525.Az

Əli Həsənov: “Prezidentlə xalq arasında monolit birlik var”


 

Əli Həsənov: “Prezidentlə xalq arasında monolit birlik var”<b style="color:red"></b>

Bu gün Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər və Qubadlı rayon ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları ilə görüş keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov, YAP İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edir.

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov çıxış edərək, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb, rayon təşkilatının və partiya fəallarının qarşısında duran vəzifələrdən bəhs edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə ölkəmizdə qazanılmış böyük uğurlardan, genişmiqyaslı inkişafdan danışan Baş Nazirin müavini deyib: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını xalqa xidmət təşkil edir. Prezidentlə xalq arasında monolit birlik var. Bu birlik sayəsində son 15 ildə ölkəmizdə ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf, Azərbaycanın dünyaya inteqrasiyası təmin edilib. Son 15 ildə ümumdaxili məhsul 3,3 dəfə artıb. Ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub ki, bunun da təxminən yarısı xarici sərmayələrdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətləri sayəsində Azərbaycan dünyaya tanıdılıb. Azərbaycan dünya dövlətləri arasında öz layiqli yerini tutub. Bu gün beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir".

Dövlət başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını deyən Baş Nazirin müavini bildirib ki, cari ildə həyata keçirilən sosial islahatlar nəticəsində ölkəmizdə əməkhaqları, təqaüdlər, sosial müavinətlər və digər sosial ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Məcburi köçkünlərə göstərilən diqqət və qayğının nəticəsidir ki, 102 yeni qəsəbə inşa edilib, 300 minə yaxın insan yeni mənzilə köçüb.

Baş Nazirin müavini, həmçinin bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və partiyanın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib. O, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilənlərin 66,8 faizinin YAP üzvü olduğunu xatırladıb.

Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək, bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib.

Digər çıxış edənlər də ölkədə həyata keçirilən islahatlardan və partiyanın qarşısında duran vəzifələrdən danışıblar.

 





25.09.2019    çap et  çap et