525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış<b style="color:red"></b>

İdris ABBASOV 

Müasir alimlər din elmləri bölümünə dinlər tarixi, din fenomenologiyası, din sosiologiyası, din psixologiyası, din fəlsəfəsi, din etnologiyası və digər elm sahələrini aid edirlər. Din elmləri XVII əsrdən etibarən İngiltərə, Fransa və Almaniyada dinin elmi bir şəkildə qavranılması yolundakı çalışmaların nəticəsi olaraq meydana gəlmişdir. Xüsusilə, XIX əsrdə din faktını rasional bir şəkidə dərk etmə düşüncəsinin təsiri ilə din elmləri sahəsində çox əhəmiyyətli irəliləyişlər olmuş, bununla da mənəvi elmlər təbiət elmlərindən ayrı şəkildə nəzərdən keçirilmişdir. Dinlərin prinsiplərini, onların meydana gəlmə və inkişafını dinlər tarixi tədqiq edir. Dinlər tarixinin faydalandığı elm sahələrinin başında filologiya durur. Psixologiya, sosiologiya, mifologiya, etnoqrafiya, arxeologiya, sənət tarixi, folklor kimi elm sahələri də dinlər tarixi üçün önəmli qaynaq təşkil etmişdir. Din fenomenologiyası materiallarını dinlər tarixindən alır, amma onları tarixilikdən daha çox sistematik cəhətdən dəyərləndirir. Dini təzahürlər, dua, qurban, tanrı qavramı, axirət, ibadətə başlama, dini simvollar kimi hadisələr, dini görüntülər din fenomenologiyasının tədqiqat sahəsinə daxildir. İctimai dini qurumları, bunların dövlət, millət, irq qrupu, iş təşəkkülləri kimi dünyəvi quruluşlarla rabitəsini din sosiologiyası araşdırır. Din psixologiyası dinin psixoloji tərəfini, ağlın dini funksiyasını, başqa bir sözlə, fərdin dini təcrübəsini, onun ictimai-dini həyatı necə paylaşdığını öyrənir. Din fəlsəfəsi dinin mahiyyətini, insanın dini gerçəkliklərlə əlaqəsini araşdıran bir din metafizikasıdır.

Din etnoqrafiyası dini ayinləri, adət-ənənələri, bir qrupa aid dini mədəniyyət ünsürlərini tədqiq edən elm sahəsidir. Etnoqrafiya XIX əsrdə tarix, iqtisadiyyat, siyasət və sosiologiya kimi elm sahələrindən ayrılmışdır. Digər tərəfdən bu elm sahəsi  bir topluma aid mədəniyyət və xüsusiyyətlərdən bəhs edərək apxeologiya, linqvistika və irqləri öyrənən fiziki antropologiyadan ayrılır. Etnoqrafiya irqlər, onların bölümləri və tarixi inkişafını tədqiq edən bir elm sahəsi təəssüratını doğursa da, sözün dar mənasında mövcud insan cəmiyyətlərinin adət və inanclarını, sözün geniş mənasında isə ibtidai qəbilə mənsublarından başlayaraq inkişaf etmiş mədəniyyətləri paylaşanlara qədər insanlar tərəfindən irəliyə aparılmış mədəniyyət formalarını öyrənir. Etnoloqlar öz fəaliyyətlərində dindən uzaq qalmamışdırlar. Onlar din etnologiyası (etnoqrafiyası) ilə bağlı elementlərin bir qismini araşdırmaqla məşğul olmuşdurlar. Başlıca olaraq ibtidai qəbilələr araşdırılarkən bu qəbilələrin ayin və mərasimləri, uca varlıq, tanrı, yaxud ruh inancları, bunların təbiətüstü gücləri, mifologiyaları, sehr, rahib, müqəddəs şəxs və yerləri, totem, tabu kimi qavramları öyrənilmiş, inkişaf etmiş dinlərin ibtidai qəbilələrə necə təsir göstərdiyi, ibtidai qəbilə inancları ilə digər dinlər arasındakı bənzər, yaxud fərqli məqamlar müəyyənləşdirilməyə çalışılmışdır. Din etnologiyası təkcə bir metoddan deyil, bütün metodlardan istifadə edərək müsbət nəticələrə nail olur. Bu elm sahəsinin dinlər tarixi və mifologiya ilə bəzi ortaq tərəfləri olmaqla yanaşı onun verdiyi məlumatlar tarixi məlumatlar deyildir. Amma sözügedən elm sahələrində etnoloji məlumatlar da mövcud ola bilər. Məsələn, Biruninin əsərlərində səyahət etdiyi yerlərdəki insanların dini inanc, ibadət, ayin və mərasimləri, adət və ənənələri ilə bağlı məlumatlar mövcuddur. Biruni dinlərini, adət, ənənə və inanclarını tədqiq etdiyi millətlərin dillərini öyrənir, onlara suallar verir, alınan cavabları tutuşdurur, beləliklə, doğru cavablar əldə etməyə çalışırdı. Onun qədim türk boyları, Xarəzm bölgəsinin yerliləri, hindlilər haqqında verdiyi etnoloji məlumatlar çox maraqlıdır. Ümumiyyətlə, məhəlli xalq dini qavrayışları, nəzər, sehr, fal kimi qavrayışlar, quşlar, saylar, günlər, evlənmə, toy və digər xüsuslarla bağlı inanclar, dini mərkəzlər, qurumlar, ziyarət yerləri xalqla əlaqəsi baxımından folklora daxil olmaqla bərabər din etnologiyasına aid olan mövzulardır. Din elmlərinin başlıca sahələrini nəzərdən keçirək:       

