525.Az

ABŞ Ədliyyə Nazirliyi: "Trampla Zelenskinin danışığında qanun pozuntusu olmayıb"


 

ABŞ Ədliyyə Nazirliyi: "Trampla Zelenskinin danışığında qanun pozuntusu olmayıb"<b style="color:red"></b>

ABŞ Ədliyyə Nazirliyi Amerika və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında iyul ayında baş tutmuş telefon danışığının stenoqrammasında heç bir qanunvericilik pozuntusu, yaxud hər hansı araşdırma və digər tədbirlərin görülməsi üçün əsas aşkarlamayıb.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Kerri Kyupekin yaydığı bəyanatda bildirilir.

Sənəddə qeyd olunur ki, prezidentlərin telefon danışığının rəsmi yazısını araşdırdıqdan sonra nazirliyin Cinayət işləri üzrə İdarəsi seçki kampaniyalarına dair qaydaların pozulması hallarına yol verilmədiyi qənaətinə gəlib.

“Nazirliyin bütün aidiyyəti şöbələri qeyd olunan hüquqi rəylə razılaşıb və qurum işi bağlamaq qərarına gəlib”, - deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, ötən gün Ağ Evin rəsmi saytında Donald Tramp və Vladimir Zelenski arasında iyul ayında baş tutmuş telefon danışığının stenoqramması dərc edilib. Danışıq zamanı Tramp ABŞ-ın Ukrayna üçün əlindən gələni etdiyini qeyd edib. O, həmçinin Ukrayna liderini “Baydenin işi” ilə tanış olmağa çağırıb. V.Zelenski isə Ukraynada müvafiq araşdırmanın aparılması üçün mövzu ilə bağlı əlavə məlumatın təqdim edilməsini xahiş edib. Bununla belə, liderlərin danışığı zamanı ABŞ-ın Ukraynaya maliyyə dəstəyi məsələsinə toxunulmayıb.

"The Wall Street Journal" nəşrinin sentyabrın 21-də dərc etdiyi məqalədə iddia edilib ki, D.Tramp telefon danışığı zamanı demokrat senator, keçmiş vitse-prezident Co Baydenin və onun Ukrayna qaz şirkəti ilə əlaqəsi olan oğlunun “korrupsiya əlaqələri”nin araşdırılmasına hüquqi yardım göstərilməsi üçün Ukrayna prezidentinə səkkiz dəfə təzyiq göstərməyə cəhd edib və əks halda maliyyə yardımının dayandırılacağı ilə hədələyib.

Artıq ABŞ Nümayəndələr Palatası prezident D.Trampa qarşı impiçment proseduruna başlayır. İmpiçmentdə ABŞ prezidenti də daxil olmaqla, qanun pozuntuları, dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə günahlandırılan federal işçilərin vəzifədən uzaqlaşdırması tələb edilir.

 





26.09.2019    çap et  çap et