525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış <b style="color:red">(davamı)</b>

İdris ABBASOV 

Vəhy və ölümsüzlük mövzularının bir ucu metafizikaya, digər ucu isə epistemologiyaya gedib çıxır. Ruhun ölümsüzlüyü məsələsi müasir din fəlsəfəsinin önəmli bir mövzusuna çevrilmişdir. Epistemoloji problemlər dedikdə, buradakı ən önəmli olan məsələ məlumat qaynağı kimi vəhyin imkanı məsələsidir. Əgər vəhy məlumat mənbəyidirsə onda həmin qaynaqdan gələn biliklərlə digər biliklər arasında nə kimi bənzərliklər, yaxud fərqliliklər vardır?  Bu suala verilən cavablar xristian aləmində bir sıra qarşıdurmalara səbəb olmuşdur. Bir çox fikir və elm adamlarının dünya haqqında söylədikləri Kitabi-Müqəddəsdə yer alan ifadələrə, yaxud onlarla bağlı ənənəvi şərhlərə uyğun gəlmir. Digər önəmli problem dini təcrübənin (məsələn, vəcd) məlumat qaynağı olub-olmamasıdır. Bəzi sufi mütəfəkkirlər fövqəlşüur bilgi qaynağının, yaxud bilgi əldə etmə yolunun mövcudluğunu irəli sürmüş, kəşf etmə nəticəsində nail olunan bilginin qətiliyi üzərində israr etmişdirlər. Amma fəlsəfi baxımdan belə bir iddiada olmaq deyil, onun gerçəkliyini sübut etməkdir. Kant epistemoloji baxımdan iman sahəsi ilə bilgi sahəsini bir-birindən ayırdı. Ona görə nə duyğunun verdiyi məlumatlar, nə də mütləq əqlin fəaliyyəti bizi Tanrıya aparır. Əqlin kateqoriyaları üstün olana yetişmək üçün istifadə edilə bilməz. Belə olan halda rasional din fəlsəfəsi səmərəsiz bir çalışmadan başqa bir şey olmaz. İnsanı Tanrıya aparan yol əxlaqi təcrübənin insana təqdim etdiyi məlumatları istifadə edən əxlaq dəlilidir. Kantın rasional din fəlsəfəsinə tutduğu iradlar, xüsusilə, təcrübəçi və pozitivist fəlsəfə cərəyanlarının din anlayışlarına böyük ölçüdə təsir etdi. Məsələn müasir ingilis fəlsəfəsində təməl dini hökmlərin doğru, yaxud yanlış sayılması mövzusunun əhəmiyyətli problem halına gəlməsi Kantın təsiri ilə olmuşdur. Bəzi filosoflara görə dini hökmlərin məlumat vermə özəlliyi vardır. Bu baxımdan rasional olaraq onların doğru, yaxud yanlış ola biləcəkləri diskussiyaya açıq mövzudur. Bəzi filosoflara görə dini hökmlər obyektiv gerçəklikləri deyil, insanın duyğularını, təmənnalarını, qorxularını, hətta xəyal və yanılmalarını ifadə edir. Bu zaman dini hökmləri tamamilə müstəqil bir status çərçivəsində düşünərək müxtəlif imançı (fideist) yanaşmaları qəbul edənlərin mövcudluğunu da bildirmək zərurəti ortaya çıxır.

Din ilə elm arasındakı münasibətlərdən doğan problemlərin bir qismi öncə təmas etdiyimiz epistemoloji çərçivə daxilində sadəcə nəzəri xarakterlidir; bir qismi isə dünyagörüşlərinin formalaşmasında elmin və dinin paralel rolunun inkar edilməsindən doğur. Din – əxlaq münasibətləri fəlsəfənin Əflatundan etibarən məşğul olduğu çox önəmli bir problem olmuşdur. “Məgər bir şey özbaşına yaxşı olduğu üçünmü Tanrı tərəfindən əmr edilir, yoxsa onun yaxşılığı belə bir hökmə bağlı olaraq düşünülməlidir?” sualı həm fəlsəfəni, həm də kəlamı daim məşğul etmişdir. İslam düşüncə tarixində əşarilik və mötəzilə arasında hərarətli mübahisələri xatırlamaq mövzunun əhəmiyyətini anlamaq cəhətdən yetərlidir. Sənətin mərkəzində yer alan estetik (bədii) duyğu dinin də baş vurduğu önəmli bir duyğudur. Məqsəd və nizam dəlili (teleolojik dəlil) müəyyən bir yerə qədər bu duyğunun məlumatlarına bağlı olaraq qurulmuşdur. Ayrıca olaraq sənətlə din arasında simvolların əmələ gətirdiyi ortaq bir sahə vardır.

