525.Az

Türk Şurası baş katibinin müavini: “Özbəkistan prezidenti Azərbaycana gələcək”


 

Türk Şurası baş katibinin müavini: “Özbəkistan prezidenti Azərbaycana gələcək”<b style="color:red"></b>

“Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olmaq qərarı verib. Özbəkistan Prezidenti oktyabrın 15-də Türk Şurasının Bakıda keçiriləcək VII Zirvə Görüşündə iştirak edəcək”.

APA-nın xəbərinə görə, bunu Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov deyib.

O bildirib ki, ötən dövr ərzində Türk Şurası 14 fərqli sahədə fəaliyyət göstərib, nazirlər səviyyəsində 60 iclas keçirilib: “Bundan əlavə, 28 konfrans, forum, peşə təhsili proqramı və gənclik düşərgələri təşkil edilib”.

Q. Gözəlov bu yaxınlarda iqtisadiyyat nazirlərinin iştirakı ilə türkdilli dövlətlərin biznes forumunun keçiriləcəyini bildirib.

“Türkdilli dövlətlərin Ticarət və Sənaye Palatası yaradılıb. Özbəkistan, Türkmənistan və Macarıstanın da Palataya üzv olması gözlənilir. Eyni zamanda, birgə investisiya fondunun yaradılması istiqamətində işlər aparılır”, - deyə Baş katibin müavini vurğulayıb.

 





03.10.2019    çap et  çap et