525.Az

UNEC Kitabxana İnformasiya Mərkəzi Beynəlxalq Kitab Sərgi-Yarmarkasında


 

UNEC Kitabxana İnformasiya Mərkəzi Beynəlxalq Kitab Sərgi-Yarmarkasında<b style="color:red"></b>

XXI əsrdə günbəgün artmaqda olan informasiya axını içərisində zəruri mənbələrin axtarışı, seçilməsi, qiymətləndirilməsi vərdişlərinə yiyələnmədən həyat və fəaliyyətin istənilən sahəsində uğur əldə etmək qeyri-mümkündür.

Bu vərdişlərin reallaşması üçün şəxsin mütaliə mədəniyyətinin yüksək səviyyədə olması mühüm şərtdir. Mütaliəyə sövqetmə - intellektual inkişafın zəruri göstəricisi hesab edilir ki, bu da gələcəkdə mədəni ünsiyyətə, doğru peşə seçiminə, faydalı işlə məşğul olmağa gətirib çıxarır.

Hazırda böyüməkdə olan gənc nəsildə mütaliə mədəniyyəti, oxu vərdişlərinin formalaşması istiqamətində bır sıra təhsil müəssisələri, kitabxanalar, informasiya mərkəzləri silsilə layihələr, kitaboxuma aksiyaları təşkil edir, kitab bayramları, festivallar, sərgi-yarmarkalar keçirir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il 27-29 sentyabr tarixində ölkəmizdə böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası növbəti dəfə kitabsevərlərə möhtəşəm bayram günləri yaşatdı. Müxtəlif yerli və xarici nəşriyyat evləri, kitab yayım firma və təşkilatları, poliqrafik müəssisələr, bir neçə ali təhsil müəssisələrinin kitabxanalarının iştirak etdiyi Sərgi-Yarmarkada bu il ilk dəfə olaraq Azərbaycan elminin, təhsilinin inkişafında misilsiz xidmətləri olan, respublikamızın iqtisadi gücünün, müvafiq sahədə kadr potensialının artmasında özünəməxsus yer tutan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzi (KİM) də təmsil olunub.

Mədəniyyət naziri, digər dövlət rəsmiləri, ziyalılar sərgi zamanı UNEC KİM-in stendini ziyarət edərək, kitabxana fondunda yer almış milli və beynəlxalq nəşrlər, ən yeni kitablar, jurnallar və digər resurslarla yaxından tanış olublar. UNEC KİM-in əməkdaşları Y.Musayev, F.Nəbiyeva, R.Şükürov ziyarətçilərə mərkəzin yeni strukturu, fəaliyyət istiqamətləri, gələcək hədəfləri barədə ətraflı məlumat veriblər.

Nümayiş etdirilən Universitetin görkəmli alim və professorlarının nəşrlərindən S.Yaqubov "Statistika", H.Bayramov "Kompyuter şəbəkələrinin əsasları", Ş.Quliyeva "Menecmentin əsasları", Ə.Ələkbərov "Pul və banklar", Z.Məmmədov "Bank fəaliyyətinin əsasları", Ə.Əhmədov "İstehlak malları istehsalının ümumi texnologiyası", M.Fərzəliyev "Texnoloji maşın və avadanlıqların dinamikası", S.Səbzəliyev "Maliyyə hesabatı", Q.Abbasov "Mühasibat uçotu", R.Şahbazov "Biznesin etikası", C.Abbasov "Ekonometrika", beynəlxalq nəşrlərdən isə BP-nin maliyyə dəstəyi ilə dilimizə tərcümə edilərək çap edilmiş K.E.Keys "Mikroiqtisadiyyatın əsasları", O.Blanşard "Makroiqtisadiyyat", P.K.Kruqman "Beynəlxalq iqtisadiyyat" və s. kitablar xüsusi maraqla qarşılanıb. Sərgidə Azərbaycan dilində nəşrlərlə yanaşı, ingilis, rus, türk dillərində "Options, futures and other derivatives", "Economics of the public sector", "Mejdunarodnıe valyutno - kreditnıe otnoşeniya", H.Kerzner "Proje yönetimi 2.0" adlı kitablar ziyarətçilərin müraciət etdikləri, maraqlandıqları nəşrlərdən olub. Sərgi iştirakçıları, xüsusən də sahə üzrə mütəxəssislərin ən çox soruşduğu kitablar sırasında UNEC-in rektoru, professor Ə.Muradov, professor  Y.Həsənli və professor N.Hacıyevin "Springer" nəşriyyatında 2019-cu ildə çapdan çıxmış "World Market Price of Oil: Impactıng Factors and Forecastıng" (Neftin dünya bazar qiyməti: təsir edən amillər və proqnozlaşdırma) kitabı yer alırdı.

Ziyarətçilərin sərgilənən nəşrlər, onları necə əldə etmək yolları, universitetin yeni dərslik və dərs vəsaitləri, evə kitab verilişi, elektron nəşrlərdən istifadə qaydaları, UNEC KİM-in strukturuna daxil olan 24/7 Kitabxananın və digər oxu zallarının iş rejimi barədə suallar UNEC-in nümayəndə heyəti tərəfindən cavablandırılıb.

Qürurverici haldır ki, UNEC-in stendi ilə təkcə sahə üzrə mütəxəssislər, müəllim və professor heyəti, tələbələr deyil, məktəb yaşlı uşaqlar da böyük həvəslə tanış olmaq istəyirdilər. Belə demək mümkünsə, bu sərgi yarmarkaların təşkili həm də gələcəyin müxtəlif sahələri üzrə mütəxəssislərin yetişməsi, formalaşması istiqamətində çox mühüm bir addımdır.

3 gün davam edən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasında "Kitabxanalar mobil informasiya mərkəzi kimi" beynəlxalq elmi-praktik konfransı da təşkil edilib. Türkiyə, ABŞ, Rusiya, Belarus, Litva, Latviya, Ukrayna, Qazaxıstan, Tacikistan, Bosniya və Hersoqovina, Özbəkistan, Moldova, Ukrayna və Başqırdıstandan gələn Milli Kitabxana rəhbərlərinin, müvafiq ölkələrin səfirlərinin və yüksək səviyyəli qonaqların qatıldığı bu konfransda UNEC KİM-in əməkdaşları A.Məmmədova, H.Musayeva da iştirak ediblər. Konfransın ikinci günündə A.Məmmədova "Azərbaycan universitet kitabxanaları sistemində "UNEC modeli": Nailiyyətlər və hədəflər" mövzusunda məruzə edib, yerli və xarici qonaqların çıxışla bağlı suallarını cavablandırıb, təqdimat böyük maraqla qarşılanıb.

Yarmarkanın son günündə UNEC KİM ailəsi Təşkilat komitəsi tərəfindən Diplomla təltif edilib.

UNEC Kitabxana İnformasiya Mərkəzi olaraq bu sərgi yarmarkada iştirakımız universitetimizin və kitabxanamızın dəyərli elmi, tədris, ictimai-siyasi və digər nəşrlərini sərgiləməklə ölkənin elmi-mədəni həyatında, gənclərin mütaliə mədəniyyətinin inkişafında fəal iştirakını bir daha nümayiş etdirmiş oldu. Eyni zamanda ümidvarıq ki, bu sərgi-yarmarka Mərkəzin gələcək fəaliyyətində yerli və beynəlxalq nəşriyyatlar, kitab evləri, müəlliflərlə əlaqələri genişləndirmək istiqamətində yeni perspektivlər açacaq.

Adilə ABDULLAYEVA
UNEC KİM-in direktoru

 





04.10.2019    çap et  çap et