Son illərdə təşkil olunan dinlərarası konfrans, simpozium və diskussiyalar bəzi fəlsəfi problemlərin ön plana çıxmasına səbəb oldu. Dinlərin “həqiqət” mövzusunda olduqca fərqli iddialar irəli sürdükləri məlumdur. Bu iddiaların ziddiyyət təşkil etməsi, yoxsa vahid bir məqsədə xidmət etməsi və ya bir insanın başqa bir dinin bəzi inanclarını qəbul edərək yenə də öz əsil dini çərçivəsində qalması, yəni məsələn, Hz. Peyğəmbərin peyğəmbər olduğunu qəbul edib xristian qalmasının mümkün olub-olmayacağı kimi  məsələlər bu gün bir çox fəlsəfə düşərgələrində ciddi surətdə mübahisə edilir. Bütün bunlar din fəlsəfəsinin gündən-günə əhəmiyyətinin artmasına və universitetlərin əlaqədar bölmələrində dinə verilən statusun artmasına işarədir.

Din psixologiyası psixoloji və dini elmlərlə əlaqədar olmaqla yanaşı özünəməxsus tədqiqat sahələri, mövzuları, məqsədləri və metodları ilə fərqlənən müstəqil bir elm sahəsidir. Din tarixi, ictimai, hüquqi, siyasi, iqtisadi, estetik, əxlaqi və s. görüşlər baxımından da tədqiqat mövzusu olmuşdur. Amma din psixologiyasının hərəkət nöqtəsi yalnız insandır. Bu elm sahəsi insan ruhunda yaşanan və müxtəlif təzahürləri ilə əks olunan dini həyatı və davranışları tədqiq edir. Dini inanclar, mərasim və qanunlar, bu mövzudakı dəyişmə və inkişaf din psixologiyasının araşdırma sahəsinə aiddir. Çünki bu elm insanın nəyə və necə inandığını, inananın sadəcə nə etdiyini deyil, eyni zamanda onu necə etdiyini öyrənmək və anlamaq məqsədini güdür. Bu halda din psixologiyası, ümumiyyətlə, fərdin dini həyatını özünəməxsus metodla öyrənməyə çalışır. Din psixologiyası fərdin uca varlığa inanma və bağlanmasına aid ruhi halları ehtiva edən və onun bütün dini həyat və şəxsiyyətini əhatə edən bir elm sahəsidir. Bu elm insanın müqəddəs olana, yaxud Allaha yönəlişini, Onunla daxildən bir rabitə qurmasını, səmimiyyətlə bağlandığı dini inancın əmələ gəlməsini, funksiyasını, dəyər qazanmasını, özünə təsir edib formalaşdırmasını, dini şüur və davranışda yeri olan duyğu, düşüncə, təsəvvür, istək, meyl, maraq və s. ruhi güc və funksiyaların inancın yaşamasında özlərini əks etdirməsini, bunların hərəkət və davranışları əhatə etməsini, dini yaşayışın hər səviyyədə inkişaf və dəyişmələrə uğradığını tədqiq edir. Buna görə din psixologiyası dini inancın ruhi quruluşa, ruhi quruluşun dini inanca nüfuz etməsini, dindarın ibadətləri ilə bütün hərəkət və davranışlarını, inananla inanılan arasında ruhi bağların qurulması ilə əmələ gələn dini həyatı və təzahürləri elmi cəhətdən analiz edərək müəyyən sintezlərə nail olmağı özünə məqsəd etmişdir. Başqa sözlə, din psixologiyası dini həyata aid itaət, bağlanma və təslimiyyətin gerçəklik və dərinlik dərəcəsini, səmimiyyəti tədqiq etdiyi kimi sevgi, qorxu, şübhə, günah, günahkarlıq, peşmanlıq, vicdan əzabı, tövbə, savab, iradə, şüur, zikr, şükür kimi bir çox duyğu və yaşayışı da araşdırır. Din psixologiyası dini baxımdan yaşanan gerçəklərin elmi kimi tərif edilə bilər. Bu da onun dinin insani tərəfi ilə (subyektiv) məşğul olduğunu, ilahi tərəfini isə əlaqədar dini elmlərə buraxdığını göstərir. Bu elm sahəsi keçmişdə yaşanmış, günümüzdə yaşanmaqda olan dini həyatı anlama və izah etmə vəzifəsini üzərinə götürdüyündən ona bir növ dini inanc və yaşayışın psixologiyası da deyilə bilər. Müasir elm dünyasının din psixologiyasına böyük ümidləri vardır. Xüsusilə, dini elmlərin yeni üfüqlər kəsb etməsində din psixologiyasının öhdəsinə mühüm vəzifələr düşür. Böyük dini şəxsiyyətlərin ruhi ənginliyi və dərinliyi içərisində dini və əxlaqi yaşayışlarının psixoloji bir şərhlə araşdırılması, insanın dini həyatının müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Digər tərəfdən din psixologiyası gələcəkdə cəmiyyətin dini həyatının formalaşmasında istiqamətverici xüsusiyyət daşıyan din təhsili və təmsilçiləri üçün də misilsiz bir elm sahəsidir. Qurani-Kərimdə ruh, nəfs, insan təbiəti, normal – anormal insan tipləri, insanın psixoloji vərdişləri, yuxu, vəhy, fitrət, iman, şirk, nifaq, riya, tövbə, irtidad, ihtida, hidayət, zəlalət, itaət, üsyan, küfr, qiybət, həsəd, kin, intiqam, əfv, əxlaq, elm və digər qavrayışların din psixologiyası baxımından öyrənilməsi bəzi önəmli nəticələr əldə olunmasını təmin edir. Din psixologiyasının metodu iki qrupda səciyyələndirilir: 1. Açıqlama metodu. Bu da öz növbəsində dini əsaslara dayanan açıqlama metodu, fenomenoloji metod, ümumi açıqlama metodu olmaq üzrə üçə ayrılır. 2. Təcrübə metodu. Müşahidə, təcrübi açıqlama, qaranti vermə (bioqrafiyalar, anketlər, test, görüşmə, statistika, eksperiment), nizamlama (ruhi funksiyalarla bağlı nizamlama, irəliləyişlə bağlı nizamlama, tiplərə ayırma), şərh etmə (bioloji və praqmatik şərh, tibbi şərh, psixoanalizlə bağlı şərh) və digər metodlardan ibarətdir. İnsanın uca varlığa yönəldiyi və dini münasibətlərin meydana gəldiyi andan başlayaraq din psixologiyasının tarixi inkişafını üç mərhələdə nəzərdən keçirmək mümkündür: a) elmi anlayışın oyanmadığı mərhələ; b) çağdaş anlamda sistemli və müstəqil bir formada tədqiqat sahəsinə daxil olmayan mərhələ; c) dini inanc və həyatın elmi çərçivədə araşdırılmasına keçildiyi mərhələ. Bu son mərhələnin təqribən bir əsrə yaxın keçmişi vardır. Elmi sahədə baş verən ixtisaslaşma hərəkatı XIX əsrin sonlarında psixologiya sahəsində də özünü göstərmişdir. Din psixologiyası sahəsindəki çalışmalar 1882-ci ildə amerikalı alim Stanley Hollun əxlaqi və dini bir mövzuda çıxışı ilə başlamışdır. Bundan sonra Vilyam Ceyms, Ziqmund Freyd və Karl Gustav Yunq kimi məşhur psixoloqlar yetişmişdir.

