525.Az

Bakı Dövlət Universiteti - Cumhuriyyətin yadigarı


 

Bakı Dövlət Universiteti - <b style="color:red">Cumhuriyyətin yadigarı</b>

ƏSRİN ZİRVƏSİNDƏ PARLAYAN ELM OCAĞI

Bakı Dövlət Universiteti Şərqin ilk dünyəvi ali məktəblərindən biri kimi mənəvi böyüklüyümüzün simvolu hesab edilir. Azərbaycanda ilk ali təhsil və elm ocağı olan Bakı Dövlət Universiteti yarandığı tarixdən bu günə qədər şərəfli yol keçib. Univerisitet 100 illik dövr ərzində məşəl kimi Azərbaycanın təhsil yolunu işıqlandıraraq qüdrətli elm məbədinə çevrilib. Ölkədə ictimai, mədəni, elmi və siyasi düşüncənin milli mənafe və məfkurəyə uyğun inkişafı prosesində mühüm rol oynayan, fəaliyyətinin bütün mərhələlərində azərbaycançılıq, dövlətçilik ideyalarına sadiqliyi ilə seçilən mötəbər ali təhsil ocağı həqiqətən də xalqın milli sərvətinə, qürur, fəxarət ünvanına çevrilib, çağdaş tariximizə öz möhürünü vurub.  

ŞƏRQDƏ İLK UNİVERSİTET 

Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan edəndən sonra məhz ilk qəralardan biri də təhsillə bağlı olub. Parlamentin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakı Dövlət Universiteti təsis edilərək nizamnaməsi təsdiqlənib. Universitet ilk tədris ilini 2 fakültə ilə - tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub. Universitetin 1920-1930-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar - professor P.K.Juze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olub. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil alıb.

Cümhuriyyətin yadigarı olaraq BDU ötən dövrdə mütərəqqi ictimai düşüncənin inkişafında, xalqın milli-mədəni özünəməxsusluğunun, düşüncə sisteminin qorunmasında, ümumən cəmiyyətdə maarifçilik hərəkatının möhkəmlənməsində müstəsna xidmətlər göstərib. 

DİGƏR UNİVERSİTETLƏRƏ ÖRNƏK 

SSRİ dövründə Xalq Komissarlar Sovetinin qərarı ilə 1930-cu ildə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edilib və onun bazasında Ali Pedaqoji İnstitut yaradılıb. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başlayıb və respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrilib. İkinci Dünya Müharibəsi illərində professor-müəllimlərin müharibəyə getməsi ilə əlaqədar kəskin kadr çatışmazlığına baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bilib. Həmçinin, universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olub. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət Universitetinin bazasında yaradılıb.

Milli ideallara bağlı fəaliyyəti ilə ictimai həyatın bütün sahələrinə nüfuz edən BDU ötən illərdə Azərbaycan dilinin, fəlsəfi-hüquqi, siyasi fikir tarixinin, ədəbiyyatının, mədəniyyətinin, həmçinin, fundamental elm sahələrinin tədqiqində və gənc nəslə ötürülməsində öncül mövqeyə malik olub. Universitet təhsillə yanaşı, elmi-tədqiqat işlərinin genişlənməsində, elmin müxtəlif sahələrinin inkişafında daim fəallıq nümayiş etdirib, özünəməxsus yolu ilə dünya miqyasında seçilir.

Universitetin ölkənin tərəqqisi, çiçəklənməsi və inkişafı naminə böyük xidmətlər göstərmiş nüfuzlu ziyalıların - görkəmli elm xadimlərinin bu prosesdəki müstəsna rolunu da xüsusi vurğulamaq lazımdır. BDU-nun divarları arasında yetişmiş intellektual səviyyəli, vətənpərvər, vicdanlı ziyalılar onun şanlı ənənələrini, nüfuzunu daim qoruyub saxlamış və estafeti özlərindən sonrakı nəsillərə vermişlər.

Ölkənin yüzlərlə görkəmli şəxsiyyətinin təhsil aldığı BDU Heydər Əliyev kimi fenomenal liderin, böyük dühanın ali təhsil aldığı elm ocağı olması ilə qürur duyur. 

BDU-nun DAHİ MƏZUNU 

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyir ki, Ümumilli lider Heydər Əliyev Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dünya şöhrətli məzunudur. Ölkədə ali məktəblər çoxdur. Amma Bakı Dövlət Universiteti bu təhsil ocaqları sırasında xüsusi yer tutur. Çünki onun məzunları arasında dünya şöhrətli bir şəxsiyyətin - Heydər Əliyevin adı var.

