525.Az

"Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir


 

BU KONTRAKTIN FAYDASINI BU GÜN AZƏRBAYCAN DÖVLƏTI, AZƏRBAYCAN XALQI GÖRÜR

"Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir<b style="color:red"></b>

Bu yaxınlarda 25-ci ildönümü tamam olan "Əsrin müqaviləsi" Azərbaycanın müstəqillik tarixində imzalanmış təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyəti olan beynəlxalq müqavilələrdən ilkidir.

Bu sənəd imzalanan zaman, yəni 1994-cü ilin 20 sentyabr tarixində Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdir. Ölkəmizdə həmin dövrdə çətin vəziyyət mövcud idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra bir sıra vacib addımlar atılmışdı. Ermənistanla 20 may 1994-cü ildə atəşkəs müqaviləsi imzalandı, daxildə ölkəmizin müstəqilliyinə təhdid yaradan qanunsuz silahlı qruplaşmaların, separatçı meyllərin zərəsizləşdirilməsi üçün tədbirlərə başlanıldı. Məhz Heydər Əliyevin müdrik gedişləri nəticəsində nə xarici, nə də daxili qrupların cəhdləri "Əsrin müqaviləsi"nin imzalanmasına maneə ola bildi. Heydər Əliyev diplomatiyası və Azərbaycan qalib gəldi. "Əsrin müqaviləsi" cəmi üç yaşı olan müstəqil dövlət üçün iqtisadi və siyasi inkişafın əsası oldu. Bu, Azərbaycanın siyasi müstəqilliyi və suverenliyini möhkəmləndirdi, ölkə iqtisadiyyatının dirçəlməsinə səbəb oldu, regional balans Azərbaycan və müttəfiqlərinin lehinə dəyişdi.

Qeyd edək ki, dənizin dərinliyində yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında müqavilənin imzalanması mərasimində 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına şərait yaratdı.

1994-cü il dekabrın 12-də Milli Məclis "Əsrin müqaviləsi"ni ratifikasiya etdi.

Bu gün müqavilənin nəticələrinə nəzər saldıqda, onun əhəmiyyəti bir daha aydın şəkildə özünü göstərir. Bu müqavilənin imzalanması güclü Azərbaycanın əsasını qoydu, ölkəmizin geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, onu dünyada enerji təhlükəsiliyinin vacib və etibarlı oyunçusu kimi tanıtdı. Həmçinin, "Əsrin müqaviləsi" böyük sosial, infrastruktur layihələrinə vəsilə oldu. Neftdən gələn gəlir xalqın rifahının yaxşılaşmasına sərf edildi.

"Əsrin müqaviləsi"nin 25 illiyi və Neftçilər Günü münasibətilə sentyabrın 20-də keçirilən tədbirdə çıxışı zamanı Prezident İlham Əliyev bu məqama toxunaraq qeyd edib ki, Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir. Dövlət başçısı deyib ki, bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır.

1993-cü ildən bu günə qədər aparılan islahatlar, görülmüş işlər Azərbaycanı dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanıdır.

Prezident  bildirib ki, "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir. Bu müqavilənin faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür.  "Əsrin kontraktı" Ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Dövlət başçısı "Şahdəniz" üzrə kontraktın imzalanmasına da toxunaraq, bunu tarixi hadisə adlandırıb. Bu gün "Şahdəniz"in Cənub Qaz Dəhlizinin əsas resurs bazası olduğunu vurğulayıb.

Yuxarıda qeyd etdiyimiz kimi, "Əsrin müqaviləsi"nin icrası mühüm nəticələr verib. Belə ki, neftdən əldə edilmiş gəlirlər ölkəmizin sürətli inkişafına şərait yaratdı, ümumi inkişafımıza sərmayə kimi qoyuldu. Prezidentin sözləri ilə desək, bu gəlirlər  sosial məsələlərin həlli üçün şərait yaratdı, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün imkan verdi. Müasirləşən şəhərlər, abadlaşan kəndlər, ölkədə gedən quruculuq, abadlıq - bütün bunların təməlində əlbəttə ki, neft sənayemiz dayanır. Azərbaycan beynəlxalq əməkdaşlıq, enerji sahəsində böyük uğurlar əldə edib. Bu gün "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır.

Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. Qazalaşdırma 96 faizdir, əhalinin 75 faizi dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir.

Məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salınıb. Çadır şəhərcikləri 2007-ci ildə ləğv olunub. Yüz minlərlə köçkünə yeni evlər verilib, yeni mənzillər təqdim edilib. Şəhid ailələrinə, müharibə veteranlarına güzəştlər, müavinətlər, mənzillər, minik avtomobilləri verilib.