Din psixologiyası ilk dəfə olaraq ABŞ-da meydana çıxmışdır. Əslində sistematik bir din psixologiyası üçün zəmin XVIII əsrdə hazırlanmış, psixoloji prinsiplərin dinə uyğunlaşmasını təmin edən çalışmalar yalnız bir əsr sonra ortaya çıxa bilmişdir. Bu günkü vəziyyəti ilə din psixologiyası əqli tərəqqi nəticəsində sosial və şəxsi faktorların təsiri, təbiət elmlərinin XIX əsrdəki sürətli inkişafı, psixologiyanın fəlsəfədən ayrılıb müstəqil elm sahəsi statusunu qazanması, amerikan universitet və elm dairələrində başqa dinləri də öyrənməyə, araşdırmağa imkan verən dini tolerantlığın bərqərar olması kimi amillərin təsiri ilə meydana gəlmişdir. G.Stanley Holl on iki-on üç yaş arasındakı uşaqların dini oyanışını anket yolu ilə müəyyənləşdirmişdi. O, “İsa Məsih psixologiyanın işığında” adlı kitabında metodik məsələlər üzərində dayanmışdı. Klark məktəbindən H.Leyba və E.D.Starbak Hollun ardıcılları oldular. E.D.Starbak 1899-cu ildə din psixologiyası sahəsində “Din psixologiyası” əsərini yazdı.

(Ardı var)

 





28.10.2013    çap et  çap et