525.Az

Rəşid Faxralının tərcümə kitabı Tbilisidə təqdim olunub


 

Rəşid Faxralının tərcümə kitabı Tbilisidə təqdim olunub<b style="color:red"></b>

Rəşid Faxralı həm istedadlı jurnalist, həm də istedadlı şairdir. Bu, istedadın ikili təzahürüdür, şübhəsiz. C.Çarkvianinin, D.Şemokmedelinin şeirləri kimi XIX əsr gürcü klassiki Vaja Pşavelanın – “Pşavili kişi” kimi tanınmış böyük Vajanın “Qoqoturi və Apşina” poemasını da uğurla tərcümə edib ayrıca kitab kimi nəşr etdirən Rəşid Faxralı həm də istedadlı tərcüməçiymiş. “Böyük Vajanın böyük əsərini böyük sevgi ilə tərcümə etdiyinə görə gürcü ədəbi ictimaiyyəti Rəşid Faxralının istedadı qarşısında baş əyir” – Tbilisidə “Kitab Evi”ndə keçirilən təqdimat mərasimində tanınmış gürcü rəssamı Rezo Adamiya tərcümə ilə bağlı təəssüratlarını bu fikirlə tamamladı.

Tədbirdə şairi Quri Otobaya (yeri gəlmişkən, o, Rəşid Faxralının Tbilisidə gürcü dilində nəşr olunan kitabının redaktoru kimi Rəşidin yaradıcılığının fəlsəfi-bədii mahiyyətindən də danışdı), Zurab Kandelaki (ictimai xadim), David Şemokmedeli (şair), Rafiq Hümbət (Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri), Mirzə Məmmədoğlu (tədqiqatçı) və başqaları tərcümənin bədii məziyyətlərindən danışdılar, tərcüməni Azərbaycan – gürcü ədəbi əlaqələri kontekstində yeni mərhələ adlandırdılar və Vaja Pşavelinin bədii fikirlərini Azərbaycan dilində böyük məharətlə verdiyinə görə Rəşid Faxralıya minnətdarlıqlarını bildirdilər.

Rəşid Faxralının tərcüməsində Vaja Pşavelanın “Qoqoturi və Apşina” əsəri gürcü ədəbi ictimaiyyətinin böyük marağına səbəb olduğundan “STV” telekanalı Rəşidi həmin gün canlı yayıma dəvət etdi. Canlı yayımda səslənən fikirlər də tərcümənin uğurunun təsdiqi oldu.

Mirzə MƏMMƏDOĞLU

Tbilisi

 





25.10.2013    çap et  çap et