Y.Mahmudovun sözlərinə görə, o, birinci kursda təhsil alanda Heydər Əliyevin oxuduğu qrup BDU-nu bitirirmiş: "O vaxt ulu öndər dövlət təhlükəsizlik orqanlarında çalışırdı. Bunun bizim hər birimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırdıq. 1960-61-ci illər idi, IV kursda oxuyurduq. Özüm də tələbə komsomol təşkilatının katibi idim. İstedadlı tələbələrdən biri sovet dövlətini pisləyən vərəqələr yaymışdı. Hamımız qorxurduq ki, bu gənci məhv edəcəklər. Mənə dedilər ki, qapalı komsomol yığıncağı keçirim. Yığıncaqda Dövlət Təhlükəsizlik Komitəsindən (DTK) gəlmiş Heydər Əliyev də iştirak edirdi. Müxtəlif çıxışlar oldu. Bir qrup gəncin vəziyyətini yüngülləşdirmək, digər qrup isə onun universitetdən qovulmasını tələb edirdi. Yığıncaqda ulu öndər bir saatadək çıxış etdi. Çox ibrətli çıxış idi və sonda iki cümlə ilə bu gəncin taleyini bütün təhlükələrdən qurtardı. Dedi ki, "görürəm, burada yoldaşlarını cəsarətlə müdafiə edən sağlam gənclik çoxluq təşkil edir, onların bu gəncin tərbiyəsinə gücləri çatar". Sonralar başa düşdük ki, bir nəfər xalqını sevən cəsarətli azərbaycanlının DTK kimi təşkilatda çalışması minlərlə övladımızın məhvolma təhlükəsindən xilası deməkdir. Mən sonralar da Heydər Əliyevin xalqımızın bir çox oğullarını, ziyalılarını repressiya qurbanı olmaqdan xilas etməsinin dəfələrlə şahidi olmuşam". 

HEYDƏR ƏLİYEVİN FƏXRİ: BAKI DÖVLƏT UNİVERSİTETİ 

BDU-nun keçmiş rektoru Misir Mərdanov bildirib ki, Bakı Dövlət Universiteti bugünkü səviyyəsinə, beynəlxalq nüfuzuna, dünya şöhrətli məzunlarına və yüksək elmi potensialına görə Heydər Əliyevə borcludur: "Ölkənin həyatında dönüş mərhələsinin başlanğıcı olan 70-ci illər BDU-nun tarixində də əlamətdar olub. 1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə Azərbaycan özünün həqiqi inkişaf yolunu tapıb. O dövrdə ən geridə qalan ölkələrdən hesab edilən Azərbaycanın inkişaf və tərəqqisinin əsası məhz bu tarixdən qoyulub. Bu plenum Azərbaycan xalqının tarixi müqəddəratında mühüm hadisə oldu, ölkənin gələcək inkişafında əhəmiyyətli rol oynadı. Bununla da Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü - böyük dönüş mərhələsi başlanıb. Heydər Əliyevin milli oyanış siyasəti sahəsində təhsil, elm, mədəniyyətin tərəqqisi üçün geniş imkanlar açıldı: "Xalqın milli mənlik şüurunun formalaşması, Azərbaycan dilinin, tarixinin öyrənilməsi, ali təhsil sisteminin daha da demokratikləşməsi sahəsində ciddi irəliləyiş baş verdi. Məhz bu dövrdə Azərbaycan ali məktəblərinin bayraqdarı olan Bakı Dövlət Universitetinin həyatında da böyük dönüş yarandı. Onun ölkənin ali məktəbləri içərisində tutduğu aparıcı mövqe, Azərbaycan təhsil sisteminə, onun inkişaf istiqamətlərinə göstərdiyi təsir daha da gücləndi. 1969-cu ildə BDU-nun 50 illik yubileyi dövlət tərəfindən yüksək səviyyədə keçirildi: "Bütün dövrlərdə Bakı Dövlət Universitetinə Heydər Əliyevin xüsusi bir sevgisinin şahidiyik. O, BDU-ya olan məhəbbətini, ehtiramını, sevgisini bu sözlərlə bildirirdi: "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam", - deyən Ulu öndər Heydər Əliyev BDU-ya olan rəğbətini daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılıb. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, universitetin 1999-cu ildə 80 illik yubiley mərasiminin keçirilməsi yenə də ümummilli liderin adı ilə bağlıdır. Ümumiyyətlə, BDU-nun indiyədək keçirilmiş beş yubiley mərasiminin dördü məhz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Bu mənada Heydər Əliyevlə Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür etmək qətiyyən mümkün deyildir. Ən azı bu səbəbdən ki, universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanıb".

