525.Az

Azərbaycan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icrasında mühüm rol oynayır


 

LAYİHƏNİN REALLAŞMASI ÖLKƏMİZƏ NƏ KİMİ DİVİDENTLƏR GƏTİRƏCƏK?

Azərbaycan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icrasında mühüm rol oynayır<b style="color:red"></b>

Əlverişli geosiyasi məkanda yerləşən Azərbaycan təkcə beynəlxalq enerji deyil, həm də nəqliyyat dəhlizlərinin qovuşduğu məkana çevrilib. Bu gün ölkəmiz beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsində çox ciddi töhfələr verən dövlətə çevrilib. Azərbaycan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşmasında mühüm rol oynayır.

Son dövrlərdə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin keçəcəyi regionda, fərqli qütblər arasında geosiyasi rəqabətin daha da kəskinləşməsi fonunda stabil və balanslı xarici siyasət yürüdən Azərbaycan yeni siyasi və iqtisadi dividendlər əldə etməyi hədəfləyib.

Məlumat üçün bildirək ki, "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi" layihəsi 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə yaradılıb. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən sazişi ratifikasiya edib (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran İslam Respublikası, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna).

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, Şimal-Cənub vasitəsilə 3 həftə olması gözlənilir). Belə ki, dəhliz vasitəsi ilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır. Hazırkı marşrut (Süveyş kanalı) üzrə malların çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir.

2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan, son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhəddinə qədər dəmir yolu infrastrukturunun yenilənməsi təmin edilib və ötən ilin martında İranın prezidenti Həsən Ruhaninin ölkəmizə rəsmi səfəri çərçivəsində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb.

Azərbaycan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlıdır və artıq yolun Rəşt-Astara hissəsinin tikintisinə 500 milyon dollar güzəştli kredit ayırılıb.

Azərbaycanın Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı layihənin ciddiliyini nəzərə alaraq investisiya yatırması, ölkəmizə beynəlxalq arenada etibarlı tərəfdaş imicini qazandırıb.

Son illərdə Bakı-Tbilisi-Ceyhan dəmir yolunun, Ələtdə Beynəlxalq Limanın tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması nəticəsində Azərbaycan Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevirəcək.

Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər, Şimal-Cənub layihəsinin reallaşmasını gecikdirsə də, bu problemin ölkəmizdən qaynaqlanmadığı aydındır. Azərbaycan Respublikası gerçəkləşdirilməsi gərəkən bütün infrastruktur layihələrini uğurla həyata keçirib. Bu gün əminliklə demək mümkündür ki, Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılmasında xüsusi çəkiyə malikdir və bu istiqamətdə əməli addımlar atır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu  hesab edir ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi olduqca strateji bir layihədir. Layihə Azərbaycanı bu istiqamətdə mühüm nəqliyyat qovşağına çevirir: "Diqqət yetirsək görərik ki, mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycan məhz burada körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir. Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin mühüm həlqəsi olmaqla özü üçün həm iqtisadi, həm də strateji maraqlarını həyata keçirmək üçün siyasi dividentlər qazanır. Hindistanın Mumbai limanından İranın Bəndər-Abbas limanına qədər gələn yolun davamı kimi Qəzvin-Rəşt-Astara yolu ilə daşınan yüklərin Rusiya Federasiyasına, oradan isə Avropanın şimalındakı ölkələrə qədər ötürülməsi heç şübhəsiz ki, nəqliyyat kommunikasiya tarixində yeni bir hadisə kimi qiymətləndiriləcək.

