525.Az

Xalqı şirin vədlərlə aldadan Paşinyan malikanəsinin təmirinə 2 milyon dollar ayırıb


 

Xalqı şirin vədlərlə aldadan Paşinyan malikanəsinin təmirinə 2 milyon dollar ayırıb <b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyandan əhalinin narazılığı artmaqdadır. Erməni xalqına yaxşı heç nə verə bilməyən, onun həyat şəraitinin daha da ağırlaşmasına səbəb olan Paşinyan hakimiyyətinin yaxın gələcəkdə tam iflas edəcəyinə artıq heç kimin şübhəsi qalmayıb.
 
Baş nazirin uğursuz siyasəti onun reytinqinin günü-gündən azalmasına səbəb olub. Bunu keçirilən rəy sorğuları da sübut edir. Yaxın günlərdə keçirilmiş növbəti rəy sorğusu Paşinyanın nüfuzunun surətlə düşdüyünü göstərib. Erməni mətbuatının yazdığına görə, sosial şəbəkədə keçirilən növbəti sorğunun nəticələrinə görə,  onun nüfuzu 25 faizə düşüb: "Hakimiyyət vaxtaşırı daxili istifadə üçün gizli sorğular keçirir. Sosial şəbəkədə vətəndaşlar arasında keçirilmiş növbəti rəy sorğusunun nəticələrinə əsasən baş nazirin reytinqi azalaraq 25%-ə düşüb. Ancaq əldə etdiyimiz məlumata görə, bu rəqəm reallıqdan çox uzaqdır. Təxminən bir ay əvvəl gizli rəsmi kanallarla aparılan sorğunun nəticələrinə görə, Paşinyanın reytinqi 45%-ə düşüb. Bu sorğu onun ABŞ-a səfərindən və güc strukturları başçılarının istefasından əvvəl keçirilib".

Son hadisələrin, yüksək səviyyəli istefaların Paşinyanın reytinqinə daha ciddi zərbə olduğu heç kimdə şübhə doğurmur. Və əgər indi sorğu keçirilsə, yəqin ki, nəticələr onun üçün daha ağır olar.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan sentyabrın 16-da istefa verib. Onun istefa ilə bağlı bəyanatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilsə də, sonra silinib. Vanetsyan həmin bəyanatında Paşinyana xitabən: "Mən hökuməti ayıltmaq üçün istefa verirəm" və "Dayan!" ifadələri yer alıb.

Los-Anselesə səfəri zamanı Nikol Paşinyan keçirdiyi mətbuat konfransında məsələyə münasibət bildirərək, Vanetsyanı ciddi tənqid edib, onun davranışının zabit paqonlarını zibil qutusuna atmaq kimi dəyərləndirib. Əlavə edib ki, sonuncu dəfə 1991-ci ildə sovet dövründə qiyamçılar belə etmişdi. Paşinyan Vanetsyanın öz postundan istefası ilə bağlı açıqlamasının Ermənistan silahlı qüvvələrinə hörmətsizlik olduğunu deyib:

"Bəyanatında cənab Vanetsyan zabit şərəfindən danışdı. Ancaq Milli Təhlükəsizlik Xidmətinin de-yure direktoru olaraq, əslində, ali baş komandanına qarşı bir bəyanat verir və zabit şərəfinə bundan artıq hörmətsiz münasibət ola bilməz".

Paşinyanın sözlərinə görə, o, bu açıqlamanın əvvəlcə MTX-nin saytında yerləşdirildiyindən xəbərsiz olub. O düşünüb ki, fərman imzalandıqdan sonra Vanetsyan açıqlama verib: "Və zabit bunu etdi. Bunun nə demək olduğunu bilirsinizmi? Bu, paqonların zibil qutusuna atmaq deməkdir".

Vanetsyan ona cavabında isə "zaman kimin və nəyin zibillikdə olduğunu göstərəcək" deyib. Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq direktoru bildirib ki, Paşinyan Los-Ancelesdə keçirdiyi mətbuat konfransında yenə də az bildiyi məsələlər barədə danışıb: "İstefa verməyimə baxmayaraq, Paşinyan yanıma adamlar göndərərək, vəziyyətin sakitləşməsi üçün susmağımı istədi. Ancaq görürəm ki, o, növbəti dəfə razılaşmanı pozaraq, anlaşılmayan, populist bəyanatlar verib. Aydındır ki, ictimai əhval-ruhiyyəyə qısamüddətli təsir göstərmək istəyində olan Nikol Paşinyan yenə də sözlərinin nəticələri barədə düşünmür. Təsəvvür edin ki, birdən mən nəticələri düşünmədən danışmağa başlasam nə olar?", deyə Vanetsiyan vurğulayıb.

O daha sonra deyib: "Yaxşı, nə vaxtadək ictimaiyyətə yalan danışıb, "bizimlə olmayanlar - milləti satanlardır" tezisini irəli sürəcək? Baş nazir onunla razı olmayanlarla xələflərinin etdiyi kimi davranır. Yenə təkrar edirəm, məni əvvəlkilərlə bağlamağa cəhd etməyin".