AZƏRBAYCANIN MİLLİ SƏRVƏTİ, MİLLİ İFTİXARI 

Millət vəkili Bəxtiyar Sadıqov vurğulayıb ki, Bakı Dövlət Universiteti Azərbaycan mədəniyyəti, ictimai-siyasi fikri, elm və təhsilin inkişafı sahəsində sanballı töhfələri olan məbədgahdır: "BDU hər birimiz üçün həm də ona görə əzizdir ki, Ulu öndər Heydər Əliyev bu universitetin məzunu olub. Ümummilli lider ölkə rəhbərliyinə seçiləndən sonra Azərbaycan dilində ilk çıxışını məhz BDU-nun 50 illik yubileyində edib. BDU ona görə sürətlə inkişaf edib ki, daim Heydər Əliyevin qayğısını, diqqətini görüb. Ali təhsil ocağı bu gün inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.

Universitetin tarixində həqiqi yüksəliş, tərəqqi və çiçəklənmə dövrü Ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbər təyin olunduğu 1969-cu ilin 14 iyulundan başlanır. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubiley tədbirində iştirak edən Heydər Əliyevin o zaman üçün fövqəladə hal hesab edilən partiya liderinin Azərbaycan dilində çıxış etməsi universitet həyatında milli ruhun, milli özünüdərkin, milli dirçəliş və oyanışın hərəkətə gətirilməsi üçün siqnal rolunu oynadı. Azərbaycan ziyalısı sözün həqiqi mənasında qanı və canı ilə milli mənafeyi hər şeydən uca tutan  həqiqi milli liderini gördü, tanıdı və ümidini ona bağladı. Respublika rəhbərinin ana dilində çıxışı Azərbaycan dilində tədrisin qüvvətləndirilməsinə, milli dilimizin hərtərəfli inkişafına xidmət edirdi. Bunun nəticəsində tezliklə universitetdə yaradılan 4 cildlik "Müasir Azərbaycan dili" dərsliyi Dövlət Mükafatına layiq görüldü. Ümummilli lider Heydər Əliyevin böyük fədakarlığı və mübarizəsi sayəsində Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi: "Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ilk dövründə (1969-1982) onun böyük himayəsi ilə universitet ölkədə ali məktəblərin həqiqi bayraqdarına çevrildi, universitetdə mənəvi iqlim saflaşdı, universitetlə bağlı yaranmış "Qoy, ədalət zəfər çalsın!" aforizmi Azərbaycanda mənəvi-əxlaqi prinsipə çevrildi, universitet o illərdə ölkədən kənara göndərilən 15 mindən artıq azərbaycanlı gənclərin seçilməsi üçün baş qərargaha çevrildi. Bütün bu uğurların ilhamçısı və rəhbəri olan Heydər Əliyevin universitetə hər gəlişi əsl ümumxalq bayramına çevrilirdi. Bu da həqiqətdir ki, universitetin 50, 60, 75 və 80 illiyi Ümummilli lider Heydər Əliyevin iştirakı və rəhbərliyi ilə keçirilib. Böyük iftixar hissi ilə deməliyik ki, BDU-nun məzunu, Ümummilli lider Heydər Əliyevin "Azərbaycan xalqının, Azərbaycanın milli sərvəti, milli iftixarı" adlandırdığı BDU fəaliyyət göstərdiyi yüz ildə, ölkəmizin elm, təhsil, mədəniyyət sahələrinə görkəmli şəxsiyyətlər bəxş etmiş, Azərbaycanın intellektual potensialının formalaşmasına əvəzsiz töhfələr vermiş, bu gün də müstəqil Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcək gənc kadrların yetişdirilməsi yolunda tarixi missiyasını uğurla davam etdirməkdədir".

Bakı Dövlət Universitetinin xalqa bağlılığı onu uca tutmağımızı şərtləndirən ən böyük səbəbdir. Bu gün universitetin yetişdirdiyi, Azərbaycanın dünya arenasına çıxmasına dəstək verən və nəhayət, ləyaqətli vətəndaş adını daşıyan minlərlə məzunu var. 20 minlik tələbə ordusu olan təhsil ocağı bu ənənəsini bundan sonra da davam etdirəcək.

Sevinc QARAYEVA
Yazı "Bakı Dövlət Universitetinin "100 ilin zirvəsində" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur"

 





25.09.2019    çap et  çap et