525.Az

Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi


 

Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi<b style="color:red"></b>

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi.

1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var. 

Hələ 1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.

O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan "Əsrin müqaviləsi" adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.

Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: "Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir".

Prezident Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.

Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Bu ilin aprelində silahlı qüvvələrin təmas xəttində baş verənlər sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə düşməni üstələyən Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi.

Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli lider və xalq məhəbbətini qazanan Ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.

Millət vəkili Adil Əliyev deyib ki, Azərbaycan xalqının çox çətin bir dövründə Ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycan milləti, Azərbaycan dövləti üçün böyük uğurlara yol açdı: "İlk vaxtlardan etibarən Ümummilli liderin bünövrəsini qoyduğu və yürütdüyü uzaqgörən siyasətin nəticəsidir ki, bu gün ölkəmiz bütün sahələrdə inkişaf edib, tərəqqiyə nail olunub, Avropaya sürətlə inteqrasiya gedir: Ümumilli lider Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynayıb. Onun ideyaları, söylədiyi müdrik fikirləri bu gün də yaddaşlardadır. Əlbəttə, Heydər Əliyev gələcəkdə də unudulmayacaq, daim yaddaşlarda qalacaq".

Politoloq Arzu Nağıyevin dediyinə görə, Ümummilli lider Heydər Əliyev  hakimiyyətə gəlişi ilə Azərbaycanı sözün əsl mənasında xaosdan, böyük bəlalardan xilas etdi. Müstəqilliyin ilk illəri Azərbaycan üçün ən xaotik və qarşıdurmanın pik həddə olduğu bir dövr kimi yadda qalıb: "Həmin günlərin iştirakçısı kimi deyə bilərəm ki, Azərbaycan parçalanma vəziyyətində idi. Ölkəmizi bir neçə istiqamətdə, hətta federasiyalara bölmək istiqamətində istər xarici xüsusi xidmət orqanları, istərsə də daxildən olan olan bəzi qüvvələr addımlar atmağa çalışırdılar. Çox acınacaqlı bir dövr idi. Ordu formalaşmamışdı, müəyyən siyasi qüvvələrin patronajı altında hərəkət edən silahlı birləşmələr mövcud idi. Təsəvvür edin ki, artıq vəziyyət o həddə çatmışdı ki, təmas xəttindən qoşunları çıxararaq öz məqsədləri üçün istifadə etməyə çalışırdılar. Yeni müstəqillik qazanmış ölkəmiz belə çətin, çıxılmaz vəziyyətlə üz-üzə idi".

Politoloq vurğulayıb ki, Azərbaycan üçün tariximizdə mühüm çəkisi olan siyasətçilər var: "20-ci əsrin sonunda ən mühüm çəkisi olan siyasətçi məhz Heydər Əliyev olub. Onun Azərbaycan üçün etdikləri onilliklər, əsrlər irəliyə hesablanmışdı. Təsəvvür edin ki, heç kim inanmırdı ki, "Əsrin müqaviləsi" imzalana bilər, heç kim inanmırdı ki, Azərbaycan Ordusu bir gün dünyanın ən güclü orduları sırasında ola bilər. Heydər Əliyevin siyasəti danılmaz bir siyasətdir. Ulu öndər  20-ci əsrin sonunda ən mühüm addımlar atan, ən çəkili siyasətçilərdən biridir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin Birinci müavini Səyyad Salahlının sözlərinə əsasən, 1993-cü il oktyabr ayının 3-də keçirilən Prezident seçkilərinin nəticələrinə uyğun olaraq hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev çoxşaxəli fəaliyyəti ilə ölkəni sabitlik və inkişaf yoluna çıxardı: "1993-2003-cü illərdə Azərbaycan əvvəlki 70 ildə getmədiyi inkişaf yolunu keçib. İlk növbədə, Azərbaycan müstəqil, öz suverenliyini qoruyan müstəqil bir respublika kimi dünya tarixinə düşdü. Ölkə daxilindəki sabitlik və inkişafla yanaşı, Azərbaycanın beynəlxalq mövqeyi gücləndi, ölkəmiz səmərəli xarici əlaqələr və əməkdaşlıq münasibətləri formalaşdırdı. 20 sentyabr 1994-cü il tarixində imzalanan "Əsrin müqaviləsi" həm Azərbaycanın iqtisadi inkişafını təmin etdi, həm də ölkəmizin beynəlxalq mövqeyini gücləndirdi. Daha sonra yeni müqavilələr imzalandı, əməkdaşlıq münasibətləri uğurla davam etdirildi ki, bütün bunlar birmənalı şəkildə Azərbaycanın inkişafına xidmət etdi. Beləliklə, Azərbaycan müstəqil, suveren, eləcə də təhlükəsizlik və sabitliyin təmin olunduğu ölkə kimi beynəlxalq aləmdə söz sahibinə çevrildi. Azərbaycan beynəlxalq miqyasda zəngin enerji ehtiyatlarına malik olan, səmərəli xarici siyasət həyata keçirən qüdrətli bir ölkə kimi qəbul olundu. Nəticə etibarilə, ölkəmiz çoxsaylı tərəfdaşlar qazandı.

