525.Az

Rumın poeziyasından seçmələr - Jalə İsmayılın tərcüməsində


 

Rumın poeziyasından seçmələr - <b style="color:red">Jalə İsmayılın tərcüməsində </b>

Jalə İsmayıl rumıncadan tərcümə edib

Marin SORESKU

XƏSTƏLİK

Doktor, ölümcül nəsə hiss edirəm
Bax burda, həyatım tərəfdə
Bütün orqanlarım ağrıyır
Gündüz Günəşim
Gecə ulduzum, Ayım ağrıyır.

Göydə bir buluda saplanmışam,
Əvvəllər heç görmədiyim bir buluda.
Və hər səhər, nə işdirsə,
Qış əhvalında oyanıram.

Boş yerə o qədər dərman içdim
Nifrət etdim, sevdim, oxumağı öyrəndim
Hətta bir neçə kitab da oxudum
İnsanlarla danışdım, düşündüm
Özümü yaxşı və gözəl hiss etdim.

Bütün bunların heç bir təsiri olmadı, doktor
Bütün bunlara bir ömür xərclədim.
Məncə, doğulduğum gün
Ölümə yoluxmuşam, doktor.

ADƏM

Nə olsun ki, cənnətdəydi
Adəm bütün gün kədər içindəydi.
Anlamırdı axı nədir çatmayan,
Allah da Həvvanı yaratdı
onun bir qabırğasından...

İlk insan
o qədər sevdi ki, bu gözəlliyi
bir göz qırpımında
başqa bir qabırğa da üfürdü,
od tutub yanan barmaqları ilə
hiss etdi
musiqi notları kimi enib-qalxan
bərk məmələri, şirin ombaları.
Qarşısında yeni Həvva doğuldu.
O, dərhal balaca güzgüsünü çıxardı
Və dodaqlarını boyadı.
"Budur həyat!", - Adəm dərindən nəfəs aldı.
Sonra birini də yaratdı.
Və hər dəfə rəsmi Həvva üzünü çevirdimi,
Ya da qızıl, ətirli qətran üçün bazara getdimi
Adəm özünün qabırğa hərəmxanasından
Yeni qadınını çıxardı gün işığına.

Allah baxdı, baxdı
Adəmin bu özfəaliyyətinə
və yanına çağırıb, 
cənnətdən qovdu -
sürrealizmə görə. 

İNFORMASİYA MÜHARİBƏSİ

"Vay-vay,
informasiya müharibəsində uduzdum..." -
pişiyin ağzında deyinirdi siçan...

Qabriela MELİNESKU

Qar imperatorluğu

Torpaq özünü təmizləməyə başlayır.
Yavaş-yavaş qar yağır.
İsveçrədə Şimaldan Cənuba
Qar yağır,
səssizlik və tənhalıq
səhradakı tənhalıq qumu kimi böyüyür.
Qar bürclər arasında gəlir
dostlara, ata-anaya,
ümidsiz
qar yağır zibil dağlarına,
insanların cinayətlərini örtmək üçün
qanla kirlənmiş küçələrə.
Qar yağanda
Adamlar kütləvi ölməkdən qorxurlar.
Amma sən bilirsən, bu həyatda
itiriləcək heç nə yoxdur artıq.
Sən ağappaq yolu seçirsən
və qar krallığında macəra axtarırsan.
Soyuğun
qılınc kimi kəsdiyi yerə qədər
gedir yol
və qardan o tərəfə yenə qar görünür,
və buzdan o tərəfə yenə buz.

QUZUYA BƏNZƏR

Burnu anasının məməsinə yapışmış
Quzu kimi olmaq istərdim.
Sadəcə mənim bildiyim otlaqlarda
tükləri çıxmış sadəcə mən.
İncə yun ipdə vıyıldayan küləyə qoşularaq,
ola bilmədiyim hər şeyi qucaqlayıram.
Səni həmişə gözümdə gördüm,
məni yedizdirən əllərin
boğazımı üzmək istəyini anlamadım.