Din fəlsəfəsi

Din fəlsəfəsi bir elm sahəsi olaraq ümumi fəlsəfənin bir bölümünü təşkil edir. Din başlanğıcdan fəlsəfi düşüncənin önəmli bir mövzusu olmuşdur. Filosofların bir qismi dini öz fəlsəfi sistemlərinin ayrılmaz bir hissəsi saymış, bəziləri dinin fəlsəfi təməlini tapmağa çalışmış, bəziləri də fəlsəfi xarakterdə bir din anlayışı formalaşdırmağa səy etmişdir. Bütün bu fəaliyyətlər din fəlsəfəsi çərçivəsində düşünülmüşdür. Ancaq dinin fəlsəfənin xüsusi bir düşüncə və araşdırma sahəsi olaraq fəlsəfi elm sahələri arasında yer tutması hadisəsi yenidir. Din fəlsəfəsi termininin filosoflar və fəlsəfə tədqiqatçıları arasında işlədilməsi Hegelin müvafiq əsərinin təsiri ilə olmuşdur. Tarix, psixologiya, sosiologiya və antropologiya kimi elmlər din mövzusuna xaricdən yanaşaraq spesifik metodlarla dini duyğu, düşüncə və davranışları təsvir edirlər. Kəlam – vəhy ilə sabit olan dinin təməl prinsiplərini hər cür əqli və təcrübi biliklərdən faydalanaraq açıqlamağa cəhd edir. Kəlamın bu biliklərdən istifadə etməsi öz problemlərini həll etməyə nail olması ilə məhdudlaşır. Fəlsəfə isə daha geniş və sərbəst bir sahədə fəaliyyət göstərir. Zəruri hallarda dinin rasionallığı, tutarlılığı və ümumbəşəriliyi haqqında hökmlər verir və dini mümkün olan hər cəhətdən nəzərdən keçirib dəyərləndirir. Din fəlsəfəsi istilahında da din düşüncə sahəsini, fəlsəfə isə baxış tərzini dilə gətirir. Bu baxımdan din fəlsəfəsi dinin təməl xüsusları haqqında rasional, tutarlı, əhatəli və obyektiv bir şəkildə fikirlər ortaya qoyan bir elm sahəsidir. Din və fəlsəfə arasında üzvi bir bağlılıq olmadığını irəli sürən bəzi mütəfəkkirlər dinə əqli bir zəmin axtarma səylərinin boşa çıxacağını irəli sürmüşdürlər. Bununla yanaşı fəlsəfə insan zehnində maraq oyandıran digər mövzular kimi din fenomeni ilə də maraqlanır; Allahın varlığı, peyğəmbərlik və vəhyin mahiyyəti, ruhun ölümsüzlüyü kimi təməl dini məsələləri qavrama, açıqlama, izah etmə, yaxud dəlillər vasitəsilə vara biləcəyi yerə qədər getmək istəyir. Analitik fəlsəfə ənənəsinə görə din fəlsəfəsi maraqlandığı mövzu haqqında bizə birinci əldən məlumat vermir. Filosof bir filosof kimi dinin lehinə, yaxud əleyhinə deyildir. Onun vəzifəsi anlama, açıqlama, təhlil və tənqiddir. Din mövzusunda fəlsəfi   fəaliyyətlə məşğul olmaq üçün dindar, yaxud ateist olmaq kimi bir məcburiyyətdən də söhbət gedə bilməz. Nəzəri olaraq din fəlsəfəsinin dini və dini mövzuları obyektiv tərzdə araşdırmağı əsas götürməsi qəbul edilsə də praktikada filosoflar din fəlsəfəsini tətbiq edərkən öz mədəniyyətlərinin və dini inanclarının təlqin etdiyi fikirlərdən və subyektiv mühakimələrdən yaxa qurtara bilməmişdirlər. Bu cəhətdən din fəlsəfəsinin obyektiv qala bildiyini söyləmək çətindir. Bu çətinlik dinlə bağlı müxtəlif təriflərin verilməsi ilə də bağlıdır. Struktur fərqliliklər kəsb edən müxtəlif dinlərə görə verilən təriflərdən başqa bəzi təriflərdə dinin məlumat verən (koqnitiv) yönü qiymətlədirildiyi halda psixoloji yönünə diqqət edilməmiş, bəzilərində isə əxlaq və duyğu yönü ön plana çıxarılmışdır. Nəticədə psixoloq dini yaşanan bir təcrübə, sosioloq ictimai bir qurum, kəlamçı ağıl və nəqllə qorunan bir sistem kimi xarakterizə etmişdir. Buna görə də bəzi mütəfəkkirlər ümumi bir din fəlsəfəsi əvəzinə, mövzusunu müxtəlif dini inanclar üzərində quran fərqli fəlsəfələrdən bəhs edilməsini önə sürmüşdürlər. Digər tərəfdən din fəlsəfəsinin üzərində dayandığı mövzulardan bir qismi klassik bir mahiyyət qazanmaqla yanaşı bir qismi içərisində yaranıb inkişaf etdiyi dini mədəniyyətə görə fərqlilik kəsb edib. Məsələn, nübüvvət mövzusu islam filosoflarının mərkəzi problemi olduğu halda orta əsr xristian filosoflarına dərindən təsir etməyib.

