525.Az

Bizi biabır etməyin


 

Bizi biabır etməyin<b style="color:red"></b> Sosial şəbəkələrdə saxta profil açıb Azərbaycanın nüfuzlu şəxsləri ilə bağlı təhqiramiz ifadələr işlədənlərin əməlləri onların intellektinin zəifliyindən, ya da ümumiyyətlə, yoxluğundan xəbər verir.

Təhqirlə tənqid gecə və gündüz kimi bir-birinə zidd anlayışlardır. Görünür, belə adamlar normal təhsil almamaqla yanaşı, orta məktəbi də normal oxumayıblar. Oxusaydılar, təhqiri  tənqidlə eyniləşdirməzdilər. Bu məsələdə valideyn tərbiyəsi də böyük önəm daşıyır. Bu yerdə dahi şairimiz Bəxtiyar Vahabzadənin bir şeirini xatırlamaq yerinə düşər:

Savadsızdır, adını da yaza bilmir                      
Mənim anam...
Ancaq mənə say öyrədib,
Ay öyrədib, il öyrədib
Ən vacibi, dil öyrədib
Mənim anam.
Bu dil ilə tanımışam
Həm sevinci, həm də qəmi...
Bu dil ilə yaratmışam
Hər şeirimi, hər nəğməmi
Yox, mən heçəm, mən yalanam,
Kitab-kitab sözlərimin
Müəllifi - mənim anam!

Üzümü ağzını təhqirlə açan adamlara tuturam: evdə sizə söyüş öyrədiblər ki? İnanmıram. Kitab-kitab söyüşlərin müəllifləri heç vaxt valideynlər ola bilməz. Kimin təsirindəsiniz, kimin diliylə danışırsınız, bunu müəyyən edib dərindən düşünün. 

İradəcə zəif olanlar emosiyalarına hakim ola bilmirlər, onları narahat edən hadisələrə - söz ehtiyatları olmadığı üçün - küçədə eşitdikləri qeyri-etik ifadələrlə münasibət bildirirlər. Mənim fikrimcə, insan anadan şəxsiyyət kimi doğulmur, şəxsiyyəti cəmiyyət, mühit yetişdirir.

Diqqət etsəniz, trollar və "şortikli" mühacirlərin danışıqlarında, yazılarında bir dənə olsun səviyyəli cümləyə rast gələ bilməzsiniz. Cahil elə cahildir, yanlış ona həqiqət göründüyü üçün yanlışa yuvarlanır. Məni narahat edən cahillərə haqq qazandırmaq adı altında onlardan yararlanmaq istəyən "təhsillilərin" və "intellektlərin" mövcud olmasıdır.

Demokratiya xalq hakimiyyəti mənasını verir. Biz xalq olaraq doğma yurd-yuvamızı, düşmənin "qara qapı" adlandırdığı Laçınımızı döyüşsüz-filansız düşmənə "ərməğan" edənlərə necə inanaq? Sizlər olmasaydınız, könüllülər alayı və Laçın polisi Laçını müdafiə edəcəkdi. İndi mən bir müharibə veteranı kimi Laçının, Qarabağın, Zəngəzurun azad olunmasını istəyirəm. Laçını "ərməğan" etməklə ərazi bütövlüyümüzün pozulmasına zəmin yaratdınız, heç olmasa küçə söyüşlərini avropalaşdırmaqla bizi biabır eləməyin.

Balay BƏNDƏLİYEV
Laçın rayon sakini, Qarabağ müharibəsi veteranı               
 





02.10.2019    çap et  çap et