Heç kimə
göz yaşı dolu yastığımı
göstərməyəcəm.
Dostum deyir ki, döz,
Sonra dünyada
tayın-bərabərin olmayacaq!
Sənin bədənin dəyişə bilmədiyi hər şeyi
gəmi kimi daşıyacaq.

Quzucan, gözlərindən öpürəm,
sənin ətini bal kimi yeyərkən ağladım.
Sənin dərin mənim üçün soyuğa dözür,
sümüklərini isə
anamın bütün yeməli quzuların
adını öyrətdiyi evdə qoydum:
Bir-iki - bizimki
Üç-dörd - qapını ört
Beş-altı - daşaltı
Yeddi-səkkiz - firəngiz
Doqquz-on - qırmızı don.
Radu
Qriqor
İon.
Nikita STANESKU

AVTOPORTRET

Mən başqa bir şey deyil,
sadəcə danışan
qan damlasıyam...

ATLAR

Birinci dünya müharibəsi yoxdur
atların.
Atları
Atlardan xilas etmək üçün
Atlara qarşı
dəqiq və bir anda
atların düşündüyü
atların düz-qoş elədiyi
Xirosiması da  yoxdur
atların.
Yoxdur, yoxdur.

Cəhənnəm olsun hamısı
bu atların!

ŞEİR

Şeir ağlayan gözdür.
O, ağlayan çiyindir,
ağlayan çiynin gözüdür.
O, ağlayan əldir,
ağlayan əlin gözüdür.
O, ağlayan dabandır
ağlayan dabanın gözüdür.

Ah dostlar,
şeir göz yaşı deyil,
o, ağlamağın özüdür,
görünməyən gözün ağlamasıdır,
gözəl olmalı olan gözün
göz yaşıdır,
göz yaşıdır
xoşbəxt olmalı olan gözün.

AÇAR

Ulduzlardan düşdü başıma zəncirli açar,
beynimdə ağrı və səs bir-birinə qarışdı.
Tanrı, qollarında qaldırmasan,
qıfılına düşə bilmədiyim
o nəhəng qapı üçün
bədənim dəmir açara çevrilir.
Yalvarıram, böyüklüyün qədər,
yalvarıram, laqeydliyin qədər,
məni çevirib, parçalayıb
o qapını bir dəfə aç!
Yalvarıram, heç olmasa, bircə dəfə!
Ana BLANDİANA

ZİYARƏT

Başqa dünyaya
protokol ziyarətinə gəlirmiş kimi
kədərlə qəbiristanlığa gələn qocalar
evə qayıtmalı olduqlarını,
həmişəlik
qala bilmədiklərini
düşünməkdən yorulublar.

YORĞUNLUQ

Necə də sözəbaxan ölülərimiz var!
Vulkan kimi püskürmürlər,
Onları özünə bünövrə etmiş
Divarların altında tərpənmirlər.
Başqalarının seçilmiş hərəkətlərini
Heykəllərdə əbədiləşdirirlər.  
Naməlum yollarda
Bayraqlara qoşulmağa, 
Şumlanmağa razıdırlar,
Çürüməyə hazırdırlar,
Torpağa gübrə olurlar.
Necə də sözəbaxan ölülərimiz var,
Və yorğundurlar!

MƏNCƏ

Məncə, bitki xalqıq biz.
Xəzan olarkən
Bu qədər səssiz qala bilməyin
başqa adı varmı? 
Başqa səbəbi ola bilərmi
Yenidən doğulacağına inanaraq,
Yuxunun döngələrində
Qorxmadan
Ölümə qədər
Getmə cəsarətinin?
Məncə, biz bitki xalqıq -
Heç görmüsünüzmü 
Bir ağac nə vaxtsa üsyan eləsin?

 





25.09.2019    çap et  çap et