525.Az

Lavrovdan Qırğızıstan-Tacikistan sərhədində insidentə münasibət


 

Lavrovdan Qırğızıstan-Tacikistan sərhədində insidentə münasibət <b style="color:red"></b>

“Postsovet məkanında münaqişə potensialı qalmaqdadır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Kommersant” qəzetinə müsahibəsində deyib.

O, postsovet məkanında münaqişə potensialının qaldığını, lakin bunun elə də təhlükəli olmadığını bildirib: “Məsələn, Mərkəzi Asiyada, 2006-cı ildə Rusiya və İranın aktiv iştirakı ilə uzun illər aparılan danışıqlardan sonra Tacikistanda dünyəvi hökumətlə islam meylli partiya arasında vəziyyətin nizamlanmasına nail olunub. Hər kəs sakitləşmiş kimi idi. Bu müxalif partiyanın nümayəndələri hakimiyyət strukturlarına, parlamentə cəlb olundular. İndi isə yenidən gərginlik yaranıb. Biz əlimizdən gələni edirik ki, bu gərginliyi azaldaq və aradan qaldıraq. Ümid edirəm ki, buna nail olacağıq”.

Rusiya XİN başçısı Qırğızıstan-Tacikistan sərhədində baş vermiş insidentə də münasibət bildirib. O qeyd edib ki, iki ölkənin sərhədində qarşıdurma ilk dəfə baş vermir: “Bir il, il yarım bundan öncə də belə hal yaşanmışdı. O vaxt biz aktiv şəkildə vəziyyətin normallaşmasına səy göstərdik. Həmin mərhələdə bizə elə gəldi ki, buna nail olduq. Qazaxıstanlı həmkarlarımız da bizə kömək etdilər. Oradakı problem sərhədlərin delimitasiya məsələsinin nizamlanmaması ilə bağlıdır. Nə qədər ki, SSRİ mövcud olub, kəndlər arası, kiçik şəhərlərarası inzibati sərhədlərin haradan keçdiyinə diqqət yetirilməyib. Keçmiş postsovet respublikalarının suverenlik qazanmasından sonra bu məsələlərin həll olunmaması öz təsirini göstərir”.

 





26.09.2019    çap et  çap et