Sosial infrastruktur tamamilə yenidən qurulub, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir olunub, idman qurğuları inşa edilib. Dövlət borcumuz aşağı səviyyədə saxlanır və ümumi daxili məhsulun cəmi 19 faizini təşkil edir. Ölkəmizin valyuta ehtiyatları xarici borcdan beş dəfə artıqdır.

Bir sözlə, "Əsrin müqaviləsi"nin reallaşdırılması indi, neçə illər keçəndən sonra, çox düzgün olaraq Azərbaycan millətinin malik olduğu potensial qüvvə barədə düşünməyə vadar edir. Bu qüvvə adi gözlə görünməyən enerji ehtiyatlarından, millətin iradə gücündən və böyük amallara can atmasından asılıdır.

Mövzu ilə bağlı danışan deputat Kamilə Əliyeva deyib ki, Ümummilli lider Heydər Əliyevin şah əsəri hesab edilən "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan müstəqilliyini həzm və qəbul edə bilməyən, onu "üçüncü dünya dövləti"nə, vassala, forposta çevirmək istəyən qüvvələrin, dairələrin, güclərin üzərində qələbə çaldı, zəfər qazandı. Müqavilənin Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olduğunu deyən deputat söyləyib ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 35 sazişin bağlanması təsadüfi deyildi: "Sazişdən sonra neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı".

K.Əliyeva bildirib ki, "Əsrin müqaviləsi"nin ən böyük nailiyyətlərindən biri də odur ki, bu müqavilə yalnız AÇG yataqlarının işlənməsi ilə məhdudlaşmadı: "Bu böyük layihənin törəmələri meydana gəldi ki, onların da birincisi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri oldu. "Əsrin müqaviləsi"nin övladı olan bu kəmər 2005-ci il may ayının 28-də istismara verildi, 2006-cı il iyulun 13-də isə onun rəsmi açılışı oldu. Vaxtilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri layihəsinin də əleyhdarları vardı. Amma indi baxın: 2019-cu il sentyabrın 1-dək dünya bazarlarına 554 milyon tona qədər Azərbaycan nefti çıxarılıb ki, bunun da 158 milyon tonu Bakı-Supsa, Bakı-Batum, Bakı-Novorossiysk kəmərləri və dəmir yolu ilə, 396 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib. Əgər bu kəmər olmasaydı, bu qədər nefti dünya bazarlarına biz necə aparıb çıxara bilərdik?"

K.Əliyeva deyib ki,  "Əsrin müqaviləsi"nin əhəmiyyətindən, onun icrasının nəticələrindən çox danışmaq olar: "Bu müqavilə insanlarımızın həyata şəraitinin yaxşılaşmasında, sosial islahatların aparılmasında, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayıb. Dövlət başçısı bu münasibətlə bir neçə gün əvvəl keçirilən tədbirdə vurğuladı ki, bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin".

Millət vəkili Azər Badamov isə deyib ki, "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyinə və Neftçilər gününə həsr olunmuş tədbirdə ölkə başçısı öz çıxışında bu müqavilənin ölkəmizə verdiyi töhfələr haqqında ətraflı danışdı. Məlumdur ki, "Əsrin müqaviləsi"nin imzalanması zamanı çoxlu çətinliklərdən keçməli olmuşuq. Buna həm daxildə, həm xaricdə maneələr var idi.  Təbii ki, burada cənab İlham Əliyevin əməyi xüsusilə qeyd olunmalıdır.

Deputat vurğulayıb ki, ABŞ-da şirkət rəhbərləri ilə müqavilə ilə bağlı müzakirələr aparılan zaman cənab İlham Əliyev demişdi ki, siz bir şirkətin maraqlarını qoruyursunuz. Biz isə Azərbaycan xalqının maraqlarından çıxış edirik. Təbii ki, burda elə bir ustalıq tələb olunurdu ki, balaca bir səhv Azərbaycana çox baha başa gələcəkdi. Amma düzgün qəbul olunmuş qərar uzun müddətdir ki, ölkəmizin çiçəklənməsinə xidmət edir. Həqiqətən Azərbaycan qısa bir dövrdə böyük bir inkişaf yolu keçmişdir. Bu sürətli inkişafımızın bünövrəsi "Əsrin müqaviləsi" ilə qoyulub. "Əsrin müqaviləsi" bundan sonra da uzun illər ölkəmizin inkişafına xidmət edəcəkdir".

PƏRVANƏ

 





25.09.2019    çap et  çap et