyac yoxdur, qanlı qarşıdurmalar, vətəndaş müharibələri, qırğınlar, terraktlar, tökülən günahsız qanlar, qanlı göz yaşları, qaçqın, miqrant ordusu, təbii fəlakətlər və sair. Bunların nəticəsində yaranan, yaşanan aclıq, yoxsulluq, qida və ərzaq çatışmazlığı... Bu gün Yaxın Şərqdə, xüsusilə, Yəməndə, bir çox Afrika ölkələrində insanlar, xüsusilə, yaşlılar, qocalar, qadınlar və uşaqlar aclıq, ölüm təhlükəsi ilə üz-üzədirlər. Gündə onlarla, yüzlərlə insan qida, ərzaq, dərman çatışmazlığından, dünyanın onların acı taleyinə laqeydliyindən dünyasını dəyişir... Belə olan durumda da, hər bir ölkənin, o cümlədən, heç bir risklərə və təhlükələrə, kataklizmlərə baxmayaraq, sürətli və dinamik inkişaf yolu ilə irəliləyən müstəqil Azərbaycanın öz qida və ərzaq təhlükəsizliyini təmin etməsi vacibdir, zəruridir. Bu zərurəti, bu ehtiyacı vacib edən amillərdən biri də 31 ildən artıqdır işğalçı və təcavüzkar Ermənistan tərəfindən müharibə vəziyyətində yaşamağımız, yaşadılmağımızdır.

Qeyd edim ki, Azərbaycanda da qida və ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı çox  önəmli, vacib addımlar atılır. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı Dövlət Proqramı mövcuddur, həmçinin, qida təhlükəsizliyinə nəzarəti təmin etmək üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb və onun son dövrlərdəki uğurlu fəaliyyəti göz önündədir. Qida və ərzaq təhlükəsizliyi ölkəmizin, dövlətimizin prioritetlərindəndir. Qida və ərzaq təhlükəsizliyi həm də sağlam, təminatlı nəsil, gələcək və inkişaf deməkdir. Bu baxımdan da, həm qida təhlükəsizliyi, həm  ərzaq təhlükəsizliyi ilə bağlı qanunların qəbulu önəmlidir, hər ikisinə də ehtiyac var. Artıq qida təhlükəsizliyi ilə bağlı qanun layihəsinin ilkin variantı hazırlanıb və çox istərdim ki, o, ən azı birinci oxunuşda payız sessiyasının, ən geci yaz sessiyasının müzakirələrinə çıxarılsın və qəbul edilsin. Eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı qanun layihəsi hazırlanıb müzakirələrə çıxarılsın. İnanıram ki, növbəti mərhələdə bunların şahidi və iştirakçısı olacağıq".

Kamil HƏMZƏOĞLU

 





22.09.2019    çap et  çap et