Din fəlsəfəsinin üzərində durduğu başlıca problemlər aşağıdakılardan ibarətdir:

1. Metafizik problemlər. Allahın varlığı, sifətləri, Allah – dünya əlaqəsi, yaratma, vəhyin imkanı, ölümdən sonrakı həyat metafizik problemlərdən sayılır. Bunlara yanaşma tərzləri, həll edilmə səyləri fəlsəfə tarixində dövrdən dövrə, hətta filosofdan filosofa fərqlilik kəsb etmişdir. Din fəlsəfəsinin metafizik problemləri bəlkə də ilk dəfə ən əhatəli şəkildə islam filosofları tərəfindən araşdırılmışdır. Aristotel fəlsəfəsindəki “ilk mühərrik” Quranın təqdim etdiyi mənada yaradıcı olmayıb sadəcə bir prinsip idi. Bu anlayış teist çərçivədə fəaliyyət göstərən filosoflar üçün deyil, deizm üçün önəmli bir qaynaq olmuşdur. Nübüvvət mövzusu islam filosoflarının orijinal fikirlər irəli sürdükləri çox önəmli bir problem olmasına baxmayaraq eyni mövzu qədim yunan filosoflarını heç maraqlandırmamış, ortaçağ xristian filosoflarını isə az maraqlandırmışdır. Çünki Hz. İsa məlum olan anlamda vəhyə yönəlik bir peyğəmbər olaraq deyil, “ilahi şəxsiyyət”in bir mahiyyəti olaraq görülmüşdür. Bu fərqliliklərə baxmayaraq Allahın varlığı ilə bağlı klassik dəlillər (ontoloji, kosmoloji, teleoloji) müxtəlif inanc və mədəniyyətlərə sahib filosofların ortaq mövzusunu əmələ gətirmişdir. Sözügedən dəlillər bu gün də fəlsəfə dairələrində mübahisə edilməkdə, “kosmoloji dəlillər ailəsi” təbiət elmlərinin təqdim etdiyi yeni görüşlər işığında təkrar-təkrar nəzərdən keçirilməkdədir.

Dekartın ontoloji dəlilə yeni ünsürlər əlavə edərək onu “filosofların dəlili” halına gətirməsi və xarici dünya haqqında biliyimizi Allahın varlığına bağlaması; Leybnitsin “var olması mümkün aləmlər arasında bu aləmin ən yaxşı olduğu” görüşü ilə – Qəzali bunu daha əvvəllər “Var olandan daha yaxşısının olması mümkün deyildir” şəklində ifadə etmişdir – əzəli ahəng inancı və Spinozanın panteizmi din fəlsəfəsinin diskussiya doğuran önəmli metafizik problemlərindən oldu. Pozitivist yöndə olan bir çox fəlsəfə cərəyanının mənfi davranışlarına baxmayaraq, bu mövzular bu gün də canlılığını qorumaqdadır. Allahın varlığını isbat etmə səylərinə qarşı çıxan ateist düşüncələr olub. Bu baxımdan ateizm də din fəlsəfəsinin böyük bir problemi olma özəlliyini qazanmışdır. Bu da teizm – ateizm qarşıdurmasına yeni bir canlılıq gətirib.

(Ardı var)

 





25.10.2013    çap et  çap et