525.Az

"Azərbaycanın sosial sahədəki addımları miqyasına görə heç bir ölkədə müşahidə olunmur"


 

"Azərbaycanın sosial sahədəki addımları miqyasına görə heç bir ölkədə müşahidə olunmur"<b style="color:red"></b>

Azərbaycanda bu il ərzində həyata keçirilən sosial islahatlar inqilabi xarakter daşımaqla, cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu islahatların müsbət nəticələrini demək olar ki, bütün ailələr hiss etməkdədirlər. Maaş və təqaüdlərin, pensiyaların, sosial müavinətlərin, minimum əmək haqqının bir ildə iki dəfə artırılması  insanların həyatına müsbət təsir göstərib. Ancaq dövlət başçısı bu islahatların bitmədiyini, davamlı olacağını bəyan edib. Bu isə o deməkdir ki, yaxın gələcəkdə insanların rifahı daha da artacaq.

Millət vəkili Cavid Osmanov ölkəmizdə sosial inkişaf baxımından mühüm addımlar atıldığını, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayandığını deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox ciddi tədbirlər görülür:

"Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Bir sözlə, sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Sosial sahədə əldə olunan uğurlardan danışarkən, son vaxtlar ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə atılan addımları xüsusi vurğulamalıyıq. Belə ki, dövlət başçısının şəhid ailələrinin üzvləri ilə görüşməsi, torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailə üzvlərinə, onların vərəsələrinə 11 min manat məbləğındə birdəfəlik ödəmənin verilməsi haqqında Fərmanın imzalanması, şəhid ailələri üçün Prezident təqaüdünün məbləğinin artırılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün qəsəbələrin tikintisi, minimum əməkhaqqının, minimum pensiyanın artırılması məhz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əhəmiyyətini bir daha təsdiqləyir. Bundan başqa, tələbə gənclərin də təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı.

Ölkəmizdə davamlı olaraq əməkhaqları, təqaüdlər, sosial müavinətlərin məbləği artırılır ki, bu da insanların rifah halının daha da yüksəlməsinə xidmət edir. 25 fevral 2019-cu il tarixində isə Prezident İlham Əliyev "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair" növbəti Sərəncam imzalayıb. Sənəddə də vurğulandığı kimi, Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir. Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü belə dərin məzmunlu sosial siyasət, həqiqətən də, inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür".

Millət vəkili Eldəniz Səlimov isə deyib ki, Azərbaycan prezidenti tərəfindən verilən qərarlar insanların firavanlığını təmin edir.

Deputatın sözlərinə görə, Azərbaycan dövlət siyasətinin əsas hədəfi insanların yüksək rifah firavan yaşamasıdır:

"Bu gün Azərbaycan dövləti qarşısına qoyduğu məqsədlərə nail olmaqla ölkənin sosial-iqtisadi inkişafının davamlılığını, regionlarda abadlıq quruculuq işlərinin aparılmasına şərait yarandı. Prezidentimiz hər bir vətəndaşının yanındadır. Regionların sosial-iqtisadi inkişaf proqramı 2004-cü ildən başlayaraq həyata keçirildi. Bunun nəticəsində regionlarımız xeyli inkişaf edib. Şəhər və kəndlərimiz abadlaşıb, müasirləşib, insanların rahatlığı üçün hər cür şərait yaradılıb. Yeni iş yerləri yaradılır. Yol infrastrukturları yaradıldı, ölkənin qazlaşdırılması başa çatmaq üzrədir. İnsanları narahat edən problemləri aradan qaldırmaq üçün ardıcıl iş aparılır. Bir sözlə, ölkəmiz müasirləşir, yeniləşir, demokratik təsisatlar inkişaf etdirilir. Bunun nəticəsində ölkəmiz siyasi, iqtisadi humanitar mərkəzə çevrilib. Dünya gündəmində olan bir sıra beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edir. Azərbaycan demokratik dəyərlərə və insan haqlarına sadiqdir".

PƏRVANƏ

 





29.09.2019    çap et  çap et