H.Babaoğlu bildirib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi istiqamətində çox böyük həcmdə yük daşımaları var: "Amma bu yükdaşımaları əsas etibarilə Süveyş kanalı üzərindən realizə edildiyi üçün 45-60 gün ərzində təyinat nöqtəsinə çatdırıla bilir. Lakin "Şimal-Cənub" nəqliyyat dəhlizi işə düşdükdən sonra isə bu müddət cəmisi 14-20 gün olacaq ki, bu da yeni nəqliyyat dəhlizini olduqca cəzbedici bir dəhlizə çevirəcəkdir. Çünki bu dəhliz sadəcə müddət baxımından deyil, həm də onun ətrafında olan siyasi-inzibati coğrafiyada ümumi təhlükəsizliyinin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Əlbəttə ki, Azərbaycan 2005-ci ildən bu layihəyə qoşulduqdan sonra onun çox fəal iştirakçısına çevrilib. Hətta Qəzvin-Rəşt-Astara avtomobil yolunun çəkilməsi ilə bağlı kredit ayrılıb. 2018-ci ildə İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərindən sonra bir daha Azərbaycan və İran prezidentləri arasında bu məsələnin müzakirə olunaraq təqdir edilməsi onu göstərir ki, layihə təkcə nəqliyyat kommunikasiya layihəsi deyil, həm də qonşu dövlətlə ikitərəfli münasibətlərin inkişafına yeni impulslar verəcək bir layihədir".

İqtisadçı ekspert Pərviz Heydərov mövzu ilə bağlı bildirib ki, son illərdə Azərbaycanın nəqliyyat sektorunda bir sıra irimiqyaslı infrastruktur layihələr həyata keçirilib. Bunların sırasında Bakı Beynəlxalq Dəniz Ticarət Liman  kompleksini, müasir hava limanlarını, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi və s. vurğulamaq olar. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti tam istifadəyə verildikdən sonra Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq.  Ekspert bildirib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin tikilib istifadəyə verilməsi nəticəsində Azərbaycan ilə İran iki qitəni - Avropa ilə Asiyanı birləşdirəcək: "Yəni Astara-Astara tranzit dəhliz dəmir yolu Şimalla Cənub arasında bir növ körpü rolunu oynayacaq ki, bu da söhbətin təkcə, bu və ya digər ölkələr arasında deyil, məhz regionlar arasında əlaqələrdən və onun gələcək inkişafından getdiyi deməkdir. Belə ki, Şimal ilə Cənub arasında iqtisadi-ticari əlaqələr ən azı Rusiya kimi nəhəng bir ölkə ilə Yaxın Şərq ölkələri arasında qarşılıqlı mal mübadiləsi, daşımalar və ticari əlaqələr demək olacaq".

P.Heydərov əlavə edib ki, Azərbaycan üzərindən keçəcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi alternativ dəhlizlərlə müqayisədə tranzit vaxtı, xərclər baxımdan rəqabətqabiliyyətli olacaq. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımalar həyata keçiriləcək ki, bu da hər il milyonlarla ton yükün Azərbaycan üzərindən tranziti demək olacaq. İlkin mərhələdə dəhliz vasitəsilə 5 milyon ton, növbəti mərhələdə isə 10 milyon tondan artıq yük daşınacağı gözlənilir. Region ölkələri bunun xeyrini əyani gördükcə isə, qeyd olunan rəqəm artıq da ola bilər: "Belə bir yolun üzərində yerləşmək və praktik olaraq, alternativsiz tranzit ölkə olmaq isə Azərbaycan üçün hədsiz dividentlər gətirəcək. Yəni bu, birincisi, milyonlarla xarici valyuta şəklində gəlir demək olacaq. İkincisi, qeyri-neft sektorunun inkişafı üçün əvəzsiz dəstək yaradacaq. Üçüncüsü, regionda nəqliyyat mərkəzinə çevrilmək şanslarını bir az da gerçəyə çevirəcək. Dördüncüsü və bəlkə də ən vacibi isə, Azərbaycan özü üçün gələcəkdə İran körfəzi ölkələrinə asan çıxmaq imkanı əldə edəcək".

Xatırladaq ki, Rəşt-Astara dəmir yolu məntəqəsi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanın, o cümlədən, Azərbaycan, İran və Rusiya dəmir yollarının birləşdirilməsinə hesablanmış "Şimal-Cənub" nəqliyyat dəhlizinin mühüm hissəsidir. İlk mərhələdə dəhlizlə ildə 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan çox yük daşınması planlaşdırılır.

PƏRVANƏ

 

 





27.09.2019    çap et  çap et