525.Az

"Böyük alimsiniz, yoldaş Stalin..." - Yuz Aleşkovski - 90


 

"Böyük alimsiniz, yoldaş Stalin..." - <b style="color:red">Yuz Aleşkovski - 90</b>

Bu günlərdə məşhur rus yazıçısı, şairi, ssenaristi, müəllif mahnılarının ifaçısı Yuz Aleşkovskinin (əsl adı İosif Yefimoviç Aleşkovski) 90 yaşı tamam oldu.

Keşməkeşli həyat sürən, zaman-zaman sovet hakimiyyətinin qəzəbinə tuş gələn yazıçı "Kış, İkiportfel və bir həftə", "Kenquru", "Elektrik qatarına iki bilet", "Nikolay Nikolaiç" kimi məşhur uşaq ədəbiyyatı nümunələrinin müəllifidir. "Karusel", "Moskvada ölüm", "Kiçik həbsxana romanı", "Birə tanqosu" kimi böyüklər üçün yazılmış əsərləri ona dünya şöhrəti qazandırıb.

Yuz Aleşkovskinin ssenariləri əsasında çəkilmiş "Mənim kəndim", "Əhvalatlar", "Kış və İkiportfel", "Sənə nə olub?" və s. bütün yaş kateqoriyalarından olan tamaşaçıların həmişə maraqla izlədiyi filmlərdir.

"XX əsrdə rus ədəbiyyatının aparıcı simalarından biri" kimi yazıçı 2001-ci ildə Alman Puşkin mükafatına layiq görülüb. "Kiçik həbsxana romanı"na görə ona 2011-ci ildə "Böyük nəsr" nominasiyası üzrə "Rus mükafatı" verilib. Bu, dünya rusdilli yazıçılarının ən prestijli mükafatı sayılır.

1950-ci illərdə Sovet hərbi dəniz donanmasında xidmət edən yazıçı "nizam-intizamı pozduğuna görə" dörd il həbsxana həyatı yaşamağa məcbur edilib. Azad edildikdən sonra tikintidə fəhlə, sürücü işləyib.

"Metropol" almanaxında "Həbsxana mahnıları" dərc etdirdikdən sonra ABŞ-a köçməli olan Y.Aleşkovski A.Bitov, B.Axmadulina və M.Jvanetski ilə birlikdə məşhur "BaQaJ" ədəbi birliyini təsis edib.

İ.Brodski onu "dilin Motsartı" adlandırırdı. Onun özünəməxsus təhkiyəsi, bənzərsiz üslubu müəllif mahnılarında da qorunur. Dissident yazarın "Gün işığı görmədim", "Molotovun mahnısı", "Belə havalarda", "Payız romansı", "Dəmir çekist haqqında mahnı" və s. kimi onlarla bard nəğməsi hələ də dillərdən düşmür.
V.Vısotski, D.Vern kimi məşhur bardların repertuarında yer alan "Böyük alimsiniz, yoldaş Stalin..." mahnısı uzun illər "xalq mahnısı" hasab olunurdu. Xalq mahnısı motivləri ilə sovet poeziyasına porodiya elementlərini özündə birləşdirən həmin mahnının mətnini diqqətinizə təqdim edirik. 

Etimad BAŞKEÇİD

BÖYÜK ALİMSİNİZ, YOLDAŞ STALİN...

Sizin, yoldaş Stalin, ağlınıza söz olmaz -
Siz böyük alimsiniz, yox dünyada tayınız.  
Mən yazıqsa adicə bir sovet dustağıyam,
Bir bezin qırağıyıq elə burda hamımız.

İndiyəcən bilmirəm, vallah, günahım nədi,
Amma prokurorlar çox güman ki, haqlıdır.
Çarın bir vaxt sizləri sürgünə göndərdiyi
O uzaq Turuxanda əlim-qolum bağlıdır.  

Götürdük boynumuza qoyulan hər günahı,
Məşəqqətli taleyin hər cür oduna yandıq.
Yox, bizi qınamayın, yoldaş Stalin, axı
Biz sizə özümüzdən daha çox inanırdıq.

Və budur, oturmuşam indi də Turuxanda,
Keşikçilər it kimi quduzlaşıb, bədləşib.
Çox da qanmaz deyiləm, bilirəm bu yaxında
Sinfi mübarizəmiz ciddiləşib, sərtləşib.  

Hər tərəf qar-yağışdı, hünüdü, mığmığadı,
Bax, bu uzaq Tayqada belə keçir günümüz.
Bir vaxtlar qığılcımdan törətdiyiniz odun
İstisinə qızınır canımız gecə-gündüz.

Ürəyimiz sızlayır bu şaxtada, sazaqda,
Gündüzlər gözümüzlə görürük cəhənnəmi.
Ölü kimi yatırıq gecələr quru taxtda,
Yuxumuz qaçaq deyil bəzi rəhbərlər kimi.

Yuxumuza girirsiz kiteldə, boz kepkada -
Partiyanın sütunu, ölkəmizin dayağı!  
Biz də divan tuturuq meşələrə Tayqada, 
Burda qırıb-çatırıq lap Stalinsayağı.

Dünən iki marksisti gömdük qara torpağa,
Bürüdük al qumaşa bir cüt cansız cəsədi.
Biri sağçıydı, daim meyillənirdi sağa,
O birinin bilmədik amma günahı nədi.

Son nəfəsdə dikəlib pıçıldadı o yazıq
Və sizə ünvanladı son sözü, son kəlməni:
İstəyir öz işinə bir də baxılmasını,
Dedi ki, bəs "Stalin başbiləndi, kəllədi!"

Sizə min il yaşamaq arzulamaqdır peşəm!
Yoldaş Stalin, burda canım çıxsa da, ancaq
İnanıram ürəkdən: adambaşına düşən
Çuqun, polad sarıdan bir korluq olmayacaq.

Çevirəni Mahir N.Qarayev

 





27.09.2019    çap et  çap et