525.Az

90 illik milli xoreoqrafiya təhsili: problemlər və perspektivlər


 

90 illik milli xoreoqrafiya təhsili: <b style="color:red">problemlər və perspektivlər</b>

Məlum olduğu kimi, 2019-cu il milli xoreoqrafiya sənəti üçün əlamətdar ildir, çünki 90 il öncə Müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda xoreoqrafiya təhsilinin əsası qoyulub, 5 il öncə isə Bakı Xoreoqrafiya Məktəbinin bazasında müasir dövrdə milli xoreoqrafiya sənəti ənənələrinin qorunub saxlanılması, öyrənilməsi, tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması fəaliyyətlərini həyata keçirən, öz çoxpilləli təhsili ilə unikal ali təhsil müəssisəsi adını qazanan Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsis olunub.

Yarandığı gündən düz 85 il ərzində ölkədə xoreoqrafiya sənəti üzrə yeganə ixtisaslaşdırılmış orta ixtisas təhsil müəssisəsi olan Bakı Xoreoqrafiya Məktəbi nəinki Azərbaycanda, eyni zamanda, dünyanın bir çox ölkələrində tanınan, seçilən balet artistləri və rəqs ustaları yetişdirib. Onlardan Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Tamilla Şirəliyeva, Çimnaz Babayeva, Tamilla Məmmədova, Xumar Zülfüqarova, Afaq Məlikova, Roza Cəlilova, Ramazan və Olqa Arifulinlər, Vladimir Pletnyov, Qızqayıt Xudaqulu qızı, Nailə Nəzirova, Rüfət və Valentina Zeynalovlar, Ella Almazova kimi görkəmli sənətkarlar milli xoreoqrafiya sənəti xəzinəsinə əvəzsiz töhfələr veriblər. Bu sənətkarların əksəriyyəti Moskva və Peterburqun xoreoqrafiya məktəblərində stajçəkmə və ixtisasartırma kurslarını keçərək, sonralar Bakıya qayıdıb pedaqoji fəaliyyətlə də məşğul olublar. Lakin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, eyni zamanda, Azərbaycan Dövlət Filarmoniyasının Dövlət Rəqs Ansamblı və Dövlət Mahnı və Rəqs Ansamblın zəngin repertuarını nəzərə alsaq, burada yüksəkixtisaslı balet və rəqs ifaçılarına ehtiyac artmaqla, peşəkar pedaqoq və baletmeysterlərə də ehtiyac artırdı.

Əlbəttə, bir müddət sonra, yəni 90-cı illərin ortalarında baletmeyster və xoreoqraflara olan ehtiyacı ödəmək üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Baletmeyster sənəti" ixtisası açılmış, universitet illər boyunca ali təhsilli baletmeysterlər hazırlayıb, müxtəlif teatr və kollektivləri peşəkar kadrlarla təmin etmişdi. Lakin sənət baxımından belə bir pərakəndəlik bir çox problemlərə səbəb olmuş, sözü gedən sahədə inkişaf templərini xeyli zəiflətmişdi.

Odur ki, Azərbaycanda mədəniyyət siyasətinin əsas xüsusiyyətlərindən olan sənət və bədii təhsildə konseptuallıq, Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, xoreoqrafiya sahə üzrə yüksəkixtisaslı kadrların, o cümlədən, peşəkar ifaçı, pedaqoq və tədqiqatçıların hazırlanması məqsədilə 2014-cü ildə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradıldı. Məhz bunun nəticəsi olaraq Azərbaycanda milli xoreoqrafiya sənəti sahəsində elm, təhsil və yaradıcılıq işlərinin koordinasiyasını və bu sahədə olan problemlərin həllində mütəxəssislərin birbaşa iştirakının təmin edilməsini göstərmək olar.

Fəaliyyətə başladığı gündən Bakı Xoreoqrafiya Akademiyası hər hansı bir əsərin xoreoqrafik təcəssümünü həyata keçirmək üçün tələb olunan peşəkar kadrların hazırlanması məqsədilə zəruri ixtisasların açılması ilə bağlı müvafiq dövlət qurumları qarşısında əsaslı olaraq vəsatət qaldırıb. Xoreoqrafiya sənəti (klassik rəqs, baletmeyster sənəti, milli rəqs, modern rəqs, balet rejissoru) ilə yanaşı, akademiyada rəqs müəllimliyi, sənətşünaslıq (səhnəqrafiya tarixi, geyim tarixi, xoreoqrafiya tarixi), dizayn (səhnə tərtibatı, milli və klassik rəqslər üçün geyim dizaynı) və digər əlaqəli ixtisaslar açılıb.

"Rəqs müəllimliyi" ixtisası üzrə peşəkar kadr hazırlığı tarixən formalaşmış və mədəniyyət baxımından mühüm olan klassik xoreoqrafiya sənəti sistemi vasitəsilə həyata keçirilərək, ali və orta ixtisas məktəblərində rəqs fənləri üzrə müəllimlər, eyni zamanda, paytaxt və regionlarda fəaliyyət göstərən balet truppaları, teatrlar, professional rəqs ansamblları və konsert təşkilatlarında çalışan balet və ansambl artistlərinin peşə bacarıqlarını artıran, səhnə çıxışlarına hazırlayan məşqçi müəllimlərin hazırlanmasını təmin edir. Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti 10 aprel 2017-ci il tarixli 135 nömrəli Qərarı ilə  "Rəqs müəllimliyi" ixtisasını dövlət tərəfindən tanınan ixtisasların təsnifatına daxil etmişdir.

Balet və ya ansambl artistlərinin səhnə fəaliyyəti zaman etibarı ilə çox məhduddur və 38-39 yaşına çatdıqda onların səhnə karyeraları bitmiş hesab olunur. Lakin pedaqoq kimi fəaliyyət göstərmələri üçün onların səhnə fəaliyyətlərindəki uğurları kifayət etmir, onların mütləq xoreoqrafiya sahəsində pedaqoji təhsili, bilik və bacarıqları olmalıdır. "Rəqs müəllimliyi" ixtisası da məhz buna xidmət edir.

Bununla belə xoreoqrafiya sənətinin yaşadılması və inkişafı üçün fundamental elmi tədqiqat işlərinə də böyük ehtiyac vardır. Buna görə akademiyada fəaliyyətdə olan magistratura və doktorantura təhsil səviyyələrinin də rolu böyükdür.

Bakı Xoreoqrafiya Akademiyası 90 illik xoreoqrafiya sənəti ənənələrinin keşikçisi olsa da, çox gənc bir ali təhsil müəssisəsidir. Ümidvarıq ki, çox yaxın gələcəkdə əsası son beş il ərzində qoyulan çağdaş xoreoqrafiya təhsili ənənələri öz bəhrəsini verəcək və hamımız bunun canlı şahidi olacağıq.

 





27.09.2019    çap et  çap et