525.Az

"Əli Kərimli illərdir bizi aldadır"


 

"Əli Kərimli illərdir bizi aldadır" <b style="color:red"></b>

AXCP Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyev özünün facebook səhifəsində video müraciət paylaşıb.

SİA-nın verdiyi məlumata görə, A.Əliyev AXCP üzvlərinə xitabən Əli Kərimlinin siyasi dələduzluqla məşğul olduğunu onlara faktlarla anlatmağa çalışır.

Video-müraciəti olduğu kimi dəyərli oxucuların diqqətinə çatdırırıq:

"Mən bu gün çox təəssüf hissi ilə sizlərə müraciət edirəm. Sizin çoxunuz məni yaxşı tanıyırsınız. Bilirsiniz ki, mən 1988-ci ildən etibarən Xalq Hərəkatının fəal üzvü olmuşam. Ölkəmizdə demokratik cəmiyyət qurulması uğrunda sizinlə birlikdə mübarizə aparmışam. Doğulduğum Cəbrayıl rayonu erməni qəsbkarları tərəfindən işğal olunandan sonra ailəmlə birlikdə məcburi köçkün həyatı yaşayıram. Bütün çətinliklərə baxmayaraq öz əqidəmdən dönməmişəm. Demokratiya, haqq-ədalət uğrunda mübarizəni həyatımın mənası hesab etmişəm. AXCP-nin ən fəal üzvlərindən biri olaraq partiyada müxtəlif rəhbər vəzifələrdə olmuşam. 2015-ci ildə partiyanın qurultayında AXCP Nəzarət Təftiş Komissiyasının üzvü, sonra isə sədri seçilmişəm.

Sonradan bilmişəm ki, mənim kimi obyektiv, düz danışan, prinsipial bir adamın bu vəzifəyə seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb. Partiyadaxili maliyyə, xaricdən gələn qrant və s. pul məsələlərini ancaq öz nəzarətində saxlayan və özünün, ailəsinin, xaricdə yaşayan oğlunun, Ərəb şeyxlərinin övladı kimi yaşamasına sərf edən Əli Kərimlinin mənim kimi düzgün, əqidəli adam qane etməyib. 30 illik siyasi fəaliyyətdən sonra başa düşmüşəm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılmışıq. O bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib. Sözdə demokratiya uğrunda mübarizə apardığını desə də, əslində partiyada çox sərt diktatura rejimi qurub. Fərqli düşünənləri, onun anti-demokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub və partiyadan uzaqlaşdırıb.

Əziz cəbhəçilər, Əli Kərimli bir siyasi dələduz olaraq bizi, xalqımızı illərdir ki, aldadır. O bu gün də gənclərimizi aldadaraq özünün çirkin oyunlarına qurban vermək istəyir. Sizin çoxunuz Əli Kərimlinin o anti-demokratik, qanunsuz partiyanın nizamnamə və məramnaməsinə zidd əməllərindən xəbərdarsınız. Lakin bunu dilə gətirməkdən çəkinirsiniz. Bizim məqsədimiz Əli Kərimli kimi bir diktator yox, azad, demokratik seçkilər nəticəsində xalqımızın etimad göstərdiyi bir siyasi liderin hakimiyyətə gəlməsi olmalıdır.

Əziz dostlar, Əli Kərimli və onun əlaltıları məni də öz çirkin oyunlarının qurbanına çevirib, ləkələyib partiyadan, siyasi mübarizədən uzaqlaşdırmağa, istefa verməyə məcbur etmək istəyirlər. Ancaq bildirirəm ki, mən istefa verməyəcəyəm. Partiyamızda olan yüzlərlə əqidəli, xalqını sevən cəbhədaşlarımla birlikdə Əli Kərimlinin partiyamızda yaratdığı diktatura rejiminə qarşı, onun çirkin oyunlarına qarşı mübarizə aparacağıq və bütün xəyanatkar əməllərini ifşa edəcəyik. Çalışacayıq ki, partiyamızın bütün üzvləri, həm də xalqımız Əli Kərimlinin iç üzünü tanısınlar, onun əslində xalqımıza qarşı hansı xəyanətlərə yol verməsindən xəbərdar olsunlar. Ey Əli Kərimli, bu illər ərzində apardığın çirkin, xəyanatkar oyunlar yetər. Partiyada yaratdığın diktaturaya son qoy! Əgər cəsarətin və mənliyin çatırsa istefa ver. Qoy, partiyanın üzvləri özlərinə gənc, savadlı, xalqını sevən, bacarıqlı rəhbər seçib demokratik cəmiyyət qurmaq üçün mübarizə aparsınlar. Partiyamızı çirkin oyunlara təhrik etməkdən, Azərbaycanı fəlakətə aparan əməllərindən əl çək!

Mən bilirəm ki, bu müraciətimdən sonra Əli Kərimlinin göstərişi ilə onun əlaltıları mənə qarşı böhtan və şər kampaniyasına başlayacaqlar. Ancaq bütün bunlara əhəmiyyət verməyərək qabaqcadan həmin şəxslərə səslənirəm ki, mənim barəmdə danışarkən haqq və ədalət hissini unutmasınlar. Bir gün onlar da Əli Kərimlinin çirkin oyunlarının qurbanı olduqlarını başa düşəcəklər".

https://m.facebook.com/story.php?story_fbid=1170266106510253&id=100005806248645

 

 





01.10.2019    çap et  çap et