Beləliklə, müasir Azərbaycanın sürətli inkişafının əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Uu öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində əldə edilmiş nailiyyətlər Azərbaycanın müstəqil siyasət yürüdərək yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirdi".

Millət vəkili Azər Badamov deyir ki, Azərbaycanın inkişaf yolunu Heydər Əliyev müəyyənləşdirib: "Heydər Əliyevə qədər müstəqil Azərbaycanın siyasi-iqtisadi mənzərəsinə qısa ekskursiya etməyi vacib hesab edirəm. 1991-ci ildə Sovetlər İttifaqının dağılması bu ittifaqda birləşən respublikalara öz müstəqilliklərinə qovuşmaq imkanı verdi. Bu müstəqillik çoxlu respublikalar üçün bir ictimai-siyasi formasiyasının dəyişilməsi kimi tarixə düşdü. Amma Azərbaycan ağır və çətin yolla qarşılaşdı. 1993-cü ilə qədər hakimiyyətdə olanların dövlət idarəetməsindəki təcrübəsizliyi, idarəetmə sistemini qura bilməməsi, şəxsi maraqların dövlət maraqlarından önə çəkilməsi ölkəmizdə ikinci dəfə əldə olunan müstəqilliyi təhlükə altına almışdı. SSRİ-dən böyük maliyyə ehtiyatların miras qalmaması və olanlarının da 1993-cü ilə qədər talan olunması, istehsal müəssisələrinin fəaliyyətlərinin dayandırılması və kütləvi işsizliyin yaranması, iqtisadiyyatın iflic vəziyyətinə düşməsi, insanlar arasında kütləvi narazılıq dalğasının genişlənməsi, torpaqlarımızın sürətlə işğal olunması, ölkədə separatizm meyllərin güclənməsi, 1993-cü ilə qədər olan siyasi-iqtisadi mənzərə idi".

A.Badamov qeyd edib ki, Heydər Əliyev öz dövlətçilik təcrübəsini və siyasi iradəsini ortaya qoyaraq Azərbaycanın müstəqilliyinin əbədi olacağı bir yolun başlanğıcını qoydu: "Təbii ki, bu, Heydər Əliyev yolu idi. İlk növbədə orduda özbaşınalığa son qoyaraq vahid mərkəzdən idarə olunmağa başlanan nizami ordu yardılmağa başladı. Artıq orduda milli ruh formalaşdı və döyüşə gedən tankların üzərinə "Əliyev üçün" şüarları yazılmağa başlandı. 1994-cü ilin aprelində başlanan əks-hücum əməliyyatı qısa bir zamanda Füzulinin 25 yaşayış məntəqəsinin işğaldan azad edilməsinə şərait yaratdı. Düşməni müvəqqəti atəşkəsə məcbur etdik. Atəşkəsin əldə olunması dövlətimizin müstəqilliyimizin qorunub saxlanması üçün vacib idi. Heydər Əliyevin 3 oktyabrda prezident seçilməsi ölkədə dövlət idarəetmə sisteminin qurulmasına, ölkənin gələcək iqtisadi əsaları yaradacaq milli neft strategiyasının qəbul edilməsinə və "Əsrin Müqaviləsi"nin imzalamasına, Konstitusiyanın qəbul edilməsinə, ölkənin qeyri-neft sektorunun inkişafının təməli olan iqtisadi islahatların həyata keçirilməsinə, Azərbaycanın qapıları dünyaya açılmasına və dünyada hörmətlə qarşılanan bir ölkəyə çevrilməsinə şərait yaratdı". 

Sevinc QARAYEVA

 





04.10.2019    çap et  çap et