Vanetsiyan  Paşinyanı Konstitusiyanı bilməməkdə də ittiham edib. Deyib ki, bu qanuna əsasən, müharibə şəraiti olmayanda baş nazir ali baş komandan səlahiyyətini daşımır: "İstefa barədə bəyanatımı oxusa, əminəm ki, nəyi nəzərdə tutduğumu başa düşəcək. Ona görə də zamanın kimin və nəyin zibilliyə atacağını göstərəcəyinə əminəm".

Vanetsyanın ardınca isə Ermənistan polisinin rəisi Valeri Osipyan istefa verib. Erməni mətbuatı xarici işlər, müdafiə, sosial müdafiə və bir çox digər nazirlərin də istefaya hazırlaşdıqlarını yazıb. İstefaların səbəbi kimi isə Paşinyanın apardığı siyasətə, idarəçiliyinə etiraz, fikir ayrılıqlarıdır. Bu fikir ayrılıqları həm daxili, həm xarici siyasətdə, eləcə də Dağlıq Qarabağ münaqişəsində, "Amulsar" qızıl yatağının istismarı ilə bağlı məsələdə özünü göstərir. Hətta onun rəhbərlik etdiyi parlament fraksiyasında da yekdil mövqe yoxdur.

Nikol Paşinyan isə görünür, sələflərinin yolunu gedərək, ətrafda baş verənlərə, xalqının ağır durumda olmasına göz yumaraq, özünün və ailəsinin dəbdəbəli həyatını hər şeydən üstün tutur. Belə ki, o, hazırda yaşadıqları malikanəni bəyənməyərək, sabiq prezident Serj Sarkisyanın malikanəsinə köçməyə hazırlaşır. Bunun üçün isə orada əsaslı təmir işləri aparılır. Erməni mətbuatının araşdırması zamanı məlum olub ki, daha əvvəl Serj Sarkisyanın yaşadığı sarayın hərtərəfli təmirinə 2 milyon dollar sərf olunacaq. Baxmayaraq ki, müvafiq rəsmi qurum bunun cari təmir olduğunu bəyan edib.

"Malikanənin yalnız divarları qalıb, tamamilə hər şey dəyişir - dizayn, otaqların təşkili. Nikol Paşinyan və ailəsi hazırda yaşadıqları evi bəyənmirlər. Onlar Serj Sarkisyanın daha əvvəl yaşadığı evə əsaslı təmir aparılmadan köçmək istəmirlər", - deyə erməni KİV yazıb.

Paşinyan bu gün beynəlxalq müstəvidə də tənqid hədəfinə çevrilib. Hətta xaricdə yaşayan ermənilər də onun siyasətindən narazıdırlar. Xüsusilə, Ermənistan hakimiyyətinin İsraildə səfirlik açmaq qərarı Yaxın Şərqdəki erməni icmalarında ciddi narazılıq yaradıb. Livan və Suriya, həmçinin, İsraillə faktiki müharibə şəraitində olan İran kimi ölkələrdə narazılıq daha yüksəkdir.

"Həmin ölkələrin erməni icmaları İsrail ilə diplomatik münasibətlərin qurulmasının bu ölkələrin hakimiyyət orqanlarının erməni icmalarına müsbət münasibətini dəyişdirə biləcəyindən narahatdırlar. İndi yerli erməni partiyaları və icma təşkilatları yeni reallığa necə reaksiya verəcəklərinə dair görüşlər keçirirlər", - deyə "Jamanak" yazıb.

Ermənipərəst mövqeyi ilə tanınan "Regnum" xəbər agentliyinin baş redaktoru Modest Kolerov da sərt tənqiddən çəkinməyib. Onun sözlərinə görə, Ermənistan tərəfi Rusiyanı incidəcək, əsəbləşdirəcək bir çox bəyanatlar səsləndirir: "Bu, daimi baş verir. Məsələn, Paşinyan və Mirzoyanın (parlament sədri)  "Qarabağ Ermənistandır" demələrini Rusiya iqnor etdi. Bu nə deməkdir? Bu, danışıqlar prosesinin sonu, 20 illik danışıqlar prosesinin səhv olduğu deməkdir. Yəqin ki, bir az kobud səslənəcək, amma deyəcəyəm: əgər bu istiqamətdə heç bir proses aparılmırsa, hakim partiyadan olan bir deputat belə bir layihə təqdim etmirsə, deməli, bu, sadəcə söhbətdən başqa bir şey deyil. Paşinyan bu barədə daha bədii cəhətdən danışır, amma Mirzoyan yox. Belə ifadələr Moskvanı incitmək, əsəbiləşdirmək, narahat etmək üçün kifayətdir".

Paşinyan məlum açıqlaması ilə reytinqini yüksəldəcəyini düşünürdü, amma onun bu provokativ açıqlaması beynəlxalq aləmdə çox sərt qarşlandı və danışıqlar prosesinə zərbə kimi qiymətləndirildi.

PƏRVANƏ

 





29.09.2019    çap et  çap et