525.Az

Əflatun Amaşovdan 3 yeni qanun layihəsi təklifi


 

"HƏM MƏTBUAT ŞURASI, HƏM AŞIQ SƏNƏTİ, HƏM DƏ SOYDAŞLARLA BAĞLI AYRICA QANUNA EHTİYAC VAR"

Əflatun Amaşovdan 3 yeni qanun layihəsi təklifi<b style="color:red"></b>

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov 3 yeni qanun layihəsinin hazırlanması və parlament müzakirələrinə çıxarılaraq, qəbul olunması təklifi ilə çıxış edib. O hesab edir ki, Azərbaycanda həm Mətbuat Şurası, həm aşıq sənəti, həm də soyadaşlarla bağlı ayrıca qanuna ehtiyac var. 

Milət vəkili "525"ə açıqlamasında bildirib ki, "Mətbuat Şurası haqqında" qanun layihəsinin qəbulu olduqca vacibdir: "Biz internet medianın cəmiyyət həyatına, təsirindən söz açırıq. Bunu aktual məsələ kimi qabardırıq. Həqiqətən də internet üzərindən yayımlanan kütləvi informasiya vasitələrinin cəmiyyət həyatına təsiri artıb. Təsəvvür edin ki, hazırda Mətbuat Şurasına daxil olan şikayətlərin təxminən 80-85 faizi internet media orqanlarının fəaliyyətindəndir. Şura ictimai qınaq müstəvisində öz işini görür. Amma ictimai qınaq yetərlidirmi? Təcrübə göstərir ki, yalnız bu qınaq növü ilə kifayətlənmək olmaz. Deməli, yeni mexanizm seçilməlidir. Ancaq biz köhnə dövrə də qayıda bilmərik. Yəni media üzərində dövlət nəzarəti qurula bilməz. Mövcud durumda ən optimal çıxış yolu "Mətbuat Şurası haqqında" qanunun olmasıdır". Millət vəkilinin sözlərinə görə,  qanun imkan verəcək ki, medianın özünütənzimləmə funksiyası saxlanılmaqla müəyyən cəza mexanizmləri tətbiq olunsun: "Bu, daha çox məsuliyyətin artırılması tədbiridir. Qanun həm də ona görə lazımdır ki, bütövlükdə media sahəsinə vahid baxış tətbiq edilsin".

"Soydaş haqqında" qanun layihəsinin də qəbulunun vacib olduğunu deyən Ə.Amaşov bildirib ki,  Azərbaycandan kənarda yaşayan soydaşlarımızın ölkəmizə mədəni-mənəvi, elmi-siyasi cəhətdən yaxınlığı mütləqdir.  Millət vəkilinin dediyinə görə, bunun üçün sosial-hüqiqi mexanizmin işlənməsi müstəsna əhəmiyyət daşıyır: "Belə bir mexanizm üçün hüquqi baza rolunu "Soydaş haqqında" qanun oynaya bilər. Azərbaycanın miqrasiya qanunvericiliyi ölkəmizin daxilində miqrant və əcnəbilərin hərəkət və fəaliyyətini tənzimləyir. Lakin bu qanunvericilik soydaşlarımızı, o cümlədən, Gürcüstan vətəndaşı olan soydaşlarımızı əcnəbi statusunda təsdiqləyir. Onların Azərbaycanla bağlılıqlarını möhkəmləndirmək üçün digər əcnəbilərdən fərqli statusda qəbul edilmələri vacibdir ki, bu da "Soydaş haqqında" qanunla mümkündür".

"Aşıq sənətinin inkişafı haqqında" qanun layihəsinə gəlincə, millət vəkili öncə xatırladıb ki,  klassik Azərbaycan musiqisinin iki qolu var: Muğam və aşıq sənəti. "Muğamla bağlı qanun artıq var və bu qanun sahəyə fundamental baxışı ifadə edir. Hazırda Azərbaycan muğamı dünyada geniş şəkildə təbliğ edilir. Bu, imkan verir ki, beynəlxalq ictimaiyyətə mili-mənəvi zənginliyimizi daha səlis şəkildə çatdıraq. Yaxşı olardı ki, aşıq sənəti ilə bağlı da qanun olsun. Belə bir qanun bu sənəti inkişaf etdirmək üçün ortaya sistemli baxış qoyacaq. Həm sənətə elmi yanaşmanı təmin edəcək, həm də qanundan irəli gələn vəzifələrin həlli aşıq sənətini dünyaya çatdıracaq. Bu isə son dərəcə vacibdir...", - deyə Ə.Amaşov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





04.10.2019    çap et  çap et