525.Az

"Ədliyyə sahəsində İKT-nin tətbiqi keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə imkan verir"


 

"Ədliyyə sahəsində İKT-nin tətbiqi keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə imkan verir"<b style="color:red"></b>

"Ədliyyə sahəsində İKT-nin geniş tətbiqi vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə imkan verir".

Bunu 525.az-a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov deyib. Onun sözlərinə görə, bu gün ədliyyə sistemində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir: "Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli “Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında” sərəncamı məhkəmələrdə İKT-nin ən son nailiyyətlərinin tətbiqinə imkan verən əhəmiyyətli sənəddir. Bu sənədin qəbul edilməsində məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi olub. Bu sistemin tətbiqi həm də vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik formada qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında operativliyin təminatına imkan yaradır, şəffaflığı maksimum dərəcədə təmin edir".

"Məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə insanlar artıq məhkəməyə getmədən elektron formada müraciət etmək imkanı əldə edirlər. Hər kəs şəxsi elektron kabinetə sahib olmaqla məhkəməyə sənədləri elektron formatda ötürə, məhkəmə işinin materialları ilə ətraflı tanış ola, proseslər barədə məhkəməyə gəlmədən xəbər tuta bilərlər", - deyə R. Qaraşov qeyd edib.

Vəkil bildirib ki, məhkəmə proseslərinin audioyazısının aparılması, elektron sənəd dövriyyəsinin təşkili, yekun məhkəmə qərarlarının elektron dərci, müxtəlif meyarlar əsasında axtarış aparılması və digər müsbət hallar vəkillərin də işinin asan və səmərəli təşkilinə öz müsbət təsirini göstərir: "Bu gün ölkə üzrə mövcud 111 məhkəmənin 60 faizi bu sistemə qoşulub. Eyni zamanda Məhkəmələrin Vahid Portalı, Məhkəmə Prosesi İştirakçısının Şəxsi Kabineti, Elektron İcra, Məhkəmə Qərarlarının Vahid Bazası və bir sıra alt sistemlər uğurla tətbiq olunur".

"Səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar xüsusi "Elektron notariat çantası" hazırlanıb. Elektron Notariat İnformasiya Sisteminə birbaşa çıxışı olan bu çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədlərin çap edilərək təqdim olunması mümkündür", - deyə vəkil əlavə edib. 

R.Qaraşovun sözlərinə görə, digər yenilik isə elektron ədliyyə köşküdür: "Yalnız Azərbaycanda mövcud olan bu köşk vasitəsilə təxirə salınmayan hallarda məsafədən notariat hərəkətləri aparmaq mümkün olacaq. Bu köşklərin sərhəddə, hava və dəniz limanlarında, dəmiryolu vağzallarında quraşdırılması nəzərdə tutulur. Bu qurğular video-əlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir. Belə köşk artıq hava limanında istifadəyə verilib. Bundan əlavə, Azərbaycan məhsulu olan mobil notariat qovluğu da var. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir". 



Prezidentin cəza siyasətinin humanistləşdirilməsi barədə sərəncamına da toxunan R.Qaraşov qeyd edib ki, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəli təşkili məqsədilə probasiya xidməti yaradılıb: "Azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü müəyyənləşdirilib və elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Qısa müddətdə bu cihazların ölkədə istehsalı təşkil olunub və bir il ərzində 1500 məhkuma elektron qolbaqlar tətbiq olunub".

"Bugün ədliyyə sahəsində informasiya texnologiyalarının tətbiqi ilə paralel mübahisələrin alternativ həlli sisteminin yaradılması, vəkillik institutunun inkişafına dəstək göstərilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, ədliyyə və məhkəmə qurumlarının idarəetmə potensialının artırılması beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi yeniliklərdir", - deyə Vəkillər Kollegiyasının üzvü qeyd edib. 

 





30.09.2019    çap et  çap et