525.Az

Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı


 

Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı <b style="color:red"></b>

Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransı (IAEA 2019) keçirilib.

Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Təhsil naziri Ceyhun Bayramov və 55 ölkədən 300-dən artıq nümayəndə iştirak edib.

Konfransda çıxış edən IAEA prezidenti Rendi Bennett rəhbəri olduğu assosiasiyanın məqsədinin təhsilin qiymətləndirilməsi elmi və təcrübəsinin inkişafına peşəkar mübadilə vasitəsilə kömək etməkdən ibarət olduğunu bildirib. O vurğulayıb ki, tədbirə ev sahibliyi edən Dövlət İmtahan Mərkəzi IAEA-nın mövzularla zəngin konfransının Azərbaycanda yenidən keçirilməsi üçün səylə çalışıb. Dövlət İmtahan Mərkəzi maraqlı və informativ elmi proqram, habelə Xəzər dənizinin sahilində yerləşən gözəl Bakı şəhərində bir sıra sosial tədbirlər işləyib hazırlayıb.

Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik beynəlxalq konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə konfransın Bakıda ilk dəfə 2007-ci ildə keçirildiyini xatırlayaraq deyib: "Əvvəlki tədbirimizdən artıq 12 il keçib. Bu müddət ərzində həm biz dəyişmişik, həm də dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qalıb. Bütün bunlar da öz növbəsində öyrətməyə, öyrənməyə və ümumilikdə təhsilə təsirsiz ötüşməyib. Bu cür böyük dəyişikliklər, heç şübhəsiz, təhsildə qiymətləndirmədə də dəyişikliklərə səbəb olmalıdır. Artıq onilliklərdir ki, qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib və bu sahədə islahatların aparılması da əsas müzakirə mövzularındandır.

Nailiyyətlərin sınağı və bu barədə ictimaiyyətə hesabat verilməsi, uşaqların həyat imkanlarını genişləndirmək məqsədilə mövcud resurslardan istifadə barədə siyasətçiləri və cəmiyyəti aşkar məlumatlandıra biləcək azsaylı vasitələrdən biri kimi görünür. Keçmiş təcrübəyə və ötən il Oksfordda "Qiymətləndirmə və böyük verilənlər" mövzusu üzrə keçirilən konfransın nəticələrinə əsaslanaraq söyləyə bilərik ki, əksər qiymətləndirmələr zamanı məlumatların azlığı qarşıya çıxan problemlər arasında yer almır. Çünki əslində, əksər hallarda aydın qərar qəbul etmək üçün kifayət qədər çox məlumat bazası olur. Buna görə də builki konfransın mövzusunu daha çox müzakirəyə ehtiyac duyulan istiqamətdə - "Qiymətləndirmə və qərar qəbuletmə" kimi müəyyən etdik. Məhz bu baxımdan, institusional islahat vasitəsi kimi təhsildə qiymətləndirməni təşviq edən ən yaxşı qiymətləndirmə tədqiqatçılarını və əsas şəxsləri konfransımıza dəvət etdik.

Təhsil naziri Ceyhun Bayramov isə deyib ki, qiymətləndirmə üçün informasiyanın vacib olduğunu qeyd edən nazir bildirib ki, bu istiqamətdə Dövlət İmtahan Mərkəzi Azərbaycan təhsil sistemində vacib rol oynayır: "Ölkədə sosial və iqtisadi dəyişiklik təhsil sisteminin daha da təkmilləşdirilməsini tələb etdiyi üçün Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Bu strategiya təhsilin araşdırılması mərkəzlərinin inkişafı, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının təmin edilməsi və təhsilin beynəlxalq standartlara cavab verməsinə yönəlib. Biz təhsilin hər kəs üçün əlçatan olması və bərabərliyi istiqamətində böyük uğurlar qazanmışıq. Təhsilin qiymətləndirilməsi üçün Azərbaycan bir sıra beynəlxalq qiymətləndirmə sistemlərində iştirak edib". Nazir bildirib ki, təhsildəki problemləri araşdırmaq, inkişafı müəyyənləşdirmək və müvafiq strategiyanın hazırlanması üçün bu sistemlərin rolu əvəzsizdir. Qiymətləndirmə ilə bağlı problemlərə toxunan nazir qeyd edib ki, bərabərlik və təhsilin əlçatan olması ev şəraiti, ailənin sosial və iqtisadi vəziyyəti ilə bağlıdır və bunlar məktəbdə iştiraka təsir edən amillərdir: "Milli və beynəlxalq qiymətləndirmələrə görə, şagirdin akademik sahədə nailiyyəti onun məktəbəqədərki hazırlığı ilə sıx bağlıdır. Son illərdə məktəbəqədər hazırlıq səviyyəsi 24 faizdən 75 faizədək qalxıb".

Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev isə vurğulayıb ki, təhsildə şəffaf və etibarlı qiymətləndirmə prosesinin inkişafı üçün Azərbaycan əhəmiyyətli irəliləyişlər əldə edib - sovet dönəmindən qalan subyektiv və qərəzli qiymətləndirmə bilik və qabiliyyətləri aydınlaşdıran imtahan sistemi ilə əvəz olunub. Məhz bunun nəticəsində ölkədə həm universitetlərin keyfiyyəti, həm də onların məzun etdiyi insan kapitalının səviyyəsi müvafiq şəkildə qalxıb.

Tədbirdə Böyük Britaniyanın Durham Universitetinin professoru Piter Tims məruzə ilə çıxış edib. Konfrans çərçivəsində "Siyasətin formalaşdırılması", "Ali təhsil", "Qiymətləndirmə strategiyaları", "Müəllim inkişafı", "Psixoloji qiymətləndirmə" mövzularında sessiyalar keçirilib. Sessiyalarda qiymətləndirmə sahəsində xarici və yerli ekspertlərin məruzələri dinlənilir, təcrübə mübadiləsi aparılıb.

S.QARAYEVA

 





25.09.2019